Azərbaycan hərbi dənizçiləri İrandadır

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün yola düşən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi qulluqçuları İranın Ənzəli şəhərində qarşılanıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qarşılanma mərasimində İran Hərbi Dəniz Donanmasının nümayəndə heyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Hər iki ölkənin dövlət himni səsləndirildikdən sonra İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri, birinci dərəcəli kapitan Muhəmməd Vəkili hərbi dənizçilərimizi salamlayaraq onları ölkələrində görməkdən məmnunluğunu ifadə edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, birinci dərəcəli kapitan Həbib Xəlilov təntənəli qarşılanmaya və göstərilən diqqətə görə iranlı həmkarına minnətdarlığını bildirib.

Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button