Ailə cəmiyyətin lokomotividir. Ailəni qorumaq üçün cütlüklər “Sədaqət andı” içməlidirlər – I yazı

“Ən yaxşı ailə- qadının kor, kişinin kar olduğu yerdədir”
Sokrat

Araşdırmalar göstərir ki, şəxsiyyətlərarası konfiliktlər daha çox ailədə baş verir. Ailənin  hər bir üzvü özünün həyata olan baxışları və özünə xas ideyaları ilə  yaşamaq istəyəndə, “özününkü yaxşıdır” – düşünür və digər yaxınlarını da zorən buna inandırmağa çalışır. Bəzən“bir-biri ilə razılaşmama” halları  ailədə münaqişələrə və zorakılıqlara yol açır.Bu, daha çox ər-arvad, valideynlə uşaq arasında baş verir. Cütlüyün müəyyən savada-biliyə və ailənin qorunub saxlanılması üçün vahid baxışlara malik olmaması, cəhalət bu səbəblərə təsir edir. Kübar ailələrdə münaqişələrə “ocaq” olmur. Zorakılıqlar onda başlayır ki, ailə üzvləri müxtəlif baxışlara,inama malik olur, davranışlar həzm olunmur. Necə deyərlər, münasibətlər səmimilikdən kənara çıxır, fikir ayrılıqları, saymazlıq, anlamazlıq və yaxud, “Mənim dediyim primatlıq təşkil etməlidir” hallarla tərəflər barışmır və razılaşmırlar.

“Böyüklük” ailənin bəlasına çevrilir. Məhz belə yanaşma pretenziyalar və incikliklər doğurur, dinc yolla məsələnin həlli unudulur, arzuolunmaz və həm də qəbulolunmaz situasiyalara dəhliz açılır. Qədim yunan filosofu Sokrat deyib ki, ən yaxşı ailə-arvadın kor, ərin kar olduğu yerdir. Belə olarsa umu-küsülərə də yer qalmır. Və yaxud, “Biri od olanda, digəri su olmalıdır” – atalar məsəlinə hörmətlə, adət-ənənələrə uyğun yanaşılmalıdır.

Lev Nikolayeviç Tolstoy  zamanında müdrikcəsinə qeyd etmişdi ki, “…..Hər bir bədbəxt ailə özlüyündə özünə xas bədbəxtdir”. Münaqişələr barədə də eyni sözü demək olar:  “Müxtəlif ailələrdə münaqişə üçün səbəblər  də müxtəlif olur. O səbəblər qarşılıqlı hörmət və ehtiram əsnasında “buxarlanıb yox olmazsa”, belə ailələr bədbəxt ailədir.

Ailəni uşaqlarsız təsəvvür etmək çox ağırdır. Amma zorakılıqlar bəzən daha çox uşaqların gözü qarşısında baş verəndə oğlan uşağı gələcəkdə atasına, qız isə anasına-ananın zorakılıqlara necə tab gətirdiyini özündə formalaşdırmağa, ona oxşamağa çalışar. Bəzən qadın uşaqların və ictimai rəyin xətrinə qadın ləyaqətini və iffətini qurban versə də ailələnin təməlini qoruya bilmir, min bir əziyyətlə qurulan “isti yuva” hörümçək yuvası tək dağılır. Sonra əmlak, aliment mübahisələri insan həyatını, “ailə cəmiyyətin əsas özəyidir…” konstitusion müddəanı gözdən salır.

Rus filosofu, mütəfəkkiri və yazıçısı Fyodor Dostoyevskiy: “Uşaqlarsız bəşəriyyəti sevmək mümkün olmazdı”-deyib.

Münaqişələr ailədə olubsa və varsa yeni nikaha daxil olan gənc cütlüklər arasında da  qısa vaxt ərzində özünə yuva sala bilir. Necə deyərlər; Ağacdakı xəstəliklər ləğv olunmazsa, budaq-budaq gəzəcək.

 Müsəlmanlığa xas ali bir cəhət var. Qız atası ürəyinin bir parçasına çevrilən övladını həsrətlə gəlin gözləyən evə-yeni ocağa xeyir-dua və öyüd-nəsihətlə yola salanda kövrələ-kövrələ: “Qızım, şübhəm yoxdur ki, Sən, yeni ocaqda böyüyüb başa çatdığın ailəmizin əsl insani keyfiyyətlərini təqdir edəcək, qaynataya ata, qaynanaya ana deyər, qaynını qardaş, baldızını bacı kimi tanıyar, onların hər birinə hörmət və ehtiramla yanaşacaqsan…”-deyib, qızının alnından öpəcək… Amma çox təəssüf ki, oğula-damədə belə öyüd verilmir. Alışmışıq, tamaşalarda və lətifələrdə qaynanaları zarafat hədəfinə çevirməyə… Bəzi ailələrdə hamının gözü qarşısında gəlinin ləyaqətinə xələl gətirilir, gəlin təhqir olunur, onun doğmalarının ünvanına xoşagəlməz ifadələr işlədilir. Belə davranış qaydaları əslində cinayət hüququnun yurisdiksiyasına aiddir və bundan sonra o ailədə gəlinə heç kim iltifatla yanaşmaz, ona yad olacaq, kölə kimi baxacaqlar. Buyurun, baxın, ailə münaqişələrinin közərməsinə təsir edən faktorlar necə və nədən ərsəyə gəlir? Amma, bu amillərə adi hal kimi baxırıq.

Qəbulediməzdir. Valideynlərinin təhqir oldunduğu ailədə mehribanlıq və qarşılıqlı hörmət gözləməyə dəyməz. Axı, gəlin kölə deyil! Onun da yaşamaq haqqı, istirahət, əmək və digər hüquqları var? Deməli, belə ailələrdə ailə hüququndan danışmaq da olmaz! Qənaətimə görə Azərbaycanda ailənin qorunması, “Ailə cəmiyyətin əsas özəyi kimi dövlətin himayəsindədir” konstitusiya müddəasına hamının əməl etməsi üçün təxirəsalınmaz tədbirlər görülmür. Ümumiyyətlə ölkə əhalisinin ailələrindən o qədər xəbərimiz yoxdur. Statistik rəqəmləri (nikaha daxil olanların və boşanmaların sayı) ictimaiyyətə çatdırmaqla məsələnin həllinə inanmaq sadəlövhlükdən başqa bir şey deyil! Niyə boşanmaları doğuran səbəb və şərait tədqiq olunmur, onu aradan qaldırılması istiqamətində praktik addımlar atılmır?

(Ümumiyyətlə bu sahədə AMEA-da bir Elmi Tədqiqat İnstitunun(ETİ) yaradılmasına çox böyük ehtiyac var.) Konstitusiyamıza görə Azərbaycan dövlətinin təməlini Azərbaycan xalqının vahidliyi təşkil edir və bu vahidliyi təcəssüm etdirən ölkə Prezidentidir. Xalqın da vahidliyini cəmiyyətin əsas özəyi olan ailə təşkil edir. Amma bunun fərqində olmuruq. Təm-təraqlı toy şənliklərindən və boğazdan yuxarı sağlıqlardan – bəzən 6 ay, bəzən 1 il, bəzən də 5-10 ildən sonra ailə, əsas özəyi sandığımız cəmiyyətin heç kimə lazım olmayan arxivinə atılır. İndi boşanma çox rahat və sadədir. Ailənin qorunması üçün qüvvədə olan Ailə məcəlləsinin zərrə qədər rolu yoxdur. Zərif tərəf körpə uşaqlarla qayğısız və köməksiz vəziyyətə məhkum olunurlar. Məhkəmənin borcu isə aliment məsələsini həll etməklə bitir, qadının uşaqlarla kimlə və harada yaşaması əsla maraqlandırmır. Cavabdeh tərəf adətən qadınlar olduğundan qadının evlə təmin olunması məsələsi ailə məcəlləsində imperativləşmir. Niyəsi bilinmir. Heç bir dəyərlə ölçülməyən və ödənilməyən, zamanında BAKİRƏliyi ilə öyünən qız əşya kimi tullantıya çevrilir. Əzizlərim, inciməyin! Yüngül həyat tərzi belə başlayır… Belə şərait daha çox qəbul olunan vecsiz qanunlarımızla bağlıdır. Ailə qanunvericiliyi ciddi dəyişiliklərə məruz qalmalıdır. Qoy bu sahədə bir qanun olsun, amma yığcam və xalqın iradəsini oxşasın. Qanunların çoxluğu məsələnin həlli deyil, çaşqınlıq yaradır.

Açığını deyim ki, Sovetin vaxtında boşanmalar az, ailə həyatı davamlı və dayanıqlı idi. Bu barədə aşağıda toxunduğum nüanslar olacaq.

Gəlin tarixə nəzər salaq:1800-cü ilin ortalarına qədər əksər ölkələrin hüquq sistemi ərin arvadı üzərindəki hökmranlığını,hətta onu döyməyi mümkün sayırdı. Amma burada istisna hallar da nəzərdə tutulurdu. Məs:1641-ci ildə Massaçuset körfəzinin “Azad Bədən”kalonistlərinin qəbul etdiyi aktda bəyan edilirdi ki, nikahda olan qadın “bədən xəsarətlərindən azaddır” Yəni ona zor tətbiq etmək yasaq olunurdu. Hətta ər, arvadının istəyinə zidd  ona “təcavüz”edə bilməzdi. Sonralar, XIX əsrdə Feminizm siyasi hərakatının tələbləri, 1845-ci, 1850-ci və 1878-ci illərdəki aktlar qadına qarşı olan zorakılıqları, işkəncələri qanuna zidd hesab edirdi. Artıq XX əsrdə ABŞ polisinin  ailə zorakılıqlarına müdaxilə etmək hüquqları qanunla qorunurdu. Amma əvvəlki kimi  günahkar nadir hallarda ailədən təcrid və həbs olunurdu.

Ardı var

Şəmsəddin Əliyev
Polise.az media xəbər saytının Şef redaktoru

Hamısını Göstər

Related Articles

Back to top button