Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb

Avropa Parlamentində Gürcüstanda siyasi vəziyyət, müxalifət partiyalarının fəaliyyətinin məhdudlaşdırılması və ölkənin Avropaya inteqrasiya perspektivləri ilə bağlı müzakirələr keçirilib.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, müzakirələr zamanı Avropa İttifaqının nümayəndələri və bir sıra avropalı deputatlar Gürcüstan hakimiyyətinin son addımlarını sərt tənqid edib, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasını siyasi qüvvələrlə dialoqa çağırıblar.

Ətraf mühit məsələləri üzrə Avropa komissarı Cessika Rozvell Avropa Parlamentinin Xarici İşlər Komitəsinin sədri David Makallister, Avropa Parlamentinin deputatı Malqoja¬ta Qoşevska Gürcüstan hakimiyyətini sərt tənqid ediblər.

Lakin bəzi deputatlar Gürcüstanla bağlı fərqli fikirlər söyləyiblər.

Məsələn, Almaniyanın “Almaniya üçün Alternativ” partiyasının avropalı deputatı Tomaş Frolix Aİ-nin Gürcüstana münasibətini “ikili standart” kimi qiymətləndirib. O, Avropanın Gürcüstanda müxalifət partiyalarının qadağan edilməsi ehtimalından narahat olduğu halda, Almaniyada öz partiyasının qadağan edilməsi məsələsinin müzakirə olunmasına diqqət çəkib. Frolix həmçinin Ukraynada bir sıra siyasi partiyaların qadağan edilməsinə münasibətdə Aİ-nin eyni mövqeni sərgiləmədiyini bildirib. Deputatın sözlərinə görə, Gürcüstan iqtisadi inkişaf baxımından müsbət göstəricilərə malikdir və ölkənin Aİ ilə qarşıdurması Avropanın maraqlarına uyğun deyil. O, Gürcüstanın regiondakı mürəkkəb geosiyasi mövqeyinin də nəzərə alınmasının vacibliyini vurğulayıb.

Bəzi deputatlar da Tomas Frolixin mövqeyini dəstəkləyiblər.

Beləliklə, Avropa Parlamentində Gürcüstanla bağlı müzakirələrdə Aİ ilə rəsmi Tbilisi arasında münasibətlərdə yaranmış fikir ayrılıqları bir daha açıq şəkildə ortaya çıxıb. Bir qrup deputat Gürcüstan hakimiyyətini demokratik standartlara qayıtmağa və siyasi dialoqa çağırarkən, bəzi deputatlar Avropanın Tbilisiyə yanaşmasını tənqid edərək Gürcüstanın müstəqil siyasi kursuna hörmət edilməsinin vacibliyini vurğulayıblar.

Avropa Parlamentində keçən müzakirələr zamanı səslənən fikirlərə cavab olaraq hakim “Gürcü Arzusu”nun üzvü Davit Matikaşvili bildirib ki, Gürcüstanın “yuxusuz dostları”nın fikirlərinin heç bir əsası yoxdur. Onun sözlərinə görə, Gürcüstanla bağlı müzakirələrdə cəmi 20 deputat iştirak edib.

“Xalqın gücü” partiyasının beynəlxalq əlaqələr üzrə katibi, deputat Eka Sepaşvili də Gürcüstan əleyhinə səslənən fikirləri absurd adlandırıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button