ANAMA və YAP Binəqədi rayon təşkilatı “Heydər Əliyev-100 il” adlı tədbir keçirib
Bu ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev-100 il” adlı tədbir keçirilib.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, tədbir dayanıqlı inkişaf və intibahın banisi, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, uzaqgörən strategiyası sayəsində yaradılan Minatəmizləmə Agentliyinin fəaliyyət istiqamətlərinə həsr olunub.
Tədbirdə ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, YAP-ın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov və Kəmaləddin Qafarov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, eləcə də dövlət qurumlarının rəsmi nümayəndələri iştirak ediblər.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, müstəqil Azərbaycanın ictimai-siyasi həyatına bəxş etdiyi dayanaqlı inkişaf yolu, eləcə də 44 günlük müharibədə qazanılmış şanlı Zəfərdən sonra aparılan genişmiqyaslı minatəmizləmə fəaliyyəti və bərpa-quruculuq işləri haqda məlumat verilib.
Rəsmi çıxışlardan sonra “Təhlükəsiz gələcəyin təməli – Ümummilli Lider Heydər Əliyev strategiyası” mövzusunda panel müzakirələr aparılıb.
İşğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışının təmin edilməsi istiqamətində birgə fəaliyyət planlarının yerinə yetirilməsi haqda danışılıb.