28 May – Müstəqillik Günü Pakistanda təntənə ilə qeyd edilib
Azərbaycanın Pakistandakı səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə İslamabadda rəsmi qəbul keçirib.
Səfirlikdən Polise.az-a bildiriblər ki, Azərbaycan və Pakistan himnlərinin səsləndirilməsindən sonra çıxış edən səfir Xəzər Fərhadov Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də yaradıldığını və müsəlman Şərqində ilk demokratik respublika olduğunu bildirib.
O, Cümhuriyyətin qısa müddətdə keçdiyi inkişaf yolu barədə geniş məlumat verib, 23 aylıq dövr ərzində bir sıra mühüm, xüsusilə demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi kimi nailiyyətlərə imza atdığını vurğulayıb.
Həmçinin 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycan xalqının Azərbaycan Xalq Cümhuriyyətinin ənənələri əsasında müstəqil Azərbaycan qurduğunu vurğulayıb.
Yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın çətin günlərində – 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi, ölkədə xaos və anarxiyanı, iqtisadi və siyasi çətinlikləri aradan qaldıraraq ölkənin müstəqilliyini əbədi etdiyi bildirilib.
Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu nailiyyətlər Azərbaycan xalqının həyatının bütün sahələrində özünü göstərir.
Diplomat, eyni zamanda, Azərbaycanın Vətən müharibəsində Zəfərinə toxunub, Azərbaycan-Pakistan münasibətlərindən bəhs edib.
Tədbirin ali qonağı – Pakistanın təhsil və peşəkar təlim üzrə federal naziri Rana Tanver Hüseyn çıxışında bayram münasibətilə təbriklərini çatdırıb, 28 Mayın Azərbaycanın dövlətçilik tarixində şanlı və mühüm günlərdən biri olduğunu deyib.
Rana Tanver Hüseyn Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra regionun inkişafına mühüm töhfə verən böyük transmilli enerji, nəqliyyat və infrastruktur layihələrini həyata keçirdiyini bildirib, iqtisadiyyatının əhəmiyyətli inkişafına nail olduğunu qeyd edib. Azərbaycan ilə Pakistan arasındakı əlaqələrini “qardaşlıq münasibətləri” adlandırmaqdan fəxarət hissi duyduğunu vurğulayan nazir 2023-cü ildə 100 illik yubileyi qeyd edilən dünyaşöhrətli siyasi xadim, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həm də iki ölkə arasında əlaqələrin inkişafının banisi olduğunu diqqətə çatdırıb.
Nazir Azərbaycan ilə Pakistan arasındakı əlaqələrin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu deyib.
Tədbir çərçivəsində Azərbaycanın tarixini, mədəniyyətini, turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub, ölkəmizlə bağlı müxtəlif videoçarxlar nümayiş etdirilib.
Polise.az