“Böyük savaş hələ qarşıdadır…” – “Putin strateji məğlubiyyətə düçar olduğunu anlayır və bilir ki…”
Sülhəddin Əkbər: “Putin anlayır ki, Ukraynanın əks-hücumu uğurlu olsa, elitada parçalanma və rus xalqının oyanması baş verəcək”
“Ukraynada bir milyonluq döyüş qabiliyyətli, NATO standartlarına cavab verən ordu hazırlanır”
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü davam edir. Rus ordusu Luqanskın inzibati sərhədlərinə çıxıb, Donetskə hücum dalğası hazırlanır. Putin Qərbi hədələyərək bəyan edir ki, onlar Ukraynada hələ heç nə etməyiblər. Ukraynanın əsas müttəfiqlərindən biri olan Britaniyada Baş nazir öz postundan istefa verib, Fransa və Almaniya Kiyevə sözdə dəstək versə də , hərbi baxımdan ciddi sayılacaq heç nə etmir. Bununla belə ukraynalıların rus işğalına qarşı qəhramancasına müqaviməti davam edir.
“AzPolitika.info” Ukrayna müharibəsi və müşahidə olunan hərbi-siyasi prosesləri Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik üzrə mütəxəssis Sülhəddin Əkbərlə müzakirə edib:
– Sülhəddin bəy, Rusiya-Ukrayna savaşı səngimir, rus ordusu faktiki olaraq Luqanskı işğal edib, Ukrayna müdafiə qüvvələri geri çəkilməkdə davam edir. Bu kontekstdə sözügedən regiondakı hərbi-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
– Ukraynada dünya çapında strateji əhəmiyyəti olan müharibə davam edir. Operativ-taktiki baxımdan yanaşdıqda Rusiyanin ikinci hücum dalğası başa çatıb. İndi Rusiya müharibədə operativ pauza götürüb. Bu imkandan tərəflər, o cümlədən Ukrayna yəqin ki, istifadə etməyə çalışacaq. Hər halda Ukrayna tərəfi bunu əks-hücum fürsəti kimi qiymətləndirir və buna operativ hazırlıq işləri aparır. Təbii ki, Rusiya da çalışır, amma zaman tərəflərdən hansının daha ciddi hazırlaşdığını göstərəcək.
– ABŞ Müharibə Araşdırmaları İnstitutu da tərəflərin fasilə götürdüyünü açıqlayıb. Amma bu, o demək deyil ki, müharibə dayanıb…
– Mən təkcə ABŞ Müharibə Araşdırmaları İnstitutunun rəyini əsas götürmürəm. Rusiya da rəsmi olaraq Luqansk vilayətinin inzibati sərhədlərinə çıxdıqlarını elan etdi və həmin istiqamətdə böyük hücum əməliyyatının başa çatdığını, bu hücumda iştirak edənlərə istirahət verildiyini bəyan edib. Putin də buna razılıq verib. Yəni, bu, təkcə ABŞ Müharibə Araşdırmaları İnstitutunun rəyi deyil, eyni zamanda Rusiyanın rəsmi mövqeyidir.
– Deməli, növbəti hücum mərhələsi üçün ruslar əsas qüvvələri Donetskə atacaq?
– Bəli, gözlənilir ki, əsas istiqamət Donetsk olacaq. Necə ki, buna qədər əsas gücü Luqanska cəmləşdirib vilayətin inzibati sərhədlərinə çıxdılar. İndi də növbəti hədəf Donetskdir. Məqsəd bu vilayətin inzibati sərhədlərinə çıxmaq, eyni zamanda daha iki istiqamətdə əməliyyatları davam etdirməkdir. Birincisi, Xerson və Zaporojye istiqamətində hərəkət edərək Ukrayna ordusunun hazırlığını dayandırmaq, ikincisi, Xarkov istiqamətində yayındırıcı hücum əməliyyatlarını davam etdirmək.
– Rusların Donetskin sərhədlərinə çıxmaq üçün resursları yetərlidirmi?
– Luqansk mərkəzi istiqamət idi. Nəzərə alsaq ki, buranın işğalı 130 gün çəkdi, Donetsk istiqamətində hücum əməliyyatlarının daha çətin olacağını demək mümkündür. Çünki Ukrayna qabaqcıl texnologiyaya əsaslanan yeni silahlar alıb və bu silahlar artıq döyüş meydanındadır, düşmənin arxa eşolonlarına ciddi zərbələr endirilir. Getdikcə bu zərbələrin artacağını proqnoz edirəm. Ukrayna çalışacaq ki, Donetsk istiqamətində rusların döyüş yumruğu formalaşdırmasına imkan verməsin. Artıq bu istiqamətdə hərbi əməliyyatlar başlayıb.
Ukrayna müdafiə qüvvələrinin əsas əks-hücumu Xerson və Zaporojye istiqamətində gözlənilir. Xarkov istiqamətində də böyük ehtimalla yenidən hücum əməliyyatı planlaşdırılır. Nəzərə alınmalıdır ki, Ukraynanın arxasında duran qüvvələrin strateji resursları və Kiyevə verilən maliyyə, iqtisadi, hərbi dəstək böyükdür. Habelə,10 minlərlə ukraynalı hərbçi hazırlanıb və bu hazırlıq Ukrayna ərazisindən kənarda həyata keçirilir. Yeri gəlmişkən, Ukraynanın öz ərazisində də belə hazırlıqlar var, sadəcə məlum səbəblərdən bunlar genişmiqyaslı deyil. Gələn məlumatlara baxsaq, nəzərdə tutulur ki, Ukraynada bir milyonluq döyüş qabiliyyətli, NATO standartlarına cavab verən ordu hazırlansın. Əlbəttə, bura ehtiyat qüvvələr də daxildir. Əməliyyat başlamazdan əvvəl sizə bildirmişdim ki, Ukraynanın 400 minlik ordusu hazırlanıb. İndi bu sayı iki dəfə artırmağı nəzərdə tuturlar.
– Ukrayna Müdafiə naziri Reznikov “Forbes”ə bildirib ki, hazırda ölkənin təhlükəsizliyini və müdafiəsini 700 minlik hərbi personal həyata keçirir, ümumilikdə Milli Polis, Sərhəd Xidməti, Milli Qvardiya daxil olmaqla bu say bir milyondur…
– Bəli, rəqəmlər üst-üstə düşür. Hazırda 5-6 döyüş qabiliyyətli birqadanın hazırlanması nəzərdə tutulur və bu da əks-hücumun əsas zərbə qüvvəsini təşkil etməlidir. Amma burada əsas məsələ say deyil. Bəli, say da mühümdür, amma daha mühm olanı yeni texnologiyaya əsaslanan NATO silahları və bundan döyüş meydanlarında sərrast istifadə edəcək döyüçülərin hazırlanmasıdır. İndi Ukraynaya artıq hava hücumundan müdafiə silahları və döyüş təyyarələrinin verilməsi planlaşdırılır. Yəni, böyük savaşın hələ qabaqda olduğunu deyə bilərik. Gerçək savaş yəqin ki, yayın sonlarına doğru – avqustun sonu, sentyabrın əvvəlinə gözlənilir. Ancaq buna qədər də nəsə ola bilər. Odur ki, zaman məsələsinə ehtiyatlı yanaşmaq doğru olardı.
– Putin elan edir ki, biz hələ Ukraynada heç nə etməmişik. Bu bəyanat nə dərəcədə ciddidir?
– Məncə, artıq kartlar açıqdır, hər iki tərəfin gücü haqqında real məlumat var. Sadəcə olaraq, bu açıqlamalar ancaq Putinin öz ətrafını nəzarətdə saxlamasına xidmət edir və rus xalqı üçün mesaj xarakteri daşıyır. Putin strateji məğlubiyyətə düçar olduğunu anlayır. İstənilən hakimiyyət, ələlxüsus diktaturalar üçün siyasi elitanın parçalanması böyük təhlükədir. Eyni zamanda, ictimai rəyin diktatorun əleyhinə çevrilməsi.
Putin anlayır ki, Ukraynanın əks-hücumunun uğurlu olacağı təqdirdə, halbuki bunun ehtimalı yüksəkdir, elitada parçalanma və rus xalqının oyanması baş verə bilər. Ona qədər də çalışacaq ki, həm ətrafında, həm də rus xalqı arasında birliyi qoruyub saxlasın. Bu da başadüşüləndir.
– Britaniya Baş naziri Boris Consonun istefa verməsi Ukrayna savaşı baxımından müxtəlif cür dəyərləndirilir. Anti-Rusiya koalisiyasının əsas liderlərindən birinin vəzifədən getməsi Ukraynaya nələr vəd edir?
– İngiltərə demokratik dövlətdir. Ukraynaya hərtərəfli dəstəyin verilməsi isə dövlət tərəfindən verilən qərardır. Yəni bu, Boris Consonun şəxsən qəbul etdiyi qərar deyil. Ukraynaya dəstək qərarını Böyük Britaniya dövləti və Mühafizəkarlar Partiyası verib. Dövlət də, Mühafizəkarlar Partiyası da yerindədir. Yeni hökuməti də mühafizəkarlar quracaq. Gözlənilən odur ki, Consonun yerinə gələn şəxs Rusiya məsələsində daha radikal möve tuta bilər. Məsələn, indiki müdafiə və ya xarici işlər naziri. Əsas məsələ odur ki, Anqlosakson dərin dövləti, ələlxüsus hərbi-sənaye kompleksi Putin Rusiyası haqqında qərarını verib. Bu, dərin qərardır və yeni hökumətin Conson hökumətindən də radikal mövqe tutması da gözləniləndir. Yeri gəlmişkən, Conson fiquru Rusiya üçün yeni sürprizlər gətirə bilər. Məsələn, NATO-nun yeni baş katibi postuna Boris Conson çox yaxşı namizəd ola bilər. Bu da yəqin ki, indidən Putinin yuxusunu qaçıracaq.
– Bəzi məlumatlara görə, Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnı ilə Prezident Zelenski arasında problemlər və anlaşılmazlıqlar ortaya çıxıb. Müharibə aparan ölkədə bu vəziyyət hansı nəticələrə gətirib çıxara bilər?
– Əvvəla, ondan başlayaq ki, bu savaşa Rusiya-Ukrayna savaşı kimi baxmaq dar çərçivəli baxış olardı. Əksinə, bu, yeni dünya quruculuğu ilə bağlı geopolitik savaşdır. Bu strateji savaşa rəhbərlik ABŞ tərəfindən həyata keçirilir. Hərbi rəhbərliyi isə Pentaqon həyata keçirir. Odur ki, Ukraynada baş verən dəyişikliklər, fikir ayrılıqları nəzərə alınmalıdır, onlar prosesə təsir edirlər, ancaq ümumi proses ABŞ-dan idarə edilir.
Digər tərəfdən, indi müharibə gedir, həmçinin informasiya savaşı aparılır. Biz belə məlumatların dəqiq olduğunu bilmirik, mümkündür ki, düşməni çaşdırmaq, dezinformasiya ötürmək, sakitləşdirmək üçün bilərəkdən belə xəbərlər ötürülür.
Fikir ayrılıqlarının olması müharibə gedən ölkədə normal haldır. Yorğunluq var, dağıntılar baş verib, hər gün insanlar ölür. Bu da tərəflər üçün stressdir. Məncə, Ukrayna xalqı başda Prezident və ordu olmaqla 136 gündür ki, bu stress-testdən uğurlu keçib. Bundan sonra Qərb tərəfindən silahların gəldiyi, böyük əks-hücum əməliyyatlarının gözlənildiyi bir vaxtda siyasi və hərbi rəhbərlik birlik göstərəcək.
– Yəni, heç bir halda Ukrayna hakimiyyəti daxilində gözlənilməz proses və ya sistemsiz addımlar yaşana bilməz?
– Düşünmürəm. Bu savaşın tərəfi təkcə Ukrayna deyil. Burada ABŞ, Böyük Britaniya, NATO, Avropa Birliyi var. Eləcə də bu savaşda strateji idarəçilik Ukraynanın əlində deyil.
– Amma Ukraynaya Qərbin hərbi dəstəyi, onun miqyası və ötürülmə sürəti ciddi tənqid olunur. Sanki Ukraynaya silah məğlub olmamaq, müharibəni indiki sürətlə davam etdirmək məqsədilə verilir. Bunun özü ikili standart deyilmi?
– Müharibə edən tərəf nə qədər böyük dəstək alsa da, daim ona elə gəlir ki, dəstək vaxtında və kifayət qədər verilmir. Belə narazılıq hər zaman olacaq. Amma diqqət etsəniz, Ukrayna dövlət başçısı, müdafiə naziri və Baş qərargah rəisi bundan razı qaldıqlarını deyir və hətta təşəkkür edirlər. Nəzərə alsaq ki, qarşı tərəflə birbaşa məhz bu fiqurlar təmasdadırlar, deməli, hər şey qaydasında gedir.