Azərbaycanın maraqlarına xəyanət edənlər müstəsna cəzaya layiqdirlər

Hələ 44 günlük müharibədən öncə Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyan “qadınların sülh hərəkatı” adlı qondarma proses başlatmışdı. Məqsədləri Azərbaycan torpaqlarının işğalını “sülh adı” altında legitimləşdirmək, erməniləri “sülhpərvər”, azərbaycanlıları “barbar” göstərmək idi. O zaman bir çox “azərbaycanlı” da Akopyanın “sülh” adı altında “işğal” planına qoşulmuşdu. Onların kimliyi 44 günlük Vətən müharibəsində ortaya çıxdı.

Azərbaycan ordusu 30 ilə yaxındır davam edən işğala qarşı haqq mübarizəsi apararkən, Akopyanın “dəstəsindən” olan “azərbaycanlılar” müharibə əleyhinə bəyanata qoşuldu və açıq şəkildə “işğalın” başa çatdırılmasına qarşı çıxdılar. Akopyanın “dəstəsi” arasında olanlardan biri də Jalə Bayramova idi. Bəli, Qubad İbadoğlunun qızı olan Jalə Bayramova.

O Qubad İbadoğlu ki, Azərbaycanın maraqlarını müdafiə etdiyini iddia edir, amma gerçəkdə anti-Azərbaycan şəbəkəsinin oyunlarının iştirakçısıdır, təkcə özü yox, qızı da bunu edir, hətta bundan “qürur duyduğunu” gizlətmir də. Sual yaranır, Qubad İbadoğlu hansı “millilikdən”, “vətənpərvərlik”dən bəhs edir?

Məsələ təkcə Q.İbadoğlunun erməni diasporunun da içində olduğu anti-Azərbaycan şəbəkəsində yer alması, maddi və siyasi maraqları naminə Azərbaycan dövlətinə qarşı proseslərdə iştirak etməsi ilə yekunlaşmır. Özü dildə erməni maraqlarını müdafiə etmədiyini iddia etsə də əməldə gerçək başqadır. Ən böyük gerçək isə Q.İbadoğlunun qızı Jalə Bayramovanın ermənilərlə “qol-boyun” olaraq, Azərbaycana qarşı işləməsi, bunu açıq şəkildə etməsidir. Övladlar atalarını seçməyə bilər, amma atalar övladlarına görə məsuliyyət daşıyır, ən azı ona verdiyi tərbiyəyə görə. Jalə Bayramovanın erməni sevgisi Qubad İbadoğlunun öz qızını necə yetişdirdiyinin nümunəsidir. Burada günahın ən böyüyü də elə İbadoğlunun üzərinə düşür, çünki J.Bayramova onun yetişdirdiyi, bu ölkəyə qoyduğu “miras”dır.

Qubad İbadoğlunun “mirası” ermənilərə işləyən, anti-milli, həm də bütün mənəvi dəyərləri aşağılayaraq, LGBT-çiləri dəstəkləyən övladdır. Onun qızının ermənilərlə işləməsi hər-hansı iddia, yaxud ehtimal deyil, faktdır.

Akopyanın “dəstəsi”nin üzvü olan J.Bayramova 44 günlük müharibədən sonra da erməni sevgisindən əl çəkmədi. Hələ Laçın-Xankəndi yolunda ekoaksiya keçirilən zaman o, “Qarabağ blokadadır”, “ermənilərə zülm edilir” kimi iddiaları irəli sürürdü. Q.İbadoğlu paylaşımlarının birinin şərh bölümündə qızına haqq qazandırdığını da etiraf etmişdi.

Bütün bunlara rəğmən, Q.İbadoğlu hələ də “millilikdən”, “Azərbaycan maraqlarından” danışmağa cəhd edəcək qədər ikiüzlülüyündən əl çəkmir.

3 sentyabr 2023-cü il: bu tarix Qubad İbadoğlunun qızı Jalə Bayramovanın Vətən xainliyinin növbəti faktının ortaya çıxdığı təqvimdir.

J.Bayramova erməni Lusine Canyanla birlikdə Azərbaycan əleyhinə bəyanat yayıb. Bəyanatda “azərbaycanlı” Jalə və erməni Lusine Nobel Fondunu Azərbaycanla əməkdaşlıqdan imtina etməyə çağırır.

“Hər ikimiz Azərbaycanda doğulmuşuq. Birimiz Lusine 1988-ci ildə ermənilərə qarşı törədilən qırğınlardan qaçmışıq, digərimiz Jalə on ildən sonra Bakıda doğulmuşdu. Heç birimiz geri dönə bilmərik”.

Bəyanat bu cümlələrlə başlayır. Bu, 1988-ci ildə azərbaycanlılara qarşı soyqırımı törədən Ermənistanın “Azərbaycanda ermənilərə qırğınlar törədilib” iddiasının Jalə Bayramovanın da dəstəklədiyinin sübutudur.

Bəyanatda Qarabağdakı erməni separatçılar dəstəklənir, “Qarabağ Azərbayan üçün ambisiya, ermənilər üçün isə yaşamaq yeridir” qeydi ilə anti-Azərbaycan mövqeyi çılpaqlığı ilə ortaya qoyulur. Bəyanatı Laçın yolunun bağlanması, Qarabağın “blokadada” qalması, ermənilərə qarşı “soyqırımı” kimi İrəvan mətbəxində hazırlanan iddialar bəzəyir, “erməni irsinin” Azərbaycan tərəfindən “məhv edildiyi”nə qədər absurd və yalanlar müdafiə olunur.

Bəyanatda bir cümlə belə Ermənistanın azərbaycanlılara qarşı soyqırımı və işğal siyasətinə həsr olunmayıb, Xocalı soyqırımından, azərbaycanlıların deportasiyasından, torpaqlarımızın işğalından bəhs edilmir. Bəyanat başdan ayağa Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış mətndən ibarətdir. Belə bir bəyanatı imzalayan Jalə Bayramova ermənidən daha çox ermənilik etdiyini ortaya qoydu. Bu, Qubad İbadoğlunun Azərbaycan üçün yaratdığı “erməni mirası”dır. Qızının bu qədər anti-milli, ermənipərəstliyindən sonra Q.İbadoğlunun danışmağa belə haqqı olmamalıdır. Çünki nə tarix, nə də bu xalq siyasi və maddi maraqları naminə ölkəsini ermənilərə satanları heç vaxt unutmayacaq, heç vaxt bağışlamayacaq.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button