Azərbaycanla Gürcüstan arasında gender bərabərliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Gürcüstan Parlamentinin üzvü, Gender Bərabərliyi üzrə Daimi Parlament Şurasının sədri Nino Tsilosanini ilə görüşüb.
Dövlət Komitəsindən Polise.az-a bildirilib ki, Sədaqət Qəhrəmanova Azərbaycan dövlətinin qadın hüquqlarının təmin olunmasına xüsusi önəm verdiyini, onların sosial və ictimai həyatın bütün sahələrində bərabər iştirakını təmin etməyə yönəlmiş siyasət apardığını söyləyib. O, həmçinin bildirib ki, ölkədə qadın hüquqlarının təmin olunması üzrə qanunvericiliyin təkmilləşdirilməsi, institusional mexanizmlərin gücləndirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir. “Gender bərabərliyinin təminatları haqqında” Qanuna əsasən Dövlət Komitəsi gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirir və bununla bağlı Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edir.
Dövlət Komitəsinin fəaliyyət istiqamətlərindən bəhs edən sədr müavini qadınların iqtisadi səlahiyyətləndirilməsi, onların imkanlarının genişləndirilməsinə yönəlmiş layihələrdən bəhs edərək qeyd edib ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ölkənin 17 rayonunda Qadın Resurs Mərkəzləri yaradılıb. O, həmçinin Komitənin regionlarda fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi haqqında danışıb. Bu Mərkəzlərdə həssas təbəqədən olan ailələrə dəstək göstərildiyini diqqətə çatdırıb.
S.Qəhrəmanova bələdiyyələrdə gender komissiyalarının yaradılmasının ailələrdə gender münasibətlərinin tənzimlənməsinə təsirindən söz açıb. Yerli icra hakimiyyətlərində yaradılan gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının işi haqqında danışan sədr müavini diqqətə çatdırıb ki, Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq monitorinq qrupları ilə görüşlər keçirilir, onlar üçün təlimlər təşkil olunur.
Nino Tsilosanini çıxış edərək əməkdaşlığın bəzi platformalarının və qarşıdakı planların müzakirə edilməsi baxımından görüşü yüksək qiymətləndirib. Gürcüstanın regionda gender bərabərliyi məsələsinin tətbiqində olduqca uğurlu bir ölkə olduğunu diqqətə çatdıran N.Tsilosanini parlamentdə fəaliyyət göstərən Gender Bərabərliyi Şurasının fəaliyyətindən danışıb. Qeyd edilib ki, bu ali qurum dövlət qurumlarında genderə dair qanunların icrası ilə bağlı nəzarət edir. O, qadınların iqtisadi sahədə gücləndirilməsi, qadınlara qarşı zorakılıqla mübarizə, onlar üçün texniki imkanların yaradılması sahəsində layihələr barədə məlumat verib, uğurlu nəticələri haqqında danışıb. Həmçinin Gürcüstanda yaşayan azərbaycanlıların iqtisadi fəallıqlarının artırılmasına yönəlmiş layihələrdə mümkün əməkdaşlıq təkliflərindən söz açıb.
BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinin əhəmiyyətindən danışan qonaq Gürcüstanın bu sahədə geniş təcrübəsinin olduğunu qeyd edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb və gələcəkdə mümkün əməkdaşlıq layihələrindən bəhs edilib.
Görüşdə Gürcüstan Respublikasının Azərbaycandakı səfiri Zurab Pataradze, Gürcüstan Respublikasının Azərbaycandakı elçisi Revaz Sakvarelidze və Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Polise.az