Azərbaycana casusluqda ittiham olunan sabiq kəşfiyyat rəhbəri ilə bağlı yeni detallar

Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) sabiq rəhbəri Auqust Hanninqlə bağlı istintaqın Azərbaycanla heç bir əlaqəsi yoxdur.
Polise.az xəbər verir ki, bu barədə məlumatları mənbələr “AnewZ” telekanalına deyiblər.
Mənbələrin sözlərinə görə, Almaniyanın kəşfiyyat orqanları Azərbaycan tərəfinə işin digər ölkələrlə bağlı olduğunu bildiriblər. Mənbələr həmçinin Hanninqin əldə etdiyi iddia edilən məxfi materiallardan əsas materialları üçüncü tərəflərə vermədən analitik hesabatlar hazırlamaq üçün özü istifadə etdiyini vurğulayıblar.
Almaniya prokurorları xarici kəşfiyyat xidmətlərinin və ya əlaqəli ölkələrin adlarını açıq şəkildə açıqlamayıblar. Media və Yayım Şurası Azərbaycanı bu işlə əlaqələndirən məlumatları “dezinformasiya” adlandırıb.
Almaniya mediası bundan əvvəl BND-nin sabiq rəhbərinin vəzifədə olduğu dövrdə Azərbaycan və bir sıra digər ölkələrə məxfi məlumatlar ötürdüyünü iddia etmişdi.



