“Baydenin gəlişi ilə ABŞ-ın Qarabağ siyasəti çox dəyişəcək?”-Tofiq Zülfüqarov cavab verir…

“Qərbin regiondakı fəaliyyətini Türkiyə vasitəsilə həyata keçirməsinə yönəlik siyasəti bizim üçün daha faydalıdır…”

“Belə informasiyaların xaricdə yayılmasının mənbəyini də mən axtardım. Məlum oldu ki, bu cür məlumat ilk olaraq Kanadanın hansısa bir tanınmamış saytı tərəfindən yayılıb. Bunun da etibarlılığı şübhə altındadır. Ancaq burada digər bir məsələ də var. Hesab edirəm ki, Qərbdəki bu cür  informasiyalar Rusiya sülhməramlılarına qarşı yönəlib və məqsəd də ondan ibarətdir ki, Azərbaycanda onlara qarşı ciddi etiraz yaransın…” 

Bu fikirləri moderator.az-a açıqlamasında artıq Amerika mediasında, “BBC”-də də yer alan “Sülhməramlılar Qarabağdakı ermənilərə Rusiya pasportu paylayır” məsələsinə münasibət bildirən sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov söyləyib.

“Yəni belə informasiyaların gündəmə çıxarılmasını bir növ Ağ Ev siyasətinin tərkib hissəsi saymaq olarmı?” sualına cavab olaraq politoloq belə deyib:

“Bəli, bu da ola bilər. Bilirsiz, Türkiyə-Rusiya əməkdaşlığına qarşı çıxanlar yalnız ermənilər, ermənipərəst dairələr  deyil. Burada Qərbin,  ABŞ-ın da adını çəkə bilərik. Hətta Türkiyənin özündə də bu əməkdaşlığa yaxşı baxmayan qüvvələr var. Onlar hesab edirlər ki, Türkiyə, əksinə, daha çox Qərblə əməkdaşlığı gücləndirməlidir. Amma bizə gəldikdə düşünürəm ki, Türkiyə-Rusiya əməkdaşlığı son Qarabağ savaşının nəticələrinə də böyük təsir göstərdi. Bu ölkələr arasında razılaşma olmasa, ümumiyyətlə, son müharibənin ssenarisi də fərqli ola bilərdi. Biz bunu qəbul etməliyik. Rusiya da, Türkiyə də qarşılıqlı olaraq aralarında hərbi toqquşma olmasını istəmirlər. Odur ki, bu tandemin bizim üçün sərfəli olmasını hesab edirəm…”

“Yeri gəlmişkən, Co Baydenin andiçmə mərasiminə, yəni birbaşa Ağ Evdə hakimiyyət kürsüsünə yiyələnməsinə 20 günə yaxın vaxt qalır. Sizcə, onun gəlişindən sonra ABŞ dövlətinin Qarabağ məsələsinə, eləcə də Türkiyəyə münasibətdə siyasəti çox dəyişəcəkmi?” sualını isə T.Zülfüqarov bu cür cavablandırıb.

“Çətindir bunu söyləmək, hələlik gözləyək. Çünki siyasətdə  belə bir xüsusiyyət var: seçkilərdən öncə iddialı olan siyasətçilər çox da reallığa uyğun danışmır. Amma hakimiyyətə gəlib gerçəkliklə qarşılaşandan sonra fərqli siyasət yürüdürlər. Hesab edirəm ki,  Bayden administrasiyasının xarici siyasətinin fəallaşmasını biz yalnız yanvardan sonra gözləyə bilərik. Və heç də inanmıram ki, Qarabağ mövzusu bu siyasətdə prioritet olsun… Gəlin bir az gözləyək. Hər halda biz hər bir vəziyyətə hazırıq. Çünki Türkiyənin bu bölgədəki varlığı faktiki olaraq ABŞ-a onun hansısa maraqlarını Rusiya qarşısında müdafiə etməsinə şərait yaradır. Və bu baxımdan Qərbin regionda öz fəaliyyətini Türkiyə vasitəsilə həyata keçirməsinə yönəlik siyasəti bizim üçün daha faydalıdır. Baxaq, görək nə baş verəcək?.. Bu saat əsas aktual məsələlərdən biri də ondan ibarətdir ki, Bayden administrasiyası İranla münasibətləri hansı şəkildə görür və bunu necə quracaqdır. İranla qonşuluq və s. baxımdan bu da Azərbaycan üçün ciddi amildir… Bir sözlə, hələlik konkret nəsə söyləmək üçün mənzərə çox mürəkkəbdir…”- deyə sabiq baş diplomat vurğulayıb.

Hamısını Göstər

Related Articles

Back to top button