“Belarus düyünü”: Putin riskə getmək istəmir

Belarusda avqustun 9-da keçirilən prezident seçkilərindən sonra müxalifətin başlatdığı etiraz aksiyaları davam edir. Müxalifətin keçirdiyi nümayişlər artıq Aleksandr Lukaşenko üçün təhlükəli həddə çatır.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80 faiz səslə qalib gəldiyini elan edib. Belarus Prezidentinin əsas rəqibi Svetlana Tixanovskayanın isə 10 faiz səs topladığı açıqlanıb. Seçkilərdən sonra isə nəticələrə etiraz olaraq nümayişlər keçirilir.

Lukaşenko isə müxalifətin mitinqini dövlət çevrilişi kimi dəyərləndirib. A. Lukaşenko deyib ki, hakimiyyət Konstitusiya və qanunlara uyğun olaraq bütün adekvat tədbirləri görəcək:

“Müxalifət hakimiyyəti ələ keçirmək üçün Koordinasiya Şurası yaratmağa qərar verib”.

Xatırladaq ki, Prezidentliyə namizəd olmuş Svetlana Tixanovskaya hakimiyyətin ötürülməsinin təmin olunması üçün Koordinasiya Şurasının yaradılması təşəbbüsü ilə çıxış edib. O, dialoqa hazır olduğunu da bildirib.

Lukaşenko isə mövcud vəziyyətdən çıxmaq, öz hakimiyyətini qorumaq üçün Rusiyadan kömək gözləyir. O, artıq hadisələrdən sonra bir neçə dəfə Rusiya prezident Vladimir Putinlə telefonla danışıb.

Məlumdur ki, Rusiya və Belarus arasında İttifaq müqaviləsi var. Maraqlıdır, Belarusda xalq hakimiyyət orqanlarını ələ keçirsə Rusiya müdaxilə edəcək? İttifaq müqaviləsi Rusiyaya belə bir hüquq verirmi?

“Müxalifətin gücü artarsa, polis və ordu da seçim qarşısında qala bilər”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, Lukaşenko getdikcə mövqelərini itirir:

“Lukaşenkonun mövqeləri zəifləyir. O, 26 ildi belə çətin duruma düşməmişdi. Təsəvvür edin ki, istinad etdiyi zavod və fabriklərin kollektivləri də Lukaşenkodan imtina edir. Müxalifətin gücü artarsa, polis və ordu da seçim qarşısında qala bilər. Ona görə də Lukaşenko həyəcan təbili çalır, yalan deməyə çalışır ki, guya Belarusda dövlət çevrilişi baş verir. Ötən gün də deyirdi ki, müxalifət rus dilini sıxışdırmaq istəyir. Çox qəribədir ki, belaruslular öz dilində danışmaq istəyir, müxalifət bunu ön plana çəkir, Lukaşenko isə bunu elə təqdim edir, guya ölkədə rus dili sıxışdırılır. Lukaşenko heç vaxt bir nəfərin Belarus dilində danışdığını bəlkə də görməyib. Müxalifət də haqlı tələb irəli sürür. Bütün hallarda Lukaşenko getdikcə zəifləyir. Lukaşenko artıq bir neçə dəfə Rusiya prezidenti Putinlə telefonla danışıb, yəqin ki, kömək də istəyib. Putin isə çox dərin fikrə gedib. Çünki Lukaşenkoya dəstək versə və desə ki, o, qanuni prezidentdir və İttifaq müqaviləsi çərçivəsində biz ona hərbi dəstək verə bilərik, o zaman Belarus xalqı ilə üz-üzə qalacaq. Keçmiş SSRİ-də bu cür səhvlər edirdi və Sovet İttifaqının sonrakı taleyi bəllidir. Məsələn, SSRİ 1956-cı ildə Macarıstana qoşun yeritdi ki, xalq öz istədiyi iqtidarını qoruya bilməsin və faktiki olaraq çevriliş etdi. 1968-ci ildə Sovet tankları Praqaya girdi, çünki çex xalqı da dəyişiklik istəyirdi. Sonradan SSRİ özü dağıldı və Şərqi Avropa ölkələri müstəqil dövlətlərə çevrildi. Eyni ilə Belrarusda da oxşar vəziyyətdir və Putin bu haqda düşünür. Putin düşünür ki, Lukaşenkonu silah gücünə xilas etsə, Belarus xalqı Rusiyadan imtina edəcək. Necə ki, Rusiya Ukraynanı itirdi, Belarusu da eyni yolla itirə bilər. Əgər Rusiya Belarusa ordu yeritsə, Qərbin sanksiyaları daha da artacaq. Bu da Rusiyanın daxilində çaxnaşmaların başlamasına səbəb ola bilər. İnanmıram ki, Rusiya xalqı tankların Belarusa istiqamətlənməsinə razı olsun. Ona görə də Putin hələlik bu addımı atmağa tələsməyəcək. Amma Lukaşenko tələsdirir ki, Rusiyadan dəstək alsın”.

“Rusiya çətin seçim qarışındadır”

E.Şahinoğlu bildirib ki, Rusiya üçün Lukaşenko etibar ediləcək siyasətçi də deyil. Lazım gələndə Rusiya ilə yaxınlaşır, lazım olanda Qərbə mesajlar verir:

“Ona görə də Rusiya bəlkə də istəyir ki, Belarusda Lukaşenkonun yerinə başqa biri olsun. Elə biri olsun ki, Rusiyanın maraqlarını güdsün. Amma indiki müxalifət Qərbpərəsdir. Rusiya ona etibar etmir. Ona görə də Rusiya hazırda çətin seçim qarşısındadır. Birmənalı şəkildə demək olmaz ki, Putin Lukaşenkonun istəyi əsasında ordunu Belarusa istiqamətləndirəcək. Çünki bu halda Rusiya Belarus xalqını itirəcək. Bu, Rusiya üçün daha böyük itkidir, nəinki Lukaşenkonu itirmək”.

“Kreml Lukaşenkoya etibar etmir”

Elxan Şahinoğlu onu da əlavə edib ki, Lukaşenko vaxtında öz yerinə başqasını hazırlayıb hakimiyyətdən getsəydi, belə problemlər də olmazdı. Amma hakimiyyətdən ikiəlli yağışdığı üçün Rusiyaya problemlər yaratdı:

“Əvvəl dedi ki, guya “Vaqner qrupu” onu devirmək istəyir, 3 gün sonra gördü məğlub olur, Rusiyaya daha çox yaxınlaşmağa başladı. Rusiya da görür ki, Lukaşenko ziddiyyətli fiqurdu, buna etibar etmək də çətindir. Amma Rusiya tankları hara giribsə, bir müddət sonra oranı itirib. Macarıstan, Polşa, Baltik ölkələri, Azərbaycanda 20 Yanvar qırğını, Gürcüstan hadisələri buna misaldır. İndiki halda Rusiyanın müttəfiqi, tərəfdaşı varmı? Qazaxıstan Rusiyadan çəkinir, baxmayaraq ki, KTMT-nin üzvüdür, Ermənistan hakimiyyətinin rəsmi Moskva ilə münasibəti nə vəziyyətdədir görürük. Rusiya və Çin tərəfdaş adlanır, amma Çin Rusiyanın tərəfdaşı deyil. Çünki başa düşürlər ki, Çin gələcəkdə Rusiyanın böyük rəqibinə çevrilə bilər. Rusiyanın hazırda müttəfiqi, tərəfdaşı yoxdur. Bunun da səbəbi Rusiyanın apardığı siyasətdir. Rusiya düşünür ki, “parçala və hökm sür” siyasətini keçmişdə necə olubsa, bu gün də davam etdirə bilər. Ukraynanın, Gürcüstanın torpaqlarını işğal edib, Qarabağ münaqişəsinin həllinə imkan vermir ki, Azərbaycana və Ermənistana təsir imkanı olsun. Bütün bunlara görə də Rusiya da itirə-itirə gedir”.

Mənbə
cebhe.info
Hamısını Göstər

Related Articles

Back to top button