ABŞ Yaxın Şərqdə gərginliyin artacağı barədə xəbərdarlıq edib

ABŞ-nin İsraildəki səfirliyi Yəməndə baş verən son hadisələrlə əlaqədar Yaxın Şərqdə hərbi qarşıdurmanın daha da genişlənməsi ehtimalı barədə xəbərdarlıq yayıb.
Polise.az xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki diplomatik nümayəndəliyinin rəsmi saytında məlumat dərc olunub.
Səfirlik regionda təhlükəsizlik vəziyyətinin gərgin olaraq qaldığını bildirərək, ABŞ vətəndaşlarını diqqətli olmağa çağırıb.
“Hazırda Yaxın Şərqdə olan ABŞ vətəndaşları mürəkkəb təhlükəsizlik şəraitini nəzərə alaraq yüksək sayıqlıq nümayiş etdirməlidirlər. Aviareyslərin ləğvi, hava məkanlarının bağlanması və nəqliyyat əlaqələrində fasilələrin yaranması ehtimalını unutmayın”, – məlumatda qeyd olunub.
Diplomatik nümayəndəlik xəbərdarlığı Yəməndə “Ənsar Allah” (husilər) hərəkatı ilə hökumət qüvvələri və onları dəstəkləyən Səudiyyə Ərəbistanı arasında qarşıdurmanın kəskinləşməsi ilə əlaqələndirib.
Bildirilib ki, son hərbi əməliyyatlar zamanı mülki hava limanları və digər mühüm infrastruktur obyektləri də hədəfə alınır. ABŞ diplomatları döyüşlərin qısa müddətdə daha genişmiqyaslı qarşıdurmaya çevrilə biləcəyini istisna etmirlər.
Bununla yanaşı, ABŞ-nin Qüdsdəki səfirliyi və Təl-Əvivdəki konsulluq şöbəsi fəaliyyətini adi rejimdə davam etdirir.
Qeyd edək ki, oktyabrın 4-də Yəmən hökumət qüvvələri husilərin nəzarətində olan ərazilərin geri qaytarılması məqsədilə genişmiqyaslı hərbi əməliyyata başladıqlarını açıqlayıblar.
Polise.az



