Azərbaycanda istefa verən məşhurlar
Azərbaycan cəmiyyəti məmurların istefa verməsinə adət etməyib. Buna baxmayaraq, Azərbaycanda da bəzi rəhbər şəxslər istefa ərizəsi yazıblar.
2019-cu ildə Baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov istefa ərizəsi ilə Prezident İlham Əliyevə müraciət ediblər. Prezident Ə.Həsənov və H.Abutalıbovu istefa ərizələri ilə bağlı qəbul edərkən onların bu qərarlarının hökumətdə olan digər yaşlı məmurlar üçün də nümunə olacağına inandığını qeyd etmişdi.
Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Akif Əlizadə də istefa verən məşhurların siyahısındadır. O, bu qərarını 2019-cu ilin oktyabr ayında açıqlayıb.
Pandemiyanın Azərbaycanda tüğyan etdiyi dövrdə cəmiyyətdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) qarşı fikirlər birmənalı deyildi. İnsanlar sözügedən qurumun fəaliyyətindən narazılıqlarını ifadə edirdilər. Bunun nəticəsi olaraq 2021-ci ilin sentyabr ayında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı istefa verdiyini açıqladı.
Uzun illər Prezident Administrasiyasının rəhbəri vəzifəsini tutan Ramiz Mehdiyev bu vəzifəsindən azad edildikdən sonra fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti kimi davam etdirdi. Sabiq PA rəhbərinin AMEA-da fəaliyyəti birmənalı qarşılanmadı. Belə ki, bəzi akademiklər, institut rəhbərləri onun AMEA prezidenti kimi fəaliyyət göstərməsinin əleyhinə çıxdılar. Bu hadisələrdən sonra 2022-ci ilin fevral ayında Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsindən istefa verdi.
Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvanda keçirdiyi “anti-korrupsiya” əməliyyatlarından və yüksək vəzifəli şəxslərin həbs edilməsindən sonra Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov da istefa verdi. İstefa qərarını bu gün açıqlayan V.Talıbovun vəzifəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalova havalə edilib.
Qeyd edək ki, Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan MR-nın Ali Məclisinin sədri olub.