BMT və Taliban arasında vacib müzakirə
BMT baş katibinin müavini Əminə Məhəmmədin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti Taliban administrasiyasının əfqan qadınlara qarşı tətbiq etdiyi məhdudiyyətləri və Əfqanıstana humanitar yardımın aparılmasına maneələrin aradan qaldırılmasını müzakirə edib.
Teleqraf.com xəbər verir ki, BMT-nin nümayəndə heyəti Əfqanıstanın paytaxtı Kabilə Taliban müvəqqəti hökumətinin xarici işlər nazirinin müavini Əmrxan Müttəki, baş nazirin müavini Əbdül Salam Hənəfi, Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai, Əfqanıstandakı tacik cəmiyyətinin önəmli adamı Abdulla Abdulla və əyalət rəsmiləri ilə görüşüb.
Məhəmməd Taliban rəsmiləri ilə görüşlərində əfqan qız və qadınların yerli və xarici qeyri-hökumət təşkilatlarında (QHT) təhsil alması və işləməsi üçün qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edib.
Administrasiyasının beynəlxalq aləmdə rəsmi tanınması üçün BMT-nin əməkdaşlıq etməsini istəyən Taliban rəsmiləri humanitar yardımın siyasi məsələlərlə əlaqələndirilməməsini və davam etdirilməsini tələb ediblər.
Taliban sözçüsü Zabihullah Mücahid mətbuata verdiyi açıqlamada deyib ki, nümayəndə heyəti narahatlıqlarını bölüşüb: “Ümid edirəm ki, biz birlikdə bu problemlərin öhdəsindən gələcəyik”.
Əfqanıstana səfəri ilə bağlı danışan BMT Baş katibinin müavini Məhəmməd məhdudiyyətlərin aradan qaldırılmasında irəliləyişin əldə olunduğuna inandığını və görüşdüyü Taliban rəsmilərinin əksəriyyətinin qadın hüquqları haqqında danışmağa açıq olduğunu bildirib.
Bununla belə, danışıqları “çətin” adlandıran Məhəmməd, Taliban administrasiyasının beynəlxalq səviyyədə tanınması üçün lazımi addımları atmasının uzun zaman alacağını deyib.