Gürcüstanın hakim partiyası Prezidentin impiçmenti ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib

Hakim “Gürcü Arzusu” Partiyası Konstitusiya Məhkəməsində Prezident Salome Zurabişviliyə qarşı impiçment prosesinin başlanması üçün ümumilikdə 80 deputatın imzasını toplayıb və məhkəməyə təqdim edib.

Polise.az  xəbər verir ki, bu barədə “Sputnik-Georgia” məlumat yayıb.

Parlamentin Prosessual məsələlər və qaydalar komitəsi əksər deputatların imzalarının həqiqiliyini təsdiqləyib. Komitənin sədri İrakli Kadaqişvilinin sözlərinə görə, konstitusiya təqdimatı ilə bağlı bütün sənədlər, qanunla nəzərdə tutulmuş bütün rəsmiləşdirmələr artıq parlamentdə tamamlanıb: “Bu təqdimat artıq Konstitusiya Məhkəməsinə göndərilib. Çox güman ki, orada qeydiyyat, bir ay ərzində isə müzakirələr aparılacaq. İmpiçment bu məsələni hüquqi yolla həll etməyə imkan verən prosesdir”.

Qeyd edək ki, sentyabrın 1-də S.Zurabişviliyə qarşı impiçmentlə bağlı hakim “Gürcü Arzusu” Partiyası imzatoplama kampaniyasına başlayıb. S.Zurabişvili avqustun 31-də Gürcüstanın Avropa İttifaqına namizədliyinin dəstəklənməsi üçün xarici dövlətlərin liderləri ilə görüşmək məqsədilə Avropaya səfər edib. Gürcüstan hökuməti isə onun bu səfərini qəbuledilməz sayıb.

Konstitusiya Məhkəməsi Prezidentin Konstitusiyanı pozduğunu təsdiqləsə, 10 gün ərzində parlament məhkəmənin rəyinə baxmağa başlayacaq. Daha sonra 30 gün ərzində məsələnin səsverməyə çıxarılması barədə qərar qəbul edilməlidir. “İmpiçment haqqında” qanunda deyilir ki, deputatların əksəriyyəti tərəfindən dəstək olarsa, məsələ səsverməyə çıxarılacaq.

Müxalifətin dəstəyi olmadan “Gürcü Arzusu” və “Xalq Gücü” hərəkatının üzvlərinin təmsil olunduğu parlament çoxluğu impiçment prosedurunu başa çatdıra bilməyəcək, çünki ən azı 100 səs lazımdır və çoxluğun hazırda cəmi 83 üzvü var.

Hakim partiya Zurabişvilini Gürcüstan Konstitusiyasının 52-ci maddəsini pozmaqda ittiham edib (Prezidentin xarici əlaqələrdə nümayəndəlik funksiyalarını yalnız hökumətin icazəsi ilə həyata keçirmək hüququ var).

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button