Azərbaycanın Vatikandakı səfirliyi Müstəqillik Günü və Ümummilli Liderin 100 illiyi ilə bağlı rəsmi qəbul keçirib

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi 28 May – Müstəqillik Günü və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib.

Polise.az xəbər verir ki, Azərbaycanın İtaliyadakı Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Müqəddəs Taxt-Tacın rəsmiləri, digər dövlət və hökumət qurumlarının nümayəndələri, Vatikanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, işgüzar dairələrin və ictimaiyyətin tanınmış nümayəndələri, eləcə də həmvətənlərimiz iştirak ediblər.

Ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov 105 il öncə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını və müasir Azərbaycan Respublikasının 1991-ci ildə öz müstəqilliyini bərpa etdiyini bildirib. Səfir xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev uzaqgörən siyasəti və əvəzsiz xidmətləri sayəsində ölkəmizin hazırda regionda söz sahibi olduğunu qeyd edib. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın nüfuzlu qlobal platformalara ev sahibliyi edən dünya miqyasında aparıcı oyunçuya çevrilib və ölkəmizin nüfuzu gündən-günə artmaqdadır.

İ.Muxtarov 31 il əvvəl Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlərin qurulduğunu və qarşılıqlı hörmətə əsaslanan iki ölkənin əlaqələrinin böyük inkişaf yolu keçdiyini deyib. Səfir 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın ilk prezidenti kimi İtaliyaya rəsmi səfəri çərçivəsində Vatikanda mühüm görüşlər keçirdiyini, Papa II İohan Pavelin 2002-ci ildə və Papa Fransiskin isə 2016-cı ildə Azərbaycana səfər etdiklərini, bu illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Müqəddəs Tax-Taca rəsmi səfərlərinin olduğunu xatırladıb. Qeyd edib ki, Azərbaycan-Vatikan əlaqələri qarşılıqlı hörmətə, dialoqa, birgə əməkdaşlığa və ortaq maraqlara əsaslanır. Bundan başqa, Heydər Əliyev Fondunun iştirakı ilə Vatikanda mədəni və bədii irsin mühüm nümunələrinin bərpası layihələri həyata keçirilir.

Səfir Azərbaycanın 2020-ci ildəki Vətən müharibəsində torpaqlarını işğaldan azad etdiyini və beynəlxalq hüquq normalarına uyğun ədalətin bərpa olunduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan regionda sülhün və birgəyaşayışın tərəfdarıdır.

İ.Muxtarov Azərbaycanın Kiş kəndindəki Alban kilsəsinin Qafqazın ilk apostol mənşəli xristian kilsəsi olduğunu bildirib. Qeyd edib ki, hazırda ölkəmizdə xristianlığın demək olar ki, bütün cərəyanları təmsil olunur, dövlətin dini siyasətinin əsas məqsədi minilliklər ərzində yaradılmış tolerantlıq ənənələrinin qorunub saxlanılması və təbliğindən ibarətdir.

Daha sonra çıxış edən Müqəddəs Taxt-tacın dövlətlərlə əlaqələr üzrə katibinin müavini monsenyor Miroslav Vaxovski Müstəqillik Günü və Ulu Öndər Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycanın Müqəddəs Tax-Tacda səfirliyinin təsis olunması üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib, səfirliyin ikitərəfli əlaqələrin daha da inkişafına xidmət edəcəyini qeyd edib.

M.Vaxovski Papa II İohan Pavel və Papa Fransisk, eləcə də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkələr arasında yüksək səviyyəli əməkdaşlığın inkişafın baxımından əhəmiyyətini vurğulayıb. Heydər Əliyev Fondunun layihələrinin Vatikanda yüksək qiymətləndirildiyi bildirilib.

Mərasimdə Azərbaycanlı musiqiçilər Nisbət Sədrayeva, Rüstəm Müslümov və Elnur Salahovdan ibarət muğam triosunun ifasında Qarabağla bağlı musiqilər səsləndirilib. Həmçinin Azərbaycan ilə Müqəddəs Taxt-Tac əlaqələrinə dair videoçarx və fotosərgi nümayiş olunub. Sonda rəsmi ziyafət verilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button