“Biz bu dünyanın jandarmı deyilik, daha başqalarının münaqişələrinə qarışmayacağıq…”

ABŞ prezidenti Donald Tramp nüfuzlu Vest-Point Hərbi Akademiyasının məzunları qarşısında çıxışı zamanı ölkəsinin daha dünya jandarmı olmaq istəmədiyini və başqalarının münaqişələrinə qarışmayacağını bəyan edib.

Tramp Amerika ordusunun bir vəzifəsinin olduğunu bildirib-ölkəni xarici hücumlardan qorumaq.

ABŞ-ın qlobal rolunun zəifləməsi və öz hüdudları daxilinə çəkilməsi onun rəqibi Rusiyanın şübhəsiz ki, ən böyük arzusudur. Deməli Trampın bu bəyanatına ən çox sevinən də məhz Rusiya olmalıdır. Trampın bu bəyanatı, yəni onun ABŞ-ın geopolitik maraqlar naminə başqa ölkələrin münaqişələrinə qarışmayacağı haqda dedikləri Rusiyanın xaricdə öz hərbi iştirakını genişləndirmək üçün müharibələrə girdiyi bir vaxtda səslənir. Lakin bu ayrı məsələdir ki, Tramp Vest-Point məzunları qarşısında verdiyi bu bəyanatı icra edə bilərmi. Çünki o, əvvəlcə növbəti müddətə seçilmək məsələsini həll etməlidir. Koronavirusdan 130 minə yaxın amerikalının öldüyü, qaradərilinin öldürülməsinə görə ölkəni bürümüş iğtişaşlar və qarşılaşdığı digər problemlər Trampın bu məsələsini çətinləşdirib.

“Siz daha sonu görünməyən müharibələrdə xidmət etməli olmayacaqsınız. Bu, Amerika bölmələrinin borcu deyil ki, uzaq torpaqlarda antik münaqişələri həll etsin. Hansı ki, bu münaqişələr haqda amerikalıların çoxu heç eşitməyib. Biz dünya jandarmı deyilik. Lakin qoy bizim düşmənlərimiz bilsin: əgər insanlarımızı təhdid etsələr biz heç vaxt çəkinməyəcəyik və hərəkət edəcəyik. Və onları əzib qələbə çalana qədər vuruşacağıq”,-Tramp minlərlə kadet qarşısında deyib.

Trampın ABŞ-ın 15 ildir cəlb olunduğu Əfqanıstan və İraq müharibələrini nəzərdə tutduğu aydındır. Lakin onun bu günlərdə daha bir təəcüblü qərarı ABŞ-ın Avropadakı ənənəvi hərbi iştirakını zəiflətməyə və nəticədə Rusiyanın mövqelərini gücləndirməyə xidmət edir. Belə ki, Tramp ABŞ-ın Almaniyadakı hərbi kontingentinin kəskin ixtisar edilməsinə hazırlaşır və artıq Almaniya hökuməti Vaşinqtondan belə xəbərdarlıq aldığını təsdiqləyib.

Ümumiyyətlə, Tramp başa çatmaqda olan 4 illik prezidentlik müddəti ərzində Rusiyanın maraqlarına dolayısı və ya birbaşa xidmət edən bir çox addımlar atıb. Bu da Trampın seçilməsində Rusiyanın rolu haqda Federal Təhqiqatlar Bürosunun 2 ildən çox araşdırdığı, amma sübut etmək üçün yetərli dəlillər tapa bilmədiyi iddiaları yada salır.

Mənbə
virtualaz.org
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close