İsveçdə Ərdoğanı hədəf alan aksiyaya “h ə”, deyilib.
İsveçdə yenə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan nümayişə icazə verilib.
Polise.az xəbər verir ki, Ankaranın kəskin etirazlarına baxmayaraq, bu gün paytaxt Stokholmda baş tutacaq nümayişə daha çox terror təşkilatı PKK-ya bağlı qrupların qatılacağı gözlənir.
“Biz təmin edəcəyik ki, nümayişdə iştirak edən hər kəs öz konstitusiya ilə qorunan hüquqlarından, o cümlədən ifadə azadlığından istifadə edə bilsin” – Stokholm Polisinin sözçüsü Ola Osterlinq deyib.
Xatırladaq ki, yanvar ayında İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra isə İsveç polisi Türkiyə səfirliyi qarşısında “Quran”ın yandırılacağı aksiyaya icazə verib və Rasmus Paludan müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi yandırıb.
NATO-ya üzv olmaq istəyən İsveç yaranan gərginlikdən sonra terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə tam həmrəylik və əməkdaşlıq edəcəklərinə, terror təşkilatı PKK başda olmaqla, milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı Türkiyəyə hərtərəfli dəstək verəcəyinə, o cümlədən PYD/YPG və FETÖ-nü dəstəkləməyəcəyinə söz verib.
İyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitində tamhüquqlu üzv kimi masa arxasında oturmağa ümid edən İsveçə hələ də yaşıl işıq yandırmayan Ankara terrorla mübarizəni gücləndirən qanun kontekstində İsveçdən konkret addımlar görmək istəyir.
Polise.az