Yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı terror hücumu Bolqarıstan Respublikasının Prezidenti və Xarici İşlər Nazirliyi tərəfindən qətiyyətlə pislənib.
Bu barədə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyindən AZƏRTAC-a məlumat verilib.
Məsələyə münasibət bildirən Bolqarıstan Respublikasının Prezidenti deyib: “Bolqarıstan Azərbaycanın Tehrandakı səfirliyinə ölümcül hücumu qınayır. Belə hücumlar qəbuledilməzdir və ciddi həyəcan doğurur. Biz Prezident İlham Əliyevin hadisənin müfəssəl araşdırılması barədə çağırışını dəstəkləyir və həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı veririk”.
Bolqarıstan Xarici İşlər Nazirliyi isə sosial şəbəkələrdəki paylaşımında səfirliyə qarşı hücumun tamamilə qəbuledilməz olduğunu bildirərək hadisəni kəskin şəkildə qınayıb. Azərbaycan tərəfinə başsağlığını ifadə edib və yaralılara tezliklə şəfa tapmasını diləyərək İranın müvafiq konvensiyalara uyğun olaraq öz üzərinə götürdüyü öhdəliklərə əməl etməli olduğunu xatırladıb.
Bununla yanaşı, baş vermiş terror hücumu, onun təfərrüatları, habelə Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi ilə bağlı məlumatlar Bolqarıstan Kütləvi İnformasiya Vasitələri tərəfindən geniş işıqlandırılıb.