Britaniya baş diplomatı Lavrovun üzünə: “Siz təcavüzkarsınız və dinc insanların qatilisiniz!”- dedi…

“Hamımız bilirik ki, bu müharibədə təcavüzkar kimdir. Sizin pilotsuz uçuş aparatlarınız dinc insanları öldürür. Siz bu müharibəni udmursunuz”
Zelenski isə Rusiyanın Sibirdəki hədəflərini də vurmaqla hədələdi…
Ukrayna müharibəsi ətrafında beynəlxalq siyasi və hərbi gərginlik davam edir. “G20” xarici işlər nazirlərinin Atlantada keçirilən toplantısında Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend rusiyalı həmkarı Sergey Lavrovu sərt tənqid edib. Ukrayna Prezidenti Volodimir Zelenski isə ölkəsinin Rusiyanın daha dərin ərazilərindəki obyektləri vurmaq imkanına malik olduğunu bəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə “Sky News”un oktyabrın 31-də yayımladığı canlı xəbər lentində məlumat verilib.
Milibend Lavrova: “Siz təcavüzkarsınız…”
“G20” ölkələrinin xarici işlər nazirlərinin Atlantada keçirilən görüşündə Britaniyanın xarici işlər naziri Ed Milibend Rusiyanın xarici işlər naziri Sergey Lavrova birbaşa müraciət edərək Moskvanı Ukraynaya qarşı müharibəyə görə ittiham edib. Milibend bildirib ki, Rusiya bu müharibədə qalib gəlmir və Ukrayna xalqının müqaviməti, eləcə də müttəfiqlərin dəstəyi Moskvanın planlarının reallaşmasına mane olur.
“Hamımız bilirik ki, bu müharibədə təcavüzkar kimdir. Sizin pilotsuz uçuş aparatlarınız dinc insanları öldürür. Siz bu müharibəni udmursunuz”, – deyə Britaniya XİN rəhbəri Lavrova müraciətində bildirib. O, Rusiyanın Ukraynada mülki əhalini hədəfə alan hücumlarını da xatırladaraq Moskvanın müharibəni dayandırması üçün Kremlə qarşı beynəlxalq təzyiqlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Milibend həmçinin bildirib ki, Rusiya Prezidenti Vladimir Putinə həqiqəti söyləmək və müharibənin qalibiyyətlə başa çatmayacağını çatdırmaq lazımdır.
“G20” toplantısında Avropanın bir sıra nümayəndələri Lavrovla birlikdə ənənəvi qrup fotosunda iştirak etməkdən imtina ediblər. Nəticədə görüşün əvvəlində nəzərdə tutulan birgə foto çəkilişi ləğv olunub. Lavrov isə Avropa nümayəndələrinin bu davranışını tənqid edərək bunu “ailə fotosu diplomatiyası” adlandırıb.
Zelenski: “Rusiyanın Sibir ərazisindəki obyektləri də hədəfimizə çevrilə bilər…”
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin uzaqmənzilli zərbələr endirmək imkanlarının genişləndirildiyini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna ordusu Rusiyanın daha dərin ərazilərində yerləşən hərbi və strateji obyektləri vurmaq imkanlarını artırmaq istiqamətində çalışır.
Zelenski bildirib ki, Rusiyanın Yamaldan Qərbi Sibirə qədər uzanan ərazilərindəki obyektlər artıq Ukraynanın uzaqmənzilli zərbələrinin əhatə dairəsinə daxil ola bilər. Prezident qeyd edib ki, Ukrayna təkcə pilotsuz uçuş aparatlarının deyil, həm də raketlərin imkanlarını genişləndirməyə çalışır. O, sentyabr və oktyabr aylarında həyata keçirilən uzaqmənzilli əməliyyatların nəticələri barədə hərbi rəhbərlikdən məruzə aldığını bildirib.
Zelenskinin sözlərinə görə, Ukraynanın uzaqmənzilli zərbə imkanları ölkənin müstəqilliyinin qorunması üçün mühüm təhlükəsizlik vasitələrindən biridir.
ABŞ Ukraynaya 500 ədəd Patriot raketinin satışını təsdiqləyib…
Ukraynanın hava hücumundan müdafiə imkanları ilə bağlı digər mühüm xəbər ABŞ-dan gəlib. “Associated Press” agentliyinin məlumatına görə, ABŞ administrasiyası Ukraynaya 500 ədəd “Patriot” hava hücumundan müdafiə raketinin satışına razılıq verib. Müqavilənin ümumi dəyəri təxminən 2,1 milyard dollar təşkil edir. Raketlərin alınması Kanada, Almaniya və Norveçin maliyyə dəstəyi hesabına həyata keçiriləcək. ABŞ Dövlət Departamentinin açıqlamasına əsasən, bu satış üçün Amerika büdcəsindən vəsait ayrılmayacaq. Lakin burada mühüm bir məqam var: söhbət raketlərin dərhal Ukraynaya göndərilməsindən deyil, satışının təsdiqlənməsindən gedir.
“Guardian” nəşrinin məlumatına görə, Zelenski raketlərin tədarükünün yalnız bir neçə ildən sonra başlaya biləcəyini bildirib. Ukrayna tərəfi isə hazırkı təhlükəsizlik ehtiyaclarını nəzərə alaraq müttəfiqlərindən mövcud ehtiyatlardan raketlərin daha tez verilməsi imkanını araşdırmağı xahiş edir.
Qeyd edək ki, “Patriot” sistemləri Rusiyanın ballistik raket hücumlarının qarşısının alınmasında Ukrayna üçün xüsusi əhəmiyyət daşıyır.
Oleşkidə humanitar əməliyyat: 750-dən çox insanın təxliyəsi nəzərdə tutulur…
Ukraynanın cənubundakı, Rusiya nəzarətində olan Oleşki şəhərində də humanitar əməliyyat həyata keçirilib. Ağ Ev oktyabrın 23-də ABŞ-ın birinci xanımı Melaniya Trampın vasitəçiliyi ilə şəhərdə müvəqqəti atəşkəs barədə razılıq əldə edildiyini açıqlamışdı. Razılaşmaya əsasən, mülki əhaliyə humanitar yardımın çatdırılması və şəhəri tərk etmək istəyən sakinlərin təxliyəsi üçün müvəqqəti təhlükəsiz keçid yaradılmalı idi.
“Sky News”un məlumatına görə, oktyabrın 30-da humanitar konvoy şəhərə daxil olub. 25 avtobus və tibbi heyətin iştirak etdiyi əməliyyat çərçivəsində 750-dən çox insanın təxliyəsi nəzərdə tutulub. Lakin əməliyyatın təhlükəsizliyi ilə bağlı narahatlıqlar da var. Ukrayna tərəfi bəzi Rusiya hərbçilərinin sakinləri Ukrayna ərazisinə deyil, Rusiyaya aparan avtobuslara minməyə məcbur etməyə çalışdığını iddia edib. Bundan başqa, şəhərdə Rusiya hərbi qüvvələrinin mövcudluğunun artması ilə bağlı məlumatlar da yayılıb.. Oleşki sakinlərinin bir hissəsinin Ukraynanın nəzarətindəki ərazilərə, digər hissəsinin isə Rusiyaya getmək istədiyi bildirilir…
Moskva və Kiyev arasında yeni danışıqlar gözlənilir…
Bütün bu hadisələr ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında yeni danışıqların keçirilməsi ərəfəsində baş verir. “Reuters” agentliyinin məlumatına görə, Sergey Lavrov Ukraynanın Rusiyanın ərazisindəki hədəflərə zərbələr endirmək niyyətini açıqlamasını danışıqlara hazırlıq baxımından faydasız adlandırıb. Bununla belə, Moskva və Kiyev ABŞ-ın iştirakı ilə üçtərəfli danışıqların davam etdirilməsinə hazır olduqlarını bildiriblər.
Zelenski mümkün görüşlərin noyabrın 6-dan 10-dək Əbu-Dabidə keçirilməsinə ümid etdiyini açıqlayıb. Ukrayna tərəfi danışıqlarda Avropa ölkələrinin də iştirakını istəyir.
Beləliklə, bir tərəfdən diplomatik təmasların bərpası istiqamətində addımlar atılır, digər tərəfdən isə cəbhədə və Rusiyanın dərinliklərində hərbi əməliyyatların genişlənməsi ehtimalı gündəmdə qalır…
S.Laçın



