AŞPA-nın komitə iclasında Azərbaycanın mədəni irsinə vurulmuş ziyandan danışılıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasından əvvəl Parisdə qurumun mədəniyyət, elm, təhsil və media komitəsinin iclası keçirilib.

Polisə.az xəbər verir ki, “Müharibə və sülh şəraitində mədəni kimliyin silinməsinə qarşı mübarizə” adlı məruzənin müzakirəsində UNESCO təmsilçisi də iştirak edib. AŞPA-nın ukraynalı məruzəçi Yevheniya Kravçuk hazırladığı məruzədə əsas diqqəti öz ölkəsinə yönəltsə də, müzakirələrdə oxşar problemin digər üzv ölkələrdə törətdiyi fəsadlardan geniş danışılıb. Müzakirələrdə iştirak edən komitənin üzvü Rafael Hüseynov çıxışında bildirib ki, hər xalq öz mədəni irsini yaratsa da, ümumilikdə mədəni irs bəşəri xarakter daşıyır və hamıya məxsusdur. Ona görə də mədəni irsi qorumaq hər kəsin borcudur.

Azərbaycanın son 30 ildə məruz qaldığı işğal zamanı mədəni irsinə də ciddi zərbələr dəydiyini bildirən Rafael Hüseynov konkret faktlara müraciət edərək, avropalı deputatlara mədəni irsimizə dəyən ziyandan söz açıb, erməni işğalçılarının mədəni irs abidələrimizi dağıtmalarından danışıb.

“Azərbaycanda 2020-ci ilin noyabrında 28 illik işğaldan sonra azad edilmiş Ağdam rayonunun Boyəhmədli kəndində iri əlləri göyə açılmış daşdan insan heykəli var idi. O daş heykəlin 2200 il yaşı vardı və alimlər həmin bölgədəki bu və digər qədimi daş heykəllər barədə tədqiqat aparmışdılar. Onların fotoları hələ 1980-ci illərdə buraxılan albomlarda nəşr edilmişdi. Kim deyə bilər ki, 2200 yaşı olan bu abidə yalnız Azərbaycanın sərvəti idi? Yaşı minillərlə ölçülən mədəni irs nümunəsi dünyanın hansı guşəsində yerləşməsindən asılı olmayaraq hamınınkılaşır. Hamımızın olan həmin abidə artıq yoxdur. Müharibənin qurbanına çevrilib”, – deyə R. Hüseynov dağıdılmış mədəni irsimiz haqqında danışıb.

Ərazilərimizin 20 faizinin erməni işğalı altında olduğu 30 ilə yaxın müddətdə mədəni irsimizə dəymiş ziyanın nəhəng miqyasını rəqəmlərlə diqqətə çatdıran azərbaycanlı deputat bu dövrdə Azərbaycanın ölkə və dünya əhəmiyyətli 100 mindən çox mədəniyyət nümunəsinin yararsız hala salındığını və qəsb edildiyini, 500-dək tarixi və 100-dən çox arxeoloji abidənin, 22 muzeyin dağıdıldığını vurğulayıb. Azərbaycan mədəni irsinə Ermənistan tərəfindən vurulan ziyanlar barədə hələ 2001-ci il iyunun 27-də Parlament Assambleyasında “Azərbaycan mədəni irsinin dağıdılması və qəsb edilməsi” adlı 9147 saylı ayrıca tövsiyə üçün təklif hazırladığını diqqətə çatdıran R. Hüseynov son dövrlərdə erməni tərəfinin guya onların mədəni irsinə zərər vurulması ilə bağlı bəyanatların əsassız, zərər vuranı saxtakarcasına zərərçəkmiş kimi göstərmək cəhdi olduğunu diqqətə çatdırıb.

Rafael Hüseynov Azərbaycanın mədəni irslə bağlı məsələlərə həmişə həssaslıqla yanaşdığını bildirib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button