Oktay Qasımov: “Güney Qafqazda Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etməyən dövlətlər sülh prosesinə mane olur”

 Polise.az xəbər saytının suallarını tanınmış siyasi şərhçi Oktay Qasımov cavablandırır.

Oktay bəy! Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olan səbəblər ətrafında politoloqlar müxtəlif fikirlər səsləndirirlər. Daha çox Fransa amili qabardılır.

Sizcə iki ölkənin dinc və qarşılıqlı-qonşuluq şəraitində yaşamasına mane olacaq daha ağlabatan və obyektiv “səbəblər” hansılardır?

-Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanmasına mane olacaq xeyli səbəblər var.

Bunlardan birincisi, Ermənistanın mümkün qədər vaxtı uzadıb hansısa geopolitik dəyişiliklər nəticəsində özünə uyğun şəraitdə müqavilənin imzalanmasına, yaxud revanş götürməsinə cəhdi və arzusudur.

2-ci səbəb isə 44 günlük savaşdan sonra Güney Qafqazda Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etməyən dövlətlərin bu prosesə mane olmasıdır. Bu dövlətlər arasında  Fransa və İranla bərabər, 10 noyabr anlaşmasına imza atmış Rusiyanı da görməkdəyik. Bəzi məqamlarda Hindistanı da (bizim Pakistanla münasibətimizə qısqanclıqla yanaşdığına görə) bu sıraya qatmaq olar.

Hər bir ölkənin Güney Qafqazdakı  proseslərlə  bağlı öz maraqları var. İlk olaraq qeyd edə bilərik ki, İran bölgədə Azərbaycanın nüfuzunun  artmasından, onun güclənməsindən, Güney Qafqazın regionda aparıcı ölkəsinə çevrilməsindən, torpaqlarını öz gücü ilə  azad etməsindən ciddi şəkildə narahatlıq keçirir. İnkişaf etmiş (güya qardaş sandığı) Azərbaycanı özü üçün təhdid hesab edir.

İran hesab edir ki,  iqtisadi cəhətdən inkişaf edən Azərbaycan İranın gələcəyi və təhlükəsizliyi üçün təhlükəli bir rəqibdir.

Fransa  Ermənistanla 100 ildən artıq müddət ərzində  mövcud olan  münasibətlərin davamını istəyir və onu müdafiə edir. Bununla Ermənistan vasitəsilə Güney Qafqazda öz nüfuzunu gücləndirmək, bölgədə əsas geopolitik oyunçulardan birinə çevrilmək istəyir. Ənənəvi türk düşmənçiliyini davam etdirərək  Azərbaycanın torpaqlarını öz gücünə azad etməsilə barışa bilmir. Bölgədə gərginliyin saxlanılmasında və onlara sərf edən məqamda Ermənistanın revanş götürməsinə yardım etməyə çalışır.

O ki, qaldı Rusiyaya  bu ölkə  Qarabağ probleminin, o cümlədən  Azərbaycan Ermənistan arasında münaqişənin əsas yaradıcısı hesab olunur. Rusiyanın marağı ondan ibarətdir ki, 200 ildən artıq müddətdə bölgədə dominant təsir imkanlarını davam etdirsin və qorusun. Ona görə Rusiya üçün nə sülh, nə də müharibə variantı maraqlı deyil. Rusiya münaqişənin həllindən çox, onun qalmasında maraqlıdır. Çünki  münaqişə davam etdiyi halda  Rusiyanın bölgədə arbitr roluna ehtiyac duyulacaq.

Oktay bəy! Ermənistan tərəfi bəyan edir ki, Azərbaycana sülh sazişi ilə bağlı müvafiq təkliflər göndərib, amma hələ ki, Azərbaycan onların təklifinə heç bir münasibət bildirməyib. O təkliflər hansılardır?  Ermənistan həm də qeyd edir ki, sülh sazişindən çox danışılır, amma hələ də sazişin mətni hazırlanmayıb. Nəyə imza atılmalıdır,-deyə iradlarını bildirirlər. (Ermənistanın XİN başçısı)

-Bildiyiniz kimi hələ bir il öncə Azərbaycan Ermənistana sülh sazişinin bağlamaq üçün 5 təklifdən ibarət baza prinsiplərini təqdim edib və bu 5 baza prinsipləri aşağıdakılardır:

  1. Bir-birinin ərazi bütövlüyünü tanımaq;
    1. Gələcəkdə heç bir ərazi iddiası qaldırmamaq;
    1. Gücdən istifadə etməmək(silah tətbiq etməmək,hədələməmək);
    1. Sərhədlərin delimitasiyası demorraksiyası;
    1. Komnukasiyaların açılması,

Azərbaycanın bu təklifləri hələ aprel ayında Ermənistan tərəfindən qəbul edildiyi bəyan olundu. Həm bu barədə Ermənistan XİN , həm də Ermənistan Baş Naziri tərəfindən açıqlamalar verildi. Azərbaycanın təklifləri prinsip olaraq Avropa İttifaqı  və ABŞ tərəfindən də qəbul olundu. Aİ-nın vasitəçılyi ilə keçirilən görüşlərdə məhz bu baza prinsipləri əsas alınaraq danışıqlar aparıldı. Sonrakı dövrdə Ermənistan danışıqları uzadıb  vaxt qazanmaq məqsədi ilə Azərbaycanın təqdim etdiyi təkliflərə guya  hansısa əlavələrin edildiyi bildirilir. Mətbuata verilən açıqlamalara görə bunlar  Qarabağın statusu, orada yaşayan ermənilərin təhkükəsizliyi və hüquqları məsələləridir ki, bu da Azərbaycan tərəfindən qəbul edilə bilməz. Azərbaycan dəfələrlə, ən yüksək səviyyədə bu məsələyə münasibət bildirərək qeyd etmişdi ki, Dağlıq Qarabağ problemi artıq həll edilib, orada yaşayan ermənilər Azərbaycam vətəndaşlarıdır və onlar Azərbaycan qanunlarını qəbul edərək burada yaşamaq variantını seçsələr, onların bütün  hüquqları və təhlükəsizliyi Azərbaycan dövləti tərəfindən təmin olunacaq. O baxımdan Ermənistan bu tipli açıqlamalar və terminlərlə manipulyasiya edib vaxt qazanmaq istəyir.

Oktay bəy! BMT və Avropa niyə bölgədə sülh üçün təhlükəyə çevriləcək ocağı söndürmək istəmirlər?  Burada Rusiya amili rol oynaya bilərmi, yoxsa başqa səbəblər də var?

-BMT 1993-cü ildə Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi ilə bağlı  4 qətnamə qəbul edib. 30 ilə yaxın müddətdə bu qətnamələrin yerinə yetirilməsi üçün bir  mexanizm qurub təsirli addımlar atılmadı. Ona görə Azərbaycan  öz gücü hesabına həmin qətnamələrin icrasına nail oldu. Avropa İttifaqı 2021-ci ilin dekabrında Azərbaycanla Ermənistan arasında görüşə təşəbbüs etdi və Brüsseldə ilk dəfə olaraq Aİ-nın vasitəçiliyi ilə    Azərbaycanla Ermənistan rəhbərlərinin görüşü keçirildi.

Bundan sonra 2022- ci ildə bu formatda daha  dörd görüş keçirildi və danışıqlar nəticəsində sülh istiqamətində müəyyən məsafə qət edildi. Hətta 31 avqust 2022-ci il Brüssel görüşündən sonra verilən açıqlamalardan  ümüd yarandı ki, əgər proseslər qeyd olunan tempdə gedərsə, o zaman 2022-ci ilin sonuna qədər  sülh müqaviləsi imzalana bilər.Çünki   həmin görüşdən sonra bəyan edildi ki, hər iki ölkənin XİN-lərinə sülh müqaviləsinin mətni üzərində işə başlanması tapşırığı verilib. Amma sentyabrdan başlayaraq Ermənistan sərhədləri və Rusya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə təxribatlar və gərginlik ciddi şəkildə artmağa başladı. Eyni zamanda Rusyanın emissarı Vardanyanın Xankəndinə gəlişindən sonra burada da vəziyyət sülh üçün təhlükəyə səbəb olacaq gərginlik yaşandı.

Ermənistanın Avropa İttifaqının vasitəçiliyi ilə  7 dekabrda Brüsseldə keçirilməsi nəzərdə  tutulan görüşə Fransa prezidentinin  qatılması şərti nəticəsində görüşü pozuldu. Faktiki olaraq belə yanaşma sülh danışıqlarında durğunluğa səbəb oldu. Azərbaycanın Fransa vasitəçiliyinə etirazına isə  Makronun son illərdəki düşmən mövqeyi və Praqa görüşündən sonra verdiyi təxribat xarakterli bəyanatları, o cümlədən, bu ölkənin  Milli Assambleyasının  və Senatının  Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələr təsir etdi.

 Digər tərəfdən Rusiyanın da proseslərə təsiri nəzərə alınmalıdır. Belə ki, Rusiya Aİ-nın və ABŞ-ın  Güney Qafqazda fəallığının artmasından, Azərbaycanla Ermənistan arasında danışıqlarda vasiəçilik etməsindən narazılığını açıq şəkildə büruzə verir, prosesi əngəlləməyə çalışır. Və   bunu Ermənistanın əli ilə edir. 2022-ci ilin Oktyabr ayından Ermənistan Aİ və Rusiya arasında manevr edərək məqsədli şəkildə  sülh prosesini əngəlləməyə başlayır. Bununla bərabər Fransanın vədlərinə uyan Ermənistan Rusya ilə münasibətləri pozmağa- gərginləşdirməyə maraqlıdır. Hal hazırda iki ölkə arasında gərginlik açıq müstəviyə keçib. Praqa görüşündən sonra Aİ-nın da sülh  prosesində fəallığı artıq zəifləyib.

Praqada   Azərbaycan Aİ-nın Müşahidə missiyasının iki ay müddətinə Ermənistanda  yerləşməsinə razılıq verdi. Bu xoş mərama baxmayaraq Aİ Azərbaycanla məsləhətləşmədən həmin missiyanın vaxtı bitəndən sonra müddətini və say tərkibini  artırmaq qərarı verdi. Belə davranış Aİ-nın vasitəçiliyinə isə  xələl gətirir. Bu  sülh prosesinə daha çox zərər vuracaq- düşünürəm. Bütün bunlar , Rusya və Ermənistan arasındakı gərginliyi də nəzərə alsaq sülh  prosesində yaxın bir necə ayda  irəliləyişin olmayacağını söyləmək olar. Aİ son zamanlar qeyri-ciddi addımlar atır.

Və sonda, iki ölkə arasında sülh sazişinin nə vaxt imzalanması istiqamətində hipotetik qənaətinizi eşitmək oxucular üçün də maraqlı olardı.

-Ölkələr arasında sülh müqaviləsinin imzalanması 2022-ci ilin sonuna qədər baş tutması gözlənilirdi. Lakin Ermənistanın təxribatçı mövqeyi və fəaliyyəti nəticəsində bu proses  ləngidi. Hazırda sülh danışıqları  prosesində durğunluq var.  Ehtimal etmək olar ki, 2023-cü ildə bu istiqamətdə ciddi addımlar atıla bilər. Və proseslərin inkişafı Ukrayna-Rusiya savaşının  nəticəsindən də  çox asılı olacaq. Buna uyğun olaraq prosesdə müəyyən irəliləyişlər və intensivləşmə baş verə bilər. Ona görə, hazırda Azərbaycanla  Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına hamını qane edəcək konkret tarix söyləmək çətindir. Hər halda ümid edək ki, 2023-cü ildə bu arzu yekunlaşsın.

Müsahibəni Polise.az xəbər saytı hazırladı.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button