Beynəlxalq hüquqa görə sülhməramlıların məqsəd və missiyaları (III yazı)

“Associated Press”, “New York Times”, “Al Jazeera” və “ABC News” kimi məşhur media qrupları tərəfindən yayılan məlumatlara görə, 2010-cu ildə Haitidə baş verən vəba epidemiyasının mənbəyi sülhməramlılar idi. İddialara görə, Nepaldan gələn BMT sülhməramlıları özləri ilə bərabər vəba infeksiyasını gətirmişdilər. Vəba “vibrio cholerae” adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeksiyası sərt və şiddətli ishal ilə müşahidə edilir və xəstələr rehidrasiya müdaxiləsi almasa bir neçə saat içində öldürə bilər. 2012-ci ilin iyul ayından etibarən Haitidəki vəba epidemiyası dünyadakı ən fəlakətli hadisə idi: təxminən 7500 nəfər öldü və təxminən 585.000 haitili (hər 20 haitilidən biri) bu xəstəliyə yoluxdu.

BMT-nin Haitidəki vəba epidemiyası ilə bağlı təyin etdiyi Müstəqil Mütəxəssislərə görə, sülhməramlıların bazasındakı şərtlər təhlükəli idi və Haitinin çay sistemlərinin çirklənməsinə səbəb olurdu.

2012-ci ilin iyul ayında ABŞ Konqresinin 104 üzvü “BMT-nin hərəkətlərinin” Haitiyə vəba gətirdiyini və BMT-nin “vəba ilə qarşılaşmalı və nəticədə aradan qaldırmalı” olduğunu iddia edən məktub imzaladılar. 2013-cü ildə BMT bu iddianı rədd etdi və zərərçəkənlərin vəkilləri BMT-ni məhkəməyə verəcəklərini bildirdilər.

Mədəni fərqlər

Sülhməramlı missiyalarla bağlı narahatlıq yaradan əsas məsələlərdən biri də mədəni fərqlərdir. Müxtəlif ölkələrdən gələn sülhməramlı qüvvələr adətən yerləşdirildiyi ən qarışıq etnik bölgələrdə mədəni fərqlər səbəbindən bir sıra narahatlıqlar yaşayır. Mədəni fərqlər yalnız missiyanın effektivliyinə təsir etmir, həm də sülhməramlıların kömək etməsi nəzərdə tutulan əhali ilə qarşıdurmaya səbəb ola bilir.

1988-ci ildən əvvəl əksər hallarda adətən xüsusi ölkələr sülhməramlılarla təmin edirdilər. O zamanlar yalnız 26 ölkə sülhməramlı döyüşlərdə iştirak etmək üçün heyət göndərmişdi. Bu gün bu rəqəm 80-dən çoxdur. Bu son dərəcə heterogen qrupların yaranması ilə nəticələnir. Beləliklə, BMT-nin Sülhməramlı yerləşdirmələri yalnız dil fəsadları ilə deyil, həm də aradan qaldırılması çətin olan əməliyyat çətinlikləri yarada bilən saysız-hesabsız mədəni və sosial fərqlərlə də mübarizə aparmalıdır. Bu fərq, qarşılıqlı əlaqələr (şəxsi və ya qurumlar/vahidlər arasında), anlaşılmazlıqlar, səhvən təhqiredici davranışlarla əlaqədar problemlər yarada bilər.

Əməliyyat baxımından effektivliyə təsir edəcək digər bir problem müxtəlif ölkələrdən gələn polis və hərbçilər tərəfindən tətbiq olunan taktika, texnika və prosedurlardır. BMT qüvvələri bir çox fərqli mənbələrdən bir araya gətirildiyi üçün, qabiliyyətlər, təlimlər, avadanlıqlar, standartlar və prosedurlarda uyğunsuzluq var. Üstəlik, heyət üzvləri arasında əmr və nəzarət şəklində əhəmiyyətli fərqlər mövcuddur.

Bundan əlavə, bəzi millətlər başqasına tabe olmaq istəməyə bilər. Bu, BMT qüvvələri daxilindəki kontingentlər arasında dərin bölünmələrə səbəb ola bilər və bu sahədəki bölmələr arasında qarşılıqlı dəstəyin olmaması ilə nəticələnə bilər. Bunu Şərqi Timora yerləşdirilmiş BMT-nin sülhməramlı qüvvələrinin təcrübələrində göstərmək olar. Belə ki, burada avstraliyalılar Böyük Britaniyadan gələn personal tərəfindən istifadə olunan taktikadan fərqli əməliyyatlar keçirmişdi.

Sülhməramlıların yerləşdirilməsindən öncə onların yerləşdirildikləri ölkənin əhalisi və hökumətinin razılığını almaq məcburiyyətindədirlər. Bu, qarşıdurmanı azaltmaq və müvəffəqiyyətli əməliyyat təmin etmək üçün vacib faktordur. Sülhməramlılar göndərilməzdən öncə həmin ərazi ilə bağlı mədəni biliklərə sahib olması da qarşıdumanı azaldan amillərdəndir.

Sülhməramlı qüvvə daxilində mövcud olan mədəni fərqlər və onların fəaliyyət göstərdikləri bölgədəki əhali ilə mədəni qarşılıqlı təsiri haqqında çox az sayda araşdırmalar aparılıb. Araşdırmaların biri UNEF-1 (Qəzzada) və ONUC (Konqo) misiyalarında iştirak edən norveçli hərbi kadrlar barəsindədir.

Araşdırma nəticəsində məlum olub ki, mədəniyyət bilikləri və müəyyən bir ölkədəki sakinlərin qavrayışları missiyanın uğurlu olması üçün yalnız lazımlı deyil, həmçinin həlledicidir. Norveç hərbi kontingentinin münaqişə və fəaliyyət göstərdikləri mədəniyyət barədə daha çox məlumat əldə etmək istədiyi aşkar olunub. Onlar həmçinin digər ölkələrdən olan hərbçilərlə birgə işləmək üçün daha çox təlim keçirilməsini tələb edib. Ümumiyyətlə qeyd olunur ki, sülhməramlılar göndərildikləri ölkələrin mədəni dəyərləri, münaqişə ilə bağlı daha az məlumatlar alırlar. Onlar bu məlumatların əksəriyyətini kitab oxuyaraq və ya digər BMT personalı ilə danışmaq yolu ilə əldə edirlər.

Araşdırmalar göstərir ki, sülhməramlılar göndərildikləri ölkələr haqqında nə qədər çox məlumata sahib olurlarsa, missiya bir o qədər uğurlu alınır.

Livandakı sülhməramlılarla bağlı araşdırmalardan birində qeyd olunur:

…. Yalnız 2200 nəfərdən ibarət italyan kontingenti yerli mühitin bir hissəsi kimi fəaliyyət göstərib və normal yaşayış şəraitinin bərpasında fəal rol oynayıb. İtaliya əsgərlərinə çalışdıqları insanların mədəni, siyasi və sosial vəziyyəti ilə tanış olmaq üçün lazımi təlim verilmişdi. Əsasən şiələr olan təxminən 600.000 sakini əhatə edən bir sektorda fəaliyyət göstərən italyanlar ərazilərindəki sadə vətəndaşlarla və siyasi liderlərlə təmasları diqqətlə inkişaf etdirdi…

Amerikalılar Livan siyasətinə qarışdıqlarını düşünsələr də, mədəniyyət və tarixi bilmədən Livana girdilər. Amerikalıların əksəriyyəti qısamüddətli ittifaqların incəliklərini, xatirələrin və qan davalarının uzunluğunu, gücünü başa düşmədilər.

Bu, mədəniyyətin uğurlu sülhməramlı əməliyyatların aparılmasında oynadığı əhəmiyyəti dərk etməyin vacibliyini göstərir. Bununla birlikdə, sülhməramlılara lazımi texnika barədə məsləhət verməyə çalışan BMT təlim kitabçasının olmasına baxmayaraq, sülhməramlı kontingentlər arasında vahid doktrina və ya standart prosedur yoxdur, bu isə nəticə etibarilə uğur qazanma potensialını əngəlləyir.

Müdaxilə və münaqişələrin həllinə dair məhdudiyyətlər

Soyuq Müharibə dövründə xarici müdaxilə və vətəndaş qarşıdurmalarında vasitəçilik suverenliyin toxunulmaz olduğu dövlət mərkəzli bir mexanizm halına gəldi. Nadir hallarda beynəlxalq ictimaiyyət bir dövlətin hökuməti və ona qarşı çıxan daxili döyüşçülərin iştirakı ilə daxili münaqişələrə müdaxilə etməyib. Soyuq Müharibənin bitməsindən etibarən bu dəyişib. Bu gün, vətəndaş qarşıdurmasında beynəlxalq aktorların vasitəçiliyi münaqişə daxilindəki bütün qruplara geniş şəkildə bərabər mövqe nümayiş etdirən və hamı tərəfindən qəbul edilmiş bir razılığa gəlməyə cəhd göstərən standartlaşdırılmış həll mexanizminə söykənir.

Soyuq müharibənin sonu beynəlxalq sistemi yenidən formalaşdırmaq üçün bir fürsət təqdim etdi. Bu fürsət, Soyuq Müharibənin qalibinə – yəni ABŞ və liberal-demokratik dəyərlərlə idarə olunan digər əsas qərb kapitalist dövlətlərinə verildi.

Əvvəlki illərdə dövlət xüsusi status alan yeganə qurum idi. Müstəmləkə güclərinə qarşı mübarizə aparan qruplar kimi istisnalar olsa da, dövlət son dərəcə legitimliyə sahib idi. Suverenlik pozulmamalı idi və bu həm super güclərə, həm müttəfiqlərinə, həm də üçüncü dünya hökumətlərinə fayda verən bir sistem idi.

Ancaq indi, qeyri-dövlət aktorlarının münaqişədə iştirakının artması və azlığın müəyyən bir dövlətdən ayrılıb yeni bir ölkə qurması fürsəti beynəlxalq status-kvoda dramatik dəyişiklik yaratdı. Üstəlik, beynəlxalq birliyin münaqişələrin həlli modeli qərb ölkələrində inkişaf etmiş akademik düşüncədən çox təsirlənir. Bu model, siyasi zorakılığın dayandırılması və tez-tez demokratikləşmə səylərini əhatə edən danışıqlar yolu ilə həll olunmaq üçün vətəndaş müharibələrinə müdaxiləni təşviq edir.

Bəzi tənqidçilər iddia edirlər edirlər ki, müdaxilə mülki əhalinin zərərinə davam edən qarşıdurma üçün müəyyən mexanizmlər təmin edə bilər. İddialar əsasən Ruandadakı soyqırıma qədər olan vəziyyətlə əlaqəlidir. Tənqidçilər müdaxilənin mənfi cəhətlərinə ilk növbədə Sierra Leonedəki vəziyyəti arqument kimi gətirirlər. Onlar iddia edir ki, müdaxilə ümumi qələbənin qarşısını alır və münaqişə edən tərəflər aralarında asimmetriyanın yaranmasına səbəb olur.

Ruandada üçüncü tərəfin hutu və tutsilər arasındakı münaqişəni danışıqlar yolu ilə həll edilməsinə cəhdlər hutu ekstremistlərinin mötədilləri və tutsiləri soyqırıma məruz qoymaq üçün fürsət verdi. Afrika Birliyi Təşkilatından regional dövlətlərin rəhbərlik etdiyi beynəlxalq cəmiyyət Aruşa Sülh Prosesi yolu ilə Hutu ilə Tutsi arasında davam edən etnik zorakılığa dair bir həll yolu tapmağa və həll tapmağa çalışdı. Bu müddət bir ildən çox davam etdi, əhəmiyyətli dərəcədə beynəlxalq əlaqəni əhatə etdi və Tanzaniya (prosesin aparıcısı), Burundi, Uqanda və Zaire kimi bir çox regional aktoru birləşdirdi.

Bir sıra eksperlər yalnız razılığa əsaslanan danışıqlardan ibarət müasir strategiyaların az olduğunu və hərbi yolla qələbənin gözardı edilməməsini müdafiə edir. Qeyd olunur ki, döyüş sahəsində qazanılan uğur qarşı tərəfi danışıqlar masasına gətirməyə kömək edə bilər.

Müzakirə və vasitəçilik mövzusunda razılıq böyük əhəmiyyət kəsb edir. Mövcud beynəlxalq sistem və beynəlxalq ictimaiyyətin Soyuq Müharibənin bitməsindən bəri ən çox istifadə etdiyi münaqişə həlli modeli razılıqdır. Amma tənqidçilər bunun həmişə işləmədiyini bildirir.

Araşdırmalardan biri göstərir ki, danışıqlar yolu münaqişələrin və mübarhisələrin həll edilməsində çox az uğur qazanıb. 1900-1980-ci illər arasındakı vətəndaş müharibələrinin 85%-i bir tərəfin tamamilə qalib gəlməsi ilə həll edildi:

“1945-ci ildən 1989-cu ilə qədər, ümumilikdə 93 qarşıdurmadan 58-i müəyyən bir şəkildə həll edildi, qalan hissəsi davam etdi. Ancaq həll edilənlərin yalnız 14-ü (və ya yüzdə 24-ü) danışıqlar yolu ilə həll edildi, digərləri (yüzdə 76) hərbi zəfərlərlə sona çatdı. Əlavə olaraq, danışıqlar yolu ilə sona çatan 14 qarşıdurmanın yeddisində döyüşlər yenidən başladı”

Sierra Leonedə Foday Sankohun rəhbərlik etdiyi İnqilabçı Birləşmiş Cəbhə (IBC) 1991-1996-cı illər arasında hökumət ilə qanlı daxili müharibə apardı. Münaqişə beynəlxalq maraqların diqqətini az çəkdi, ancaq ölkəni dağıtdı, iqtisadiyyatını məhv etdi. Müharibə edən tərəflərdən heç biri danışıqlar yolu ilə həll yolu tapmağa cəhd etmədi və güzəştə getmədi. Xüsusi hərbi kompaniyaların müdaxiləsidən sonra İBC zəiflədi.

Bundan sonra mülki şəxslər qaçqın düşərgələrindən qayıda və həyatlarını bərpa etməyə başladılar. Ancaq sülh kövrək idi və danışıqlar davam edirdi. İBC həm ordu bölmələrindən, həm də mülki milislərdən intiqam almaq üçün silahı yerə qoymaq istəmirdi. Bu narahatlıqları azaltmaq və sülhə keçməyə kömək etmək üçün BMT sülhməramlılarının yerləşdirilməsi planlaşdırıldı. Amma beynəlxalq ianəçilər gələcək sülhməramlı təşəbbüslərdən çəkinməyə başladılar; strateji baxımdan əhəmiyyətsiz bir ölkədə bahalı və açıq bir missiya kimi görünürdü. Həm də Sankoh 740 BMT sülhməramlı kontingentinin böyüklüyünü iddia etdi.

BMT, hər iki tərəfin ümumi razılığı olmadan iştirak etməkdən imtina etdi və beləliklə bir sülhməramlı qüvvənin yerləşdirilməsinə mane yarandı. Eskpertlər deyir ki, əslində BMT-nin bu prinsipi qanlı müharibələrin qarşısının alınmasına mane olur. Burada üsyançı qrup şərtləri diqtə edir və amansız bir şəxsin razılığı olmadığı üçün BMT sülhməramlıları gələ bilmir.

Sierra Leonenin yeni seçilmiş prezidenti sərt gücdən istifadə etdiyi üçün vəziyyət daha da gərginləşdirdi. 1997-ci ildə narazı ordunun zabitləri hökuməti devirəndə gərginlik artıq pik həddinə çatmışdı. Təhlükəsizlik vəziyyətini müşahidə etmək üçün BMT-nin kiçik bir monitorinq qüvvəsi yerləşdirildi. UNOMSIL adlandırılan qrup 1998-ci ilin iyulundan 1999-cu ilin oktyabr ayınadək yerləşdirildi, lakin üsyançılar ölkənin kapitolunu ələ keçirdikdən sonra sülhməramlılar ölkədən çəkilmək məcburiyyətində qaldı.

1999-cu ildə UNAMSIL adlı yeni sülhməramlı qrup formalaşdırıldı. Artıq hakimiyyətdə olan üsyançılar işbirliyi etmək niyyətində deyildi. ECOMOG kontingenti geri çəkildikdən sonra üsyançılar yüzlərlə girov götürərək BMT qüvvələrinə hücum etdi. Bu, üsyançılarım gözləmədiyi beynəlxalq ictimaiyyətin gözlənilməz əks reaksiyasına səbəb oldu. Üsyançılar düşünürdü ki, beynəlxalq güclər Somildə olduğu kimi çox da diqqət etməyəcklər. Amma Britniyanın dəstətəyi ilə inqilabçılara qarşı aqressiv kampaniya aparıldı. 2000-ci ilin sonu və 2001-ci ilin əvvəllərində inqilabçıların hərbi gücü ciddi şəkildə tükənmişdi.

Nəticədə Abuja müqavilələri imzalandı və UNAMSIL 2005-ci ilin dekabrında səlahiyyətlərini yerinə yetirməyə başladı. Sierra Leone bu gün sülh içində olsa da və BMT-nin missiyası uğurlu sayıla bilsə də, vəziyyətin inkişaf yolu yuxarıda qeyd olunan fikri sübut edir: tərəflərdən biri məğlub olmasa və ya tamamilə zəifləməsə sülhməramlıların uğurlu olması çətindir.

Bəzi ekspertlər ümumiyyətlə sülhməramlıların faəliyyətini şübhə altına alır. Stanford Universitetindən Ceremi Ueinstein 2005-ci ildə hazırladığı bir sənəddə, dövlətlərin beynəlxalq sülhməramlılar və hərbi müdaxilə olmadan davamlı sülh əldə edə biləcəyi nəzəriyyəsini təqdim edir. Uqanda, Eritreya və Somali ilə bağlı nümunə işlərindən istifadə edərək o, dövlətlərin müharibə şəraitində necə təsirli qurumlar inkişaf etdirə biləcəyini nümayiş etdirir. O qeyd edir ki, xarici müdaxilə kütləvi qırğınları dayandıra bilər, amma eyni zamanda institusional dəyişikliyi də dayandıra bilər. Onun nəzəriyyəsi əsasən daxili amillərlə əlaqəlidir və iddia edir ki, elə bir vəziyyət yaratmaq mümkündür ki, daimi sülh olsun.

Sülhməramlı missiyalarla əlaqəli tənqidlərdən biri də sülhməramlılarla yerli əhali arasında əlaqənin olmamasıdır. Qeyd olunur ki, bu, sülhməramlı məmurların sülhü ‘qorumaq’ üçün planlar hazırladıqları, ancaq əks təsir göstərərək gerçəklikdən ayrıldıqları bir mühit yaradır. Əlavə olaraq, sülhməramlı məmurlar üçün möhkəmləndirmə mexanizmi yaradır, çünki yerdəki məmurlar planlarının uğurla həyata keçirildiyini bildirirlər, amma əslində bunun mənfi təsirləri var. Vəziyyət yenidən şiddətlənsə, yerli əhali günahlandırılacaq.

Üçüncü tərəf məmurları – istər sülhməramlı, istərsə də inkişaf agenti olsun – ən yaxşısını bildiklərinə inanaraq ərazi və xalqla bağlı məlumat toplamağı rədd edərək ümumi xalqdan təcrid olunurlar. Bu, pis niyyətdən və ya imperializmdən deyil, inkişaf və sülhməramlı ədəbiyyatı yaxşı bilən məmurlar olaraq ən yaxşısını bildiklərinə inandıqları üçündür.

Tənqidlərə cavab olaraq BMT fəaliyyətlərini islah etmək üçün addımlar atdı. Brahimi Hesabatı adlanan sənəddə keçmiş sülhməramlı missiyaları bərpa etmək, çatışmazlıqları təcrid etmək və gələcək sülhməramlı missiyaların səmərəliliyini təmin etmək üçün bir sıra dəyişikliklər nəzərdə tutulurdu. BMT gələcəkdə sülhməramlı əməliyyatlar həyata keçirilərkən bu tətbiqetmələri tətbiq etməyə davam edəcəyinə söz verdi.

Əsas islahatlara kadr artımı, sahə və qərargah personalı xidmət şərtlərinin uyğunlaşdırılması, təlimatların və standart əməliyyat prosedurlarının hazırlanması və s. daxil idi.

Brahimi hesabatının müəyyənləşdirdiyi əsas problemlərdən biri sülhməramlı əməliyyatların koordinasiya edilməməsi və planlaşdırılmaması idi. Həmçinin, sülhməramlı əməliyyatların hədəfləri ilə missiyaları maliyyələşdirmək üçün nəzərdə tutulan mənbələr arasındakı fərq də əas problemlərdən biri idi. Buna görə də hesabatda Təhlükəsizlik Şurasından hədəfləri və bunları yerinə yetirmək üçün mənbələri aydınlaşdırmaq istənilir.

Hamısını Göstər

Related Articles

Back to top button