Azərbaycanın və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri arasında telefon danışığı olub
Aprelin 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Polise.az -a bildiriblər ki, telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən regional proseslər müzakirə edilib. Nazirlər müqəddəs Ramazan ayı münasibətilə təbriklərini və ən xoş arzularını çatdıraraq, bu mübarək ayın bütün İslam dünyasına sülh, birlik və əmin-amanlıq gətirməsini diləyiblər.
Ceyhun Bayramov Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və digər sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnuniyyətlə qeyd edərək, münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və təmasların mühüm rol oynadığını bildirib. Xüsusilə iki ölkə arasında beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı dəstəyin və həmrəyliyin nümayiş etdirilməsi məmnunluqla xatırlanıb. Feysəl bin Fərhan Al Səudun ölkəmizə ötənilki səfəri və cari ilin fevralında Xarici İşlər nazirlikləri arasında keçirilmiş məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.
Feysəl bin Fərhan Al Səud iki ölkə arasında dost münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd edib. Ali və yüksək səviyyəli təmasların, o cümlədən qarşılıqlı səfərlərin əhəmiyyətindən bəhs edilərək, bu kimi təmasların münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaratdığı bildirilib.