Bolqarıstanda Azərbaycanın Müstəqillik Günü və Ulu Öndərin 100 illiyi münasibətilə rəsmi qəbul keçirilib


Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan Respublikasının Müstəqillik Günü və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə rəsmi qəbul keçirilib.

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Sofiya şəhərində ölkəmizin Müstəqillik Günü və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə rəsmi qəbul, foto sərgi nümayişi və bədii proqramlı tədbir keçirilib.

Səfirlikdən  Polise.az –a bildirilib ki, tədbirdə Bolqarıstan Respublikasının iqtisadiyyat və sənaye naziri, energetika naziri, bir sıra nazirliklərin nazir müavinləri və rəhbər şəxsləri, dövlət agentliklərinin rəhbərləri, Bolqarıstan Prezidenti Administrasiyasının rəhbər şəxsləri, Xalq Məclisinin üzvləri, dini konfessiyaların rəhbərləri, tanınmış elm və mədəniyyət xadimləri, yerli diplomatik nümayəndəliklərin rəhbərləri və Azərbaycan diasporu üzvləri iştirak ediblər.

Azərbaycan Respublikası və Bolqarıstan Respublikasının Dövlət himnləri ilə başlamış tədbir daha sonra Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri Hüseyn Hüseynovun çıxışı ilə davam edib.

Çıxışda Azərbaycan Demokratik Respublikasının təsis edilməsi və onun çətin dövrdə və qısa müddət ərzində demokratik dövlət quruculuğu, insan hüquqlarının təmini və beynəlxalq səviyyədə tanınma xüsusunda əldə etdiyi nailiyyətlər barədə məlumat verilib, müasir Azərbaycan Respublikasının bu qabaqcıl ölkənin davamçısı olduğu qeyd olunub. Azərbaycan Respublikasının 1991-ci ildə bərpa edilən dövlət müstəqilliyinin qorunub saxlanması və dönməzliyinin təmin edilməsinin Ümummilli Lider, dahi siyasətçi Heydər Əliyevin adı ilə bağlı olduğu bildirilib. Ulu Öndərin başlatdığı hərtərəfli islahatlar sayəsində müstəqil Azərbaycanın müasir və dinamik inkişaf edən güclü dövlətə çevrildiyi qeyd olunub, habelə onun müəllifi olduğu enerji strategiyasının Azərbaycanı çiçəkləndirməklə yanaşı, o cümlədən beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınmasına əsas yaratdığı diqqətə çatdırılıb. Çıxışda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsinə xüsusi diqqət ayrılıb. Çıxışda həmçinin qərb və şərq mədəniyyətlərinin kəsişməsində yerləşən, gözəl təbiəti, qədim tarixi, zəngin mədəniyyəti, qonaqpərvər insanları ilə tanınan Azərbaycanın etnik-dini müxtəlifliyi və zəngin tolerantlıq ənənələri ilə bütün dünya üçün nümunə olduğu qeyd edilib.

Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanovun çıxışında Azərbaycan-Bolqarıstan dostluq münasibətlərinin xalqlarımız arasında qədim mehriban əlaqələr üzərində qurulduğunu və dünyada yaşanmaqda olan böhranlara baxmayaraq daha da inkişaf etdiyini bildirərək, iki ölkə arasında ticarət dövriyyəsinin 2022-ci ildə 330 faiz artmasını nəzərə çatdırıb.

Tədbirin keçirildiyi məkanda Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafı xüsusunda fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub.

Tədbir konsert proqramı ilə davam edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button