Gürcüstan və Azərbaycan regionda sülh və sabitlik tərəfdarıdır
Gürcüstan və Azərbaycan rəhbərlərinin səyləri nəticəsində ölkələrimiz arasında mehriban dostluq və qonşuluq münasibətləri daha da inkişaf edir. İkitərəfli strateji tərəfdaşlığımız daha da dərinləşir. Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub.
Polise.az xəbər verir ki, bu fikirləri Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze mayın 26-da Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə deyib.
O, ölkələrimiz arasında münasibətlərin dərinləşməsində, birgə layihələrin həyata keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rolunu xüsusi qeyd edib.
Gürcüstan və Azərbaycanın bir çox sahələrdə sıx əməkdaşlıq etdiklərini bildirən Zurab Pataradze enerji sektorunu ikitərəfli əməkdaşlığın əsas prioritetlərindən biri kimi qiymətləndirib. Vurğulayıb ki, birgə layihələr həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi inkişafına böyük töhfə verir.
Diplomat ölkələrimizin regionda sülh və sabitlik tərəfdarı olduğunu da vurğulayıb.