Bu fotoya görə İrəvandakı səfirlikləri hədəf aldılar

Ermənistanda Qarabağla bağlı növbəti diplomatik kampaniya başlayıb. Özünü Qarabağın mədəni irsi üzrə ombudsman kimi təqdim edən Hovik Avanesyan və bir qrup erməni ictimai təşkilatı Ermənistan ərazisində akkreditə olunmuş diplomatik nümayəndəliklərə müraciət edərək xarici nümayəndələrin Azərbaycan ərazilərinə səfərlərinə etiraz ediblər.
Polise.az news.am-a istinadən xəbər verir ki, müraciətdə Xankəndi, Şuşa, Gəncəsər, Dadivank və digər tarixi-dini məkanlara səfərlərin “siyasi və hüquqi qiymətləndirilməsi” tələb olunur.
Müəlliflər iddia edirlər ki, bu səfərlər “Azərbaycanın Qarabağdakı siyasətinə beynəlxalq legitimlik görüntüsü” yaradır.
Ermənistan tərəfi həmçinin 2023-cü ilin sentyabrından sonra Qarabağ ermənilərinin “zorla deportasiya edildiyini”, erməni mədəni irsinin isə məqsədli şəkildə məhv edildiyini bildirir. Müraciətdə UNESCO missiyasının bölgəyə buraxılması və Qarabağ ermənilərinin qayıdış hüququnun beynəlxalq səviyyədə müdafiəsi də tələb olunur.
Separatçılar müraciətlərində 2021-ci il 7 dekabr Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycana qərəzli çağırışını özlərinə uyğun “şərh “ də veriblər. Guya diplomatik nümayəndənin həmin ərazilərə səfərini avtomatik olaraq “beynəlxalq hüququn pozulması” və ya Azərbaycanın siyasətinin “legitimləşdirilməsidir”. Separatçılar bu səbəbdən Ermənistanda akkreditə olunmuş səfirlərə ölkələrinin diplomatik nümayəndələrinin səfərlərinə “müvafiq siyasi və hüquqi qiymət verməyə” çağırıblar.

Məlumat üçün deyək ki, ermənilərin istinad etdikləri Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Ermənistanın Azərbaycan əleyhinə qaldırdığı yalan iddialarla bağlıdır. Bu, işin mahiyyəti üzrə yekun hökm deyildi. Məhkəmə özü də açıq şəkildə bildirdi ki, həmin qərar onun yurisdiksiyası, iddianın mümkünlüyü və işin mahiyyəti ilə bağlı yekun nəticə demək deyil.
Əslində, müraciətin siyasi mahiyyəti daha aydındır: Qarabağ məsələsini Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra da beynəlxalq gündəmdə saxlamaq və xarici nümayəndələrin Azərbaycan ərazisinə səfərlərini diplomatik təzyiq mövzusuna çevirmək.
Polise.az



