Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan parlamentinin sədri ilə görüşüb
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Polise.az-a bildiriblər ki, görüşdə Prezident Rumen Radev Azərbaycanın və Bolqarıstanın, sadəcə, strateji tərəfdaş deyil, həm də çox yaxın ölkələr olduğunu qeyd edib. O, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoqun müntəzəm xarakter daşıdığını diqqətə çatdırıb. Azərbaycanın və Bolqarıstanın beynəlxalq müstəvidə baş verən bir çox proseslərə eyni baxışlara malik olduğunu deyən dövlət başçısı ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edib.
R.Radev digər sahələrdə olduğu kimi, parlamentlər arasında əməkdaşlığın da vacibliyinə diqqət çəkərək bu istiqamətdə təmasların sıxlaşdırılmasının ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyini bildirib. O, həmçinin regionda sülh və təhlükəsizliyin təmin olunmasını istədiklərini, sülh danışıqlarını dəstəklədiklərini diqqətə çatdırıb.
Prezident Rumen Radev Azərbaycan qazının artıq Bolqarıstana çatdığını, strateji tərəfdaşlıq münasibətlərimizin yalnız enerji sahəsini əhatə etmədiyini, ölkələrimiz arasında digər sahələrdə də uğurlu əlaqələr mövcud olduğunu vurğulayıb.
“Həmrəylik Halqası – STRİNG” layihəsinin ölkələrimizin birgə təşəbbüsü olduğunu deyən Prezident Rumen Radev, həmçinin bildirib ki, SOCAR-ın Bolqarıstanda ofisinin açılması da bu sahədə uğurlu əməkdaşlığı göstərir. O, eyni zamanda, ölkələrimiz arasında yaşıl enerji sahəsində də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd edib.
Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin salamlarını Bolqarıstanın dövlət başçısına çatdırıb. O, dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan müsbət danışıqların ölkələrimiz arasında münasibətlərin inkişafında vacib rolunu qeyd edib. Parlament sədri deyib ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru bu əməkdaşlıqda yeni səhifə açıb.
S.Qafarova bildirib ki, Azərbaycan ilə Bolqarıstan parlamentləri arasında əməkdaşlığın inkişafında qarşılıqlı səfərlər mühüm rol oynayır. O, həmçinin parlamentlərimizin müxtəlif beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlığının daha da inkişafı üçün yaxşı imkanlar olduğunu, dostluq qruplarının birgə fəaliyyətinin bu istiqamətdə önəmini vurğulayıb. Qeyd olunub ki, dostluq qrupları müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi ilə parlamentlərimiz arasında körpü rolunu oynayır.
Azərbaycan parlamentinin sədri, həmçinin parlament komitələrinin işi vasitəsilə parlamentlər arasında əlaqələrin daha da dərinləşdirilməsi imkanları barədə də danışıb.
Görüşdə Vətən müharibəsində Azərbaycanın Qələbəsindən sonra regionda yaranmış vəziyyət barədə məlumat verilib, Qarabağda qondarma rejimin “prezident seçkiləri”nin ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün, Konstitusiyasının və qanunvericiliyinin, habelə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması olduğunu qeyd edilib.
Söhbət zamanı humanitar sahədə də əməkdaşlığın vacibliyini diqqətə çatdırılıb, bu əlaqələrin zəngin tarixə malik olduğu bildirilib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Polise.az