Azərbaycan polisini qaralayan, hədəfə alan kimlərdir, hansı qüvvələrdir?

Xaçmazda qanunun tələbini xatırladan polis əməkdaşını döymüş Eldəniz Səlimov deputat mandatından məhrum edildi və barəsində həbs qətimkan tədbiri seçildi. Haqq edilən aqibətdir. Çünki o, həm də polis poqonundakı ay-ulduzların simvolizə elədiyi dövlətimizə, bayrağımıza əl qaldırmış, dil uzadıb həqarət etmişdi. Yəni bu, hər şeydən öncə dövlətə qarşı xuliqanlıq idi və cəzası mütləq olmalı idi.

Tutduğu vəzifəsindən asılı olmayaraq, hamı dərs götürməlidir bundan. Sənin kimdənsə, lap elə polisdən xoşun gəlməyə, narazılığın ola bilər. Ancaq bu narazılığı yoluna qoymağın sivil, hüquqi yolları var….

Əfsuslar olsun ki, deputatın həbsi fonunda Azərbaycan polisinə qarşı qərəzli, qarayaxma kampaniyası başlayıb. Hörmətli deputatımız Tahir Kərimli də parlamentdəki çıxışında bir növ Eldəniz Səlimova canıyananlıq edirmiş kimi deyib ki, “polisin yiyəsi var, Milli Məclisin isə yox”.
Çox uğursuz və təhlükəli bir müqayisədir, eyni zamanda ziyanlı düşüncədir. Açığı, belə müqayisəni ona yaraşdırmadıq.

Əvvəla, bir hüquqşünas kimi Tahir bəy bilməmiş deyil ki, qanunverici orqan olan parlament Azərbaycanda xalq hakimiyyətinin 3 müstəqil qanadından biridir. Demək ki, deputatların yiyəsi də məntiqlə Milli Məclisi seçən xalq sayılır. İkincisi və ən əsası, ortada konkret cinayət əməli, dövlətin aşağılanması faktı var və ona hüquqi qiymət verilməlidir ki, bir daha təkrarlanmasın. Heç kim köynəkdə doğulmayıb. Amma nə müşahidə edirik?

Bu gün Zirədə ürək göynədən bir olay baş verib. 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmova əri tərəfindən öldürülüb. Rəsmi məlumata görə, hazırda hadisənin törədilməsinə gətirib çıxardan səbəb və şəraitin araşdırılması məqsədi ilə intensiv istintaq əməliyyat tədbirləri davam etdirilir. O da bildirilir ki, hələ mart ayında bu gənc qadının əri tərəfindən illərlə işgəncələrə məruz qalması ilə bağlı sosial şəbəkədə məlumat yayılıb. İddia edilir ki, ərinin təzyiqlərinin dayandırılması üçün Daxili İşlər Nazirliyinə müraciət edilsə də, nəticə olmayıb.

Yəni qatı cinayətkar dura-dura günahı yenə polisin üstünə atmaq cəhdi var. Halbuki, polisdə çalışan yadplanetlilər deyil, onlar da bu xalqın övladlarıdır, bir çoxu gənc ailə başçılarıdır. İnandırıcı deyil ki, belə həssas vəziyyətlərdə polis bir gənc ananın taleyinə laqeyd qalsın, daş ürəklilik göstərsin. Elə az öncə DİN-in həmin cinayət hadisəsi ilə bağlı yaydığı məlumatda belə bis sitat yer alıb “Diqqətə çatdırırıq ki, polis tərəfindən qanunvericiliyə uyğun olaraq bütün zəruri istintaq hərəkətləri yerinə yetirilib. Həmin vaxt Sevinc Məhərrəmovaya müvafiq qadın sığınacağına yerləşdirilməsi təklif olunub, lakin sonuncu bundan imtina edərək ailəsindən və övladlarından ayrılmaq istəmədiyini bildirib”.

Başqa sözlə, bəri başdan bütün polis sistemini qaralamaq ən azından insafsızlıqdır. Polis kimdir? Bizim övladlarımız, qardaşlarımız, ailə üzvlərimiz. Millətin içindən çıxan gənclər, poqonlu vətəndaşlarımızdır. Ölkədə asayişi təmin edən, bir çox hallarda bu zaman öz həyatını riskə atan, gecə-gündüz bilməyən polisin zəhmətini kiçiltmək ədalətsizlikdir.

Elə bu günlərdə Yasamalda axtarışda olan bir narko-tacirin saxlanması zamanı sonuncu özünü partlatmış, bir neçə polis əməkdaşı yaralanmışdı. 2015-cı ilin mayında Binəqədidə çoxmərtəbəli binada faciəvi yanğın zamanı ön sırada olan, həyatını təhlükəyə atıb binadan neçə-neçə körpəni, digər dinc sakinləri xilas edən bizim polis deyildimi? Körpəni alovdan çıxaran polis serjantı Şahin Oocayevin körpə ilə o məşhur fotosu hətta Qərb mediasında manşet olmuşdu.

Yaxud Qarabağda, Çaykənddə hələ nizami ordumuz olmayan vaxtlarda uğurlu əməliyyatlar keçirib erməni separatçı quldurlara qan udduran bizim milis -polis dəstələri deyildimi? İlk şəhidlərimiz də polislərdən olmayıbmı? Onların arasında polis mayoru Əlif Hacıyev kimi neçə-neçə Milli Qəhrəmanınız da var.

photo_2021-08-03_21-48-31.jpg (59 KB)

Azərbaycan polisi nizami, qüdrətli ordumuz olmasına baxmayaraq, 2-ci Qarabağ savaşındakı tarixi qələbəmizə də öz layiqli töhfəsini verib.

Gəncədə xain qəsd ilə öldürülən, Şuşada, Xocavənddə döyüşən, azad edilmiş ərazilərimizdə, fəqət minalarla dolu Kəlbəcərdə, Ağdamda, Füzulidə gecə-gündüz keşik çəkən bizim polis deyilmi?

Əlbəttə ki, ”meşə çaqqalsız olmur”. İstənilən dövlət strukturu kimi, polis sistemi də qüsursuz deyil. Burda da təsadüfi olanlar, polisin (oxu: dövlətin) şərəfinə, polis poqonuna xələl, ləkə gətirənlər var. Vaxtaşırı onların da cəzalanmasının, polis orqanlarından xaric edilməsinin şahidi oluruq axı. Bu ilin fevralında Yasamalda gözəllik salonlarının birində karantin qaydaları ilə bağlı özünü haqsız, yekəxana apardığı və onun xanım işçisinə qarşı kobudluq elədiyi üçün polis sıralarından qovulan sahə müvəkkili Qubad Qubadov kimi (Xaçmazdakı olayın tam əksi və polis rəhbərliyinin yenə düzgün qərar verməsi)…

Sözü ona gətiririk ki, nə bir deputata görə Milli Məclis qaralanmalı, nə də hansısa olayda polisin neqativ davranışına görə bütövlükdə polisə qarşı kampaniya aparmaq yolerilməzdir. Kiminsə xoşuna gəlsə də, gəlməsə də, polis – dövlətin, dövlətçiliyin ən mühüm, ən vacib iç dayaqlarından biri, əsas sütunlarındandır. Ölkədə daxili sabitliyi təmin edən, kritik situasiyalarda ən öndə olan, ən birinci köməyinə ehtiyac duyduğumuz və axtardığımız yenə məhz polis qüvvələridir.

photo_2021-08-03_21-51-19.jpg (34 KB)

Bu mənada polisi hədəf almaq – dövləti hədəf almaq, dövləti sarsıtmaq cəhdidir. Lütfən, oturduğumuz budağı baltalamayaq! Polisə rəğbətimiz – hər şeydən öncə dövlətə, bayrağımıza rəğbətdir və nida işarəsi!

Hamısını Göstər

Related Articles

Back to top button