Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bəyanat yayıb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu təşkilatın qurucu üzv dövlətlərindən olan Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktını şiddətlə qınayır.
Fond səfirliyin mühafizəsini təmin edərkən həlak olan Orxan Əsgərovun ölümündən sarsıldığını bildirir, onun yaxınlarına dərin hüznlə baş sağlığı verir.
Polise.az xəbər verir ki, bu fikirlər Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yaydığı bəyanatda yer alır.
“Qanlı hücum zamanı yaralanan səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşlarına şəfa diləyirik.
Müasir dünyanın ən təhlükəli problemlərindən sayılan terrorizmin insan itkisi, maddi-mənəvi dəyərlərin məhv edilməsi, zorakılığın, inamsızlığın və nifrətin yaranmasına səbəb olduğunu nəzərə alaraq, Fond İran İslam Respublikası tərəfindən bu cinayətin ciddi və hərtərəfli araşdırılmasını, günahkarların ən qısa müddət ərzində cəzalandırılmasını tələb edir”, – deyə bəyanatda belə qeyd olunur.