ABŞ NATO-dan ÇIXIR? – Konqresə qanun layihəsi təqdim olundu
Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp müttəfiqlərini tənqid edərək dəfələrlə ölkəni NATO-dan çıxarmaqla hədələyib. Trampın tələblərinə uyğun olaraq, bu yay ittifaq ölkələri 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmağı öhdələrinə götürüblər.
Buna baxmayaraq, ABŞ-dəki qatı Tramp tərəfdarları ölkənin NATO-nu tərk etməsi məsəlsəini Konqres səviyyəsinə qaldırıblar.
Konqresmenin “Etibarlı Olmayan Təşkilat Haqqında Qanun” (NATO Qanunu) adlandırdığı sənədə görə, ABŞ təşkilatı tərk etməlidir.
“NATO Soyuq Müharibənin qalığıdır. Biz NATO-dan çıxmalı və bu pulu sosialist dövlətləri deyil, öz ölkəmizi müdafiə etmək üçün istifadə etməliyik. NATO 30 ildən çox əvvəl dağılan Sovet İttifaqına qarşı durmaq üçün yaradılıb. O vaxtdan bəri ABŞ-nin bu təşkilatda iştirakı vergi ödəyicilərinə trilyonlarla dollara başa gəlib və bu, ABŞ-nin xarici müharibələrdə iştirakı riskini daşımaqda davam edir”, – deyə Massi bildirib.

Konqresmenin sözlərinə görə, ABŞ Konstitusiyası xarici işlərə daimi müdaxiləyə icazə vermir və Vaşinqton “bütün dünyanın, xüsusən də varlı ölkələrin təhlükəsizliyini təmin etməməlidir”.
Bu arada “Reuters”-in məlumatına görə, ABŞ Avropa ölkələrindən 2027-ci ilə qədər raket istehsalı və kəşfiyyat məlumatlarının toplanması da daxil olmaqla, NATO-nun müdafiə xərclərinin əksəriyyətini öz üzərinə götürmələrini tələb edib. Ağ Ev son tarixə qədər buna nail olunmazsa, ABŞ-nin bəzi NATO müdafiə mexanizmlərində iştirakını azaltmaqla hədələyib.
Xatırladaq ki, Trampın sələfi Co Baydenin dövründə Konqres ABŞ prezidentlərinin NATO-dan çıxmasını qadağan edən qanun layihəsini qəbul edib. Həmin qanunun təşəbbüskarlarından biri də hazırkı Dövlət katibi Marko Rubio olub.
C.Məmmədli
“AzPolitika.info”



