Mingəçevirdə şəhid anasının mobil telefonunu və pulqabısını oğurlayan şəxs tutulub
Mingəçevir şəhərində yerləşən Şəhidlər Xiyabanından iki şəhid övladının
məzarlarını ziyarət gələn ananın mobil telefonunun və pulqabısının naməlum şəxs
tərəfindən oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Polise.az-a
verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz
əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu törədən şəxsin əvvəllər də
bir neçə dəfə məhkum olunmuş şəhər sakini Vüsal Mahmudov olduğu müəyyən
edilib. O, şübhəli şəxs qismində saxlanılıb və üzərində şəxsi axtarış keçirilən
zaman külli miqdarda narkotik vasitə-heroin aşkarlanaraq götürülüb. Araşdırma
zamanı V.Mahmudovun oğurluğu törətdikdən sonra mobil telefonu şəhər
ərazisində yerləşən yarımtikilidə gizlətdiyi, pulqabını isə küçəyə atdığı məlum
olub. Davam etdirilən tədbirlərlə həmin əşyalar da maddi sübut kimi götürülüb.
Faktla bağlı şəhər polis şöbəsində cinayət işi başlanılıb, V.Mahmudovun
ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.