Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident!
Sizi Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, işlərinizdə uğurlar, möhkəm cansağlığı arzulayıram.
Bu il müstəqil Azərbaycan Respublikasının tarixində xüsusi il – “Heydər Əliyev İli”dir. Ümummilli Lider 1993-cü ildə müstəqilliyimizin böyük təhlükə ilə üzləşdiyi zamanda hakimiyyətə qayıtdı və müstəqilliyimizi qoruyub saxladı. Azərbaycanda sabitlik yarandı, enerji sahəsində dünyanın aparıcı şirkətləri ilə böyük layihələr həyata keçirildi, ölkəmiz bölgədə aparıcı dövlətə çevrildi. Böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıtması ölkəyə sülh və inkişaf gətirdi.
Siz Heydər Əliyev dəyərlərinə yeni nəfəs gətirdiniz, 30 ilǝ yaxın işğal altında qalmış torpaqlarımız Sizin siyasətinizin nəticəsində azad edildi.
Möhtərəm cənab Prezident, artıq bir neçə ildir ki, Azərbaycan xalqı Müstəqillik Gününü qalib xalq kimi qeyd edir. Sizin rəhbərliyinizlə ölkəmizin ərazi bütövlüyü bərpa olundu və doğma yurdlarını tərk etmiş vətəndaşlarımız bu gün çiçəklənən Qarabağa, Şərqi Zəngəzura – ana yurdlarına qayıdırlar. Bu proseslər Sizin uzun illərə hesablanmış və düşünülmüş siyasətiniz nəticəsində mümkün oldu.
Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsi xalqımızın Qələbəsi ilə başa çatdı və bu gün ölkəmizdə böyük bərpa işləri həyata keçirilir, Qarabağa onun əvəzsiz gözəlliyi və mənəvi həyatı qaytarılır.
Sizə işlərinizdə böyük uğurlar, möhkəm cansağlığı arzulayıram.
Polise.az