Paşinyandan əsgərimizlə bağı yeni açıqlama: Heç olmasa, bir müddət burada saxlanılmalıdır

“Naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan ordusunun əsgəri Nəsimi Musayev açılan cinayət işi çərçivəsində mümkün cəzasının bir hissəsini burada çəkməlidir”.
Polise.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Hökumət başçısı əsgərin sərhədi qanunsuz keçdiyini bildirib.
“İş araşdırılmalı, məhkəməyə göndərilməli, məhkəmə qərar çıxarmalı, qərar qanuni qüvvəyə minməli və heç olmasa, cəzanın bir hissəsi Ermənistan Respublikasında çəkilməlidir”, – o qeyd edib.
Paşinyan əlavə edib ki, Azərbaycan əsgəri silahla saxlanılarkən Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyib və yaralı olub. O, saxlanılma görüntülərinin ictimaiyyətə açıqlanmamasının səbəbinin də məhz bu olduğunu istisna etməyib. Həmçinin belə bir videonun çəkilib-çəkilmədiyini dəqiq deyə bilməyib və əlavə məlumat verəcəyinə vəd verib.
Baş nazir hüquq-mühafizə orqanlarından saxlanılan əsgərin görüntülərini ictimaiyyətə açıqlamamağı xahiş etdiyini etiraf edib.
“Erməni, türk, azərbaycanlı sualları nə üçündür? Bu vurğuların nəyə gətirib çıxardığını anlamalıyıq. Baş verən hadisənin bu gün meydanda (media sahəsində) gördüyümüz bütün fərziyyələrlə heç bir ortaq cəhəti yoxdur. Hadisə o həddə çatıb ki, insanlar sülhü şübhə altına alırlar. Baxmayaraq ki, onlar bu hadisədən əvvəl də bunu şübhə altına alırdılar. Həmin insanlar üçün nə baş verdiyinin, niyə baş verdiyinin və hansı şərtlər altında baş verdiyinin əhəmiyyəti yoxdur. Bu, onların dediklərini dəyişmir”.
Baş Prokurorluğun Mətbuat xidməti oktyabrın 1-də bəyan edib ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib.
Bununla yanaşı, hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib.
Araşdırma zamanı toplanmış materiallar əsasında Hərbi Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hazırda iş üzrə zəruri istintaq və digər prosessual hərəkətlər davam etdirilir.
Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan Respublikasının ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.
Hazırda Nəsimi Musayevin Ermənistan Respublikası ərazisində olması, saxlanılması, habelə hadisənin digər hallarının aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən qarşı tərəfin müvafiq qurumları ilə zəruri təmaslar davam etdirilir.
Cinayət işi üzrə istintaqın gedişi və nəticələri barədə qanunvericiliyin tələblərinə uyğun olaraq ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Polise.az



