Azərbaycanda bəzi şəxslər 20 il daha tez pensiyaya çıxa bilərlər – Qanun nə deyir? – VİDEO

Azərbaycanda həm kişilər, həm də qadınlar üçün ümumi pensiya yaşı 65-dir.
Polise.az bildirir ki, Oxu.az-ın “Qanun nə deyir?” rubrikasının bugünkü mövzusu erkən pensiyaya çıxmaq hüququ ilə bağlıdır.
Kimlər pensiyaya daha tez çıxa bilər?
Azərbaycan qanunvericiliyinə əsasən, bəzi şəxslər üçün pensiya yaşı 5, 15 və ya 20 ilədək azaldıla bilər.
Məsələn, beş və daha çox uşağı olan qadınlar, həmçinin əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar müəyyən şərtlərlə 60 yaşında pensiyaya çıxa bilərlər.
Bu güzəşt uşaqların səkkiz yaşınadək sağ olması şərti ilə tətbiq edilir.
Bundan başqa, ana vəfat edərsə, valideynlik hüququndan məhrum edilərsə və ya boşanma zamanı uşaqlar atanın himayəsinə verilərsə, ata da qanunda nəzərdə tutulan şərtlərlə 5 il daha tez pensiyaya çıxa bilər.
Xüsusilə zərərli və ağır, yeraltı işlərdə və incəsənətin müəyyən sahələrində çalışan şəxslər də 5 il daha tez pensiyaya çıxa bilərlər. Bunun üçün kişilərin həmin işlər üzrə ən azı 12 il 6 ay, qadınların isə ən azı 10 il stajı olmalıdır.
Mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində müəyyən edilmiş staja malik şəxslərin pensiya yaşı 15 il azaldılır.
Hipovizqanizm xəstəliyi olan şəxslər və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslər üçün isə yaş həddi 20 il azaldılır. Yəni qanundakı digər şərtlər ödənildikdə 45 yaşında pensiya hüququ yarana bilər.
Beləliklə, ümumi pensiya yaşı 65 olsa da, qanunvericilikdə müəyyən kateqoriyalar üçün daha erkən pensiyaya çıxmaq imkanları nəzərdə tutulub.
https://youtu.be/pw8quR7nLIA?si=-DNom_Gm8dOobvZI



