Azərbaycan ABŞ, Böyük Britaniya və İsraillə niyə müttəfiq olmalıdır? – “Qəti addımlar atılmalıdır”

III yazı

Bu gün də 16 iyul 2020-ci il tarixdə “Azərbaycan Respublikasının mövcud durumda ilk növbədə atmalı olduğu kompleks qəti addımlar haqqında” başlığı altında irəli sürdüyüm təkliflər paketinin (https://strateq.az/manshet/447296/sulhəddin-əkbər-hokuməti-dialoqa-cagirdi-təkliflərini-verdi.html) xarici siyasətlə bağlı, siyasi-diplomatik, müdafiə, kəşfiyyat və təhlükəsizlik sahələrinə aid olan hissələrində dünyanın yeganə qlobal super gücü olan ABŞ-la və onun strateji müttəfiqlərilə münasibətlərin yeni, daha yüksək səviyyədə qurulması üçün atılması nəzərdə tutulan aktual addımlardan bəhs etmək istəyirəm.

Təbii, Azərbaycan Respublikası qardaş Türkiyə, AB və NATO ilə strateji münasibətlərin qurulmasına yönəlik addımların atılmasilə birlikdə, ən böyük qlobal oyunqurucu olan ABŞ-la, eyni zamanda onun strateji müttəfiqlərilə münasibətlərin daha yüksək səviyyədə qurulması üçün də – eynizamanlı, paralel olmaqla – qəti addımlar atmalıdır.

Məlum təkliflər paketinin siyasi-diplomatik sahəyə aid olan hissəsində göstərmişdim ki, demokratik siyasi strateji seçim edən,“Azərbaycan Respublikasının demokratiyaya yumşaq keçid strategiyası”nı (https://strateq.az/siyaset/429209/sulhəddin-əkbər-demokratiyaya-yumsaq-kecid-strategiyasini-pa-ya-təqdim-etdi.html) qəbul edən rəsmi Bakı, aktiv kompleks siyasi-diplomatik fəaliyyətə başlamalı, eyni zamanda:

– ABŞ-la siyasi-diplomatik münasibətlərin yeni, daha yüksək səviyyədə qurulması üçün aktiv, intensiv siyasi dialoqa başlamalı;

– İsrail və dünya yəhudiliyi ilə mövcud yaxşı münasibətləri yeni, daha yüksək səviyyəyə qaldırmalıdır.

Yeri gəlmişkən, buraya rəsmi Bakının ABŞ-ın başlıca strateji müttəfiqi olan və artıq AB-dən ayrılan Böyük Britaniya ilə münasibətləri də yeni, daha yüksək səviyyəyə qaldırmalı olması əlavə edilməlidir.

Həmin təkliflər paketinin müdafiə, kəşfiyyat və təhlükəsizlik sahələrinə aid olan hissəsində isə göstərmişdim ki, Azərbaycan Respublikası:

– ABŞ-la strateji tərəfdaşlıq sazişinin imzalanması, onun NATO-dan kənar əsas müttəfiqi statusunun alınması üçün intensiv danışıqlara başlamalı;

– İsrail müdafiə, kəşfiyyat və təhlükəsizlik sahəsində münasibətləri daha yüksək səviyyəyə qaldırmalıdır.

Təbii ki, Azərbaycan Respublikası  ABŞ-ın başlıca strateji müttəfiqi olan Böyük Britaniya ilə də siyasi-diplomatik münasibətlərin yeni, daha yüksək səviyyədə qurulması üçün aktiv, intensiv siyasi dialoqa başlamalı, onunla strateji tərəfdaşlıq sazişinin imzalanması üçün intensiv danışıqların aparılmasına start verməlidir.

ABŞ-la strateji münasibətlərin qurulması bizə nə verə bilər?

Öncəliklə qeyd edək ki, başda “Dərin dövlət”inin parçalanması olmaqla, yaşadığı bütün problemlərə baxmayaraq, ABŞ yenə də dünyanın yeganə qlobal super gücü, ən böyük oyunqurucusu olmağa davam etməkdədir. Bu o deməkdir ki, ABŞ qlobal strateji güc balansının dəyərləndirilməsində ən böyük, yeni dünya nizamı quruculuğunda həlledici, geopolitik qarşıdurmada üstün güc hesab edilməlidir.

Eyni zamanda bu durumun görünən perspektivdə dəyişməyəcəyinin görünməkdə olduğu da qeyd edilməlidir. “Dərin dövlət”inin parçalanması səbəbindən hazırda ABŞ-ın öz mövcud gücündən tam olaraq məqsədyönlü, səmərəli və effektli istifadə edə bilməməsi müvəqqəti, keçici haldır. Bu, bizi əsla aldatmamalıdır.

Azərbaycan Respublikası öz xarici siyasətini yenidən gözdən keçirərkən və qurarkən, şübhəsiz, mövcud qlobal strateji güc balansını, şəraiti və onun gözlənilən üstün inkişaf meyllərini nəzərə almalı və milli maraqlarına uyğun adekvat addımlar atmalıdır. Başqa sözlə desək, öz addımlarını ABŞ-ın ən böyük qlobal strateji güc, yeni dünya nizamı quruculuğunun həlledici oyunçusu, oyunqurucusu, geopolitik qarşıdurmanın qaçılmaz qalibi olduğunu nəzərə almaqla atmalıdır.

Azərbaycan Respublikası öncə vaxt itirmədən ABŞ-la siyasi-diplomatik münasibətlərin yeni, daha yüksək səviyyədə qurulması üçün aktiv, intensiv siyasi dialoqa başlamalıdır. Bu dialoq strateji xarakter daşımalı, ABŞ-Azərbaycan münasibətlərinin uzunmüddətli, geniş (hərtərəfli) və dərin qurulmasını nəzərdə tutmalıdır.

Mən ABŞ-ın da bu dialoqda maraqlı olacağına inanıram. Bu inamı yaradan:

– ABŞ-ın qlobal, regional və lokal (Azərbaycan) siyasətinin, eyni zamanda milli təhlükəsizlik siyasətinin strateji hədəfləri;

– yeni dünya nizamı qurmaq və qlobal liderliyini qoruyub saxlamaq niyyəti;

– yeni dünya nizamı quruculuğunun, eyni zamanda geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olması;

– regional geopolitik qarşıdurmanın kəskinləşməsi və ölkəmizin strateji önəminin artması;

– bu qarşıdurmada üstün gəlmək, qalib olmaq istəyi;

– bu səbəblə, Azərbaycan Respublikasına da ehtiyacının olmasıdır.

Üstəlik, ABŞ-ın Azərbaycan Respublikası ilə hələ illər öncədən strateji münasibətlər qurmaq istədiyini bilirəm. Bunu mənə ABŞ-ın ölkəmizdəki səfirliyində çalışan bir diplomatı açıq söyləmişdi. Mənim “ABŞ nə üçün qonşu Gürcüstanla imzaladığı (09.01.2009-cu il) Strateji əməkdaşlıq xartiyasının bənzərini Azərbaycanla imzalamır?” sualıma cavab olaraq həmin diplomat demişdi:“Biz belə bir sazişin imzalanmasını Gürcüstandan öncə Azərbaycana təklif etmişdik…”

Onu da xatırladım ki, Pentaqon hələ 1998-ci ildə Xəzəri öz məsuliyyət zonası elan etmişdi.

Rəsmi Bakı bütün bunları nəzərə alaraq, qeyd etdiyim kimi, ABŞ-la siyasi-diplomatik münasibətlərin yeni, daha yüksək səviyyədə qurulması üçün aktiv, intensiv siyasi dialoqa başlamalı və onunla Strateji tərəfdaşlıq sazişininheç olmasa Strateji əməkdaşlıq xartiyasının imzalanmasına nail olmalıdır.

Eyni zamanda buna paralel olaraq, ABŞ-ın NATO-dan kənar əsas müttəfiqi statusunun alınması üçün onunla intensiv danışıqlara başlamalıdır. Azərbaycan Respublikası, NATO-ya üzvlüyü qarşısındakı mövcud problemləri, ümumiyyətlə bu prosesin uzunmüddətli olduğunu, eyni zamanda bu alyansa üzv olmasının yalnız qardaş Türkiyə, ABŞ və yaxın müttəfiqlərindən asılı olmadığını, buna qarşı çıxacaq dövlətlərin də ola biləcəyini (Gürcüstan və Ukrayna ilə bağlı olduğu kimi) nəzərə alaraq, operativ-taktiki baxımdan daha perspektivli görünən bu istiqamətə öncəlik, üstünlük verməlidir.

Üstəlik, onu da nəzərə almalıdır ki, bugünədək ABŞ-ın NATO-dan kənar əsas müttəfiqi statusunu almış 16 ölkədən 8-i, yəni yarısı müsəlman ölkələridir. Məlumat üçün qeyd edək ki, hazırda bu statusu Avstraliya, Misir, İsrail, Yaponiya, Cənubi Koreya, İordaniya, Yeni Zelandiya, Argentina, Bəhreyn, Filippin, Tailand, Küveyt, Mərakeş, Pakistan, Əfqanıstan  Tunis daşıyır. Yeri gəlmişkən, qardaş Pakistanın və dost Əfqanıstanın da bu ölkələr arasında olması diqqətəlayiq amildir.

ABŞ-ın NATO-dan kənar əsas müttəfiq statusu, onun bu statusu alan müttəfiqinə müdafiə və terrorizmə qarşı mübarizə layihələrində birgə işləmək, birgə təhqiqatlar aparmaq və müdafiə məsələləri ilə bağlı Vaşinqtondan maliyyə köməyi almaq imkan verir.

Azərbaycan Respublikası, düşmənin Tovuz istiqamətində təşkil etdiyi hərbi təxribatdan – döyüşlə kəşfiyyat əməliyyatı keçirməsindən (12-16 iyul 2020-ci il) sonra yaranmış mövcud hərbi-siyasi durumu da nəzərə alaraq, ABŞ-la Cənubi Qafqaz və Xəzərin rus-erməni təhdidi altına düşən regional enerji, nəqliyyat, ticarət və kommunikasiya təhlükəsizliyilə bağlı olaraq da intensiv məsləhətləşmələrə başlamalıdır.

Yeri gəlmişkən, Azərbaycan Respublikası NATO ilə “30+1” formatında məsləhətləşmələrə başlayarkən ABŞ-ın bu ittifaqın lideri olduğunu nəzərə almaqla birlikdə, bu məsələni də unutmamalıdır.

Həm ABŞ, həm də NATO ilə aparılacaq bu məsləhətləşmələrin nəticəsində həyati vacib regional enerji, nəqliyyat, ticarət və kommunikasiya dəhlizinin mühafizə və müdafiəsi üçün etibarlı, səmərəli və effektli təminat alınmalıdır.

Müsbət nəticənin əldə edildiyi halda, təbii ki, Xəzərdən Avropayadək uzanan, güclü, səmərəli və effektli perspektiv vəd edən bu regional təhlükəsizlik komponentindən ümumiyyətlə ölkəmizin müdafiə və təhlükəsizliyinin gücləndirilməsi üçün maksimal səviyyədə istifadə olunmalıdır.

Bəs ABŞ-ın strateji müttəfiqlərilə strateji münasibətlərin qurulması bizə nə verə bilər?

ABŞ-ın strateji müttəfiqləri dedikdə, ilk növbədə, başda Böyük Britaniya olmaqla, “Five Eyes” ölkələri (“5 Göz” – ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanın kəşfiyyat alyansı) və İsrail nəzərdə tutulur. Biz də burada, məlum səbəblər üzündən, əsasən Böyük Britaniya və İsraili nəzərdə tuturuq.

Böyük Britaniya böyük və dərin imperiya keçmişi, təcrübəsi, tarixi yaddaşı (o cümlədən regionumuz və Azərbaycanla bağlı), tarixi coğrafiyası olan, eyni zamanda BMT TŞ-nin 5 daimi üzvündən biri, nüvə silahına sahib olan, inkişaf etmiş demokratik dövlətdir.

Böyük Britaniya Cənubi Qafqaz və Xəzər regionunda, xüsusilə Azərbaycan Respublikasında iqtisadi, enerji, kəşfiyyat, təhlükəsizlik və siyasi maraqları olan bir dövlətdir.

O da nəzərə alınmalıdır ki,  Azərbaycan Respublikasının siyasi rəhbərliyinin Bukinqem sarayı ilə də xüsusi münasibətləri formalaşmışdır.

Bütün bunlara baxmayaraq, dərin təəssüf hissilə qeyd etməliyik ki, bugünədək rəsmi Bakı onun gücündən milli maraqlarımız naminə, xüsusilə işğal altındakı torpaqlarımızın azad olunması üçün, demək olar, istifadə etməyib. Hətta buna ciddi cəhd belə, etməyibdir. Halbuki bunu öz maraqları, o cümlədən siyasi maraqları ilə bağlı deyə bilmərik.

Azərbaycan Respublikası, Böyük Britaniyanın:

– siyasi, siyasi-diplomatik, maliyyə-iqtisadi, hərbi, hərbi-siyasi, hərbi-texniki, hərbi-texnoloji və mədəni gücünü;

– beynəlxalq, regional və lokal nüfuzu və təsirini, o cümlədən beynəlxalq ictimai rəyə təsirini;

– regiondakı, ələlxüsus da ölkəmizdəki (iqtisadi, enerji, kəşfiyyat, təhlükəsizlik və siyasi) maraqlarını;

– yeri gəlmişkən, ölkəmizdə (“sünni islamçı” qüvvələrdən ibarət) xüsusi destruktiv potensial yaratdığını;

– Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün istifadə edilməmiş böyük potensiala sahib olduğunu;

– AB-dən ayrılmasını, neoimperialist niyyətdə olmasını; –

və bu niyyətini həyata keçirmək, eyni zamanda kontinental Avropanı balanslaşdırmaq üçün yeni qlobal və regional siyasi strategiya üzərində çalışdığını, periferiya ölkələrinə, o cümlədən qardaş Türkiyəyə və ölkəmizə ehtiyacının yarandığını, bu ehtiyacın zamanla artacağını mütləq nəzərə almalı və onunla mövcud olan ikitərəfli münasibətlərini strateji səviyyəyə qaldırmalıdır.

Əslində, buna Böyük Britaniyanın da ehtiyacı vardır.

Bu səbəblə, Azərbaycan Respublikası Böyük Britaniya ilə, öncəliklə Bukinqem sarayı ilə siyasi-diplomatik münasibətlərin yeni, daha yüksək səviyyədə qurulması üçün aktiv, intensiv siyasi dialoqa başlamalıdır. Təbii, bu dialoq strateji xarakter daşımalı, Böyük Britaniya-Azərbaycan münasibətlərinin uzunmüddətli, geniş (hərtərəfli) və dərin əsaslar üzərində qurulmasını nəzərdə tutmalıdır.  Azərbaycan Respublikası Böyük Britaniya ilə strateji tərəfdaşlıq, heç olmasa, strateji əməkdaşlıq sazişinin imzalanmasına nail olmalıdır.

Rəsmi Bakı, Cənubi Qafqaz və Xəzər regionunda hərbi-siyasi dominantlıq edən, Azərbaycan Respublikasına qarşı vəkalət müharibəsi aparan neoimperialist Putin Rusiyası ilə Böyük Britaniya arasında münasibətlərin hazırda gərginləşdiyini və kəskinləşdiyini nəzərə alaraq, həmçinin ölkəmizə qarşı açıq düşmənçilik edən işğalçı Ermənistanın Rusiyanın strateji müttəfiqi, regiondakı strateji uzantısı olduğunu da nəzərə çatdıraraq, eyni zamanda Kral ailəsilə (şahzadə Çarlz vasitəsilə) və Rotşildlərlə əlaqələrindən də istifadə edərək, buna nail ola bilər. Ən azı, təkidli, ciddi cəhd etməlidir.

Əgər Azərbaycan Respublikası Böyük Britaniya ilə strateji tərəfdaşlıq, heç olmasa, strateji əməkdaşlıq sazişinin imzalanmasına nail ola bilərsə, onun siyasi, siyasi-diplomatik, maliyyə-iqtisadi, hərbi, hərbi-siyasi, hərbi-texniki, hərbi-texnoloji və mədəni gücündən, beynəlxalq, regional və lokal nüfuzu və təsirindən, o cümlədən beynəlxalq ictimai rəyə təsirindən öz milli maraqları, ələlxüsus da pozulmuş ərazi bütövlüyü, suverenliyi və sərhəd toxunulmazılığının bərpa olunması naminə, bu və ya başqa dərəcədə, istifadə edə, yararlana bilər.

Azərbaycan Respublikası Böyük Britaniya ilə birlikdə, ABŞ-ın digər strateji müttəfiqi olan İsrail Dövlətilə münasibətləri də, həqiqətən, strateji səviyyəyə qaldırmalıdır.

Çünki, əvvəla, İsrail Dövləti siyasi, iqtisadi, hərbi, kəşfiyyat və təhlükəsizlik, elmi, elmi-texniki, texnoloji və mədəni baxımdan inkişaf etmiş bir dövlətdir. Üstəlik, nüvə silahına sahibdir, de fakto nüvə dövlətidir. Əslində, özü təkbaşına böyük regional gücdür.

İkincisi, ciddi, hətta böyük sayıla biləcək real beynəlxalq nüfuz və təsirə, siyasi-diplomatik gücə sahibdir.

Üçüncüsü, Böyük Britaniya kimi, Cənubi Qafqaz və Xəzər regionunda, xüsusilə Azərbaycan Respublikasında iqtisadi, enerji, kəşfiyyat, təhlükəsizlik və siyasi, üstəlik, hərbi, hərbi-texniki maraqları olan  bir dövlətdir.

Dördüncüsü, İsrail Dövlətinə təkbaşına, yalnız olaraq deyil, dünya yəhudiliyi ilə birgə böyük çoxyönlü (siyasi-diplomatik, maliyyə-iqtisadi, hərbi, hərbi-siyasi, hərbi-texniki, kəşfiyyat, təhlükəsizlik, elmi, elmi-texniki, texnoloji, mədəni, informasiya, sosial-psixoloji və s.) güc olaraq baxılmalıdır.

Beşincisidünyanın bir çox ölkəsində, eyni zamanda Minsk qrupunun həmsədri olan hər 3 ölkədə – ABŞ, Fransa və Rusiyada böyük və güclü yəhudi diasporası və lobbisi mövcuddur.

Altıncısı, həm Azərbaycan Respublikasında yəhudi diasporası, həm də İsraildə ölkəmizdən olan yəhudi diasporası, yəni potensial Azərbaycan lobbisi mövcuddur.

Yeddincisi, həm tarixən Azərbaycanda yəhudi xalqına yaxşı, isti, xoş, ən azı, tolerant münasibət olmuşdur, həm bu münasibət bu gün də davam etməkdədir, həm də hazırda rəsmi Bakının İsrail Dövlətilə də, dünya yəhudiliyi ilə də xüsusi münasibətləri formalaşmışdır.

Təbii, Azərbaycan Respublikası bütün bunları nəzərə almalı və bu böyük gücdən, onun bütün potensialından məqsədyönlü, səmərəli və effektli istifadə etməlidir. Lakin dərin təəssüf hissilə qeyd etməliyik ki, bugünədək rəsmi Bakı bu böyük gücdən müəyyən istiqamətlərdə, müəyyən səviyyədə istifadə etsə də, ondan, bu böyük gücün potensialından milli maraqlarımız naminə, xüsusilə işğal altındakı torpaqlarımızın azad olunması üçün tam istifadə etməyib və ya edə bilməyib. Bu səbəblə, rəsmi Bakı yubanmadan bu böyük gücün bütün potensialından tam, ən azı, maksimal səviyyədə istifadə etməyin mümkün yollarını aramalı və tapmalıdır.

Azərbaycan Respublikası, İsrail Dövlətinin və dünya yəhudiliyinin:

– siyasi-diplomatik, maliyyə-iqtisadi, hərbi, hərbi-siyasi, hərbi-texniki, kəşfiyyat, təhlükəsizlik, elmi, elmi-texniki, texnoloji, mədəni, informasiya, sosial-psixoloji və s. gücünü:

– beynəlxalq, regional və lokal nüfuzu və təsirini, xüsusilə beynəlxalq ictimai rəyə təsirini;

– regiondakı, ələlxüsus da ölkəmizdəki (iqtisadi, enerji, hərbi, hərbi-texniki, kəşfiyyat, təhlükəsizlik və siyasi) maraqlarını;

– regional və lokal maraqları baxımından, regional geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olması səbəbilə, ölkəmizin strateji əhəmiyyətinin artdığını;

– Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün istifadə edilməmiş böyük potensiala sahib olduğunu;

– eyni zamanda ikitərəfli münasibətlərin hələ reallaşdırılmamış böyük potensiala sahib olduğunu;

– nəhayət, hər iki ölkənin qarşılıqlı olaraq bir-birinə ehtiyacının olduğunu, bu ehtiyacın artmaqda olduğunu və zamanla daha da artacağını mütləq nəzərə almalı və bu böyük qlobal güclə mövcud olan ikitərəfli münasibətlərini həqiqi strateji səviyyəyə qaldırmalıdır.

Bunun üçün Azərbaycan Respublikası:

– aktiv şəkildə həm İsrail Dövlətilə, həm də dünya yəhudiliyi ilə intensiv siyasi-strateji dialoqa başlamalı;

– yəhudi dövlətilə strateji tərəfdaşlıq sazişi imzalamalı və ikitərəfli münasibətlərə strateji – uzunmüddətli, hərtərəfli və dərin xarakter qazandırmalı;

– yəhudi dövlətilə siyasi, siyasi-diplomatik, iqtisadi və hərbi sahədəki münasibətlərin, xüsusilə hərbi-texniki, kəşfiyyat və təhlükəsizlik sahəsində olan münasibətlərin yeni, daha yüksək səviyyəyə qaldırılmasına öncəlik verməli;

– paralel və eynizamanlı olaraq, elmi, elmi-texniki, texnoloji, mədəni və humanitar sahələrdə münasibətləri öncəliklər sırasına daxil etməli;

– beləliklə, təkliflər paketində göstərildiyi kimi, İsrail Dövləti və dünya yəhudiliyi ilə mövcud yaxşı münasibətləri yeni, daha yüksək səviyyəyə qaldırmalıdır.

İsrail Dövləti və dünya yəhudiliyi ilə ikitərəfli münasibətlərin həqiqətən strateji xarakter alması üçün Azərbaycan Respublikası da qarşı tərəfə doğru müəyyən ciddi addımlar atmağa, məsələn, İsraildə siyasi-diplomatik nümayəndəliyini açmağa və ora Azərbaycandan olan yəhudi əsilli nüfuzlu bir şəxsi rəhbər təyin etməyə hazır olmalıdır. Əgər həmin şəxs  hazırda Azərbaycan Respublikasının vətəndaşı deyilsə, o halda, təbii ki, ona vətəndaşlıq verməlidir.

Sülhəddin ƏKBƏR,
Azad Demokratlar Partiyasının sədri,
istiqlalçı millət vəkili

Mənbə
strateq.az
Hamısını Göstər

Related Articles

Back to top button