Azərbaycan Polşa və Şimali Makedoniya ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşa və Şimali Makedoniyada səfərdə olub. Səfərdə məqsəd ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etmək, aqrar sahənin müxtəlif istiqamətləri üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək olub.

Bu barədə  Polise.az -a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir ilk öncə Polşanın kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Robert Telus ilə görüşüb. Görüşdə Azərbaycanla Polşanın bir çox sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də uğurlu əməkdaşlıq etdiyi qeyd olunub. Həmin əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. Bildirilib ki, mövcud potensialı düzgün dəyərləndirməklə iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini artırmaq mümkündür. Görüşdə aqrar sahədə elmi tədqiqatlar, təhsil, mütəxəssis hazırlığı, torpaqların konsolidasiyası, aqrar innovasiyalar, kənd təsərrüfatının rəqəmsallaşdırılması və digər mövzularda səmərəli müzakirələr aparılıb, kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Makedoniya Respublikasına səfər çərçivəsində həmin ölkənin kənd təsərrüfatı, meşə və su ehtiyatları naziri Lyubço Nikolovski ilə görüşüb. Tərəflər ölkələrimiz arasında aqrar sahədə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Görüşün sonunda Azərbaycanla Şimali Makedoniya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq memorandumu imzalanıb. Memorandum iki ölkə arasında aqrar sahəyə dair birgə işçi qrupunun yaradılmasını, bitkiçilik, heyvandarlıq, aqrar təhsil, mütəxəssis hazırlığı, torpaqların konsolidasiyası və digər sahələrdə əməkdaşlığı genişləndirməyi nəzərdə tutur.

Nümayəndə heyəti səfər çərçivəsində Polşa və Şimali Makedoniyanın aparıcı kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti ilə tanış olub, kənd təsərrüfatı tullantılarının azaldılması, su və torpaq resurslarından səmərəli istifadə, innovativ ekoloji həllər, tətbiq olunan uğurlu təcrübələr barədə fikir mübadiləsi aparıblar.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button