Azərbaycan və Mərakeş parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Oktyabrın 2-də Azərbaycanla Mərakeş arasında parlamentlərarası əlaqələr üzrə işçi və dostluq qrupu arasında Milli Məclisdə görüş keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Polise.az -a bildiriblər ki, görüşdə Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İmamverdi İsmayılov və Mərakeş Krallığı Parlamentinin Mərakeş-Azərbaycan dostluq qrupunun rəhbəri Abderrazak Ahluş bir araya gəliblər.
İmamverdi İsmayılov bu yaxınlarda Mərakeşdə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı dərin kədərini bölüşərək, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını diləyib.
O, iki ölkə arasında münasibətlərin uğurla inkişaf etməsindən danışıb. O, qonağı 30 illik işğalın acı nəticələri, Zəfərimiz və işğalın aradan qaldırılması yönündə aparılan işlər barədə məlumatlandırıb. Bildirilib ki, Azərbaycan Ermənistana sülh sazişinin imzalanması barədə təklif verib, işğaldan azad edilmiş ərazilərdə artıq reinteqrasiya tədbirləri həyata keçirilir.
Mərakeş Krallığı Parlamentinin Mərakeş-Azərbaycan dostluq qrupunun rəhbəri Abderrazak Ahluş Azərbaycanı ərazi bütövlüyünün bərpası ilə nəticələnən qələbəsinə görə təbrik edib, işğalın nəticələrinin aradan qaldırılması üçün aparılan genişmiqyaslı yenidənqurma işlərində uğurlar diləyib. Qonaq parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
Söhbət zamanı Azərbaycan və Mərakeş parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Polise.az