Budapeşt, Praqa və Kişineuda erməni ekoterroruna etiraz olaraq aksiyalar keçirilib
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirən azərbaycanlı ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri və könüllülərlə həmrəylik nümayiş etdiriblər.
“Report” xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə yaşayan azərbaycanlılar ölkəmizin ərazisində erməni ekoterroruna etiraz əlaməti olaraq dinc piket keçiriblər. Azərbaycanın bayraqlarını dalğalandıran aksiya iştirakçıları “Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son!”, “Ekoloji cinayətə son!”, “Ekoloji terrora yox!”, “Ətraf mühitə bərpa olunması mümkün olmayan zərər vurulmasına son!” şüarlarının əks olunduğu plakatları nümayiş etdiriblər.
Aksiya yerli və dünya ictimaiyyətinin diqqətini Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisindəki faydalı qazıntı yataqlarının Ermənistan və erməni separatçıları tərəfindən qeyri-qanuni istismarına cəlb etmək, Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirən azərbaycanlı ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri və könüllülərə dəstək nümayiş etdirmək olub.
Çexiyanın paytaxtı Praqada da ölkəmizin ərazisində erməni ekoterroru ilə bağlı dinc etiraz aksiyası keçirilib. Azərbaycan diasporunun fəalı Fərid Əmirəliyevin təşkilatçılığı ilə aksiya BMT İnformasiya Mərkəzinin, BMT-nin girovlar üzrə Ali Komissarlığının, UNICEF-in Çexiya nümayəndəliyinin və digər beynəlxalq təşkilatların yerləşdiyi binanın önündə baş tutub.
Gənc soydaşlarımız aksiya ilə maraqlanan paytaxt sakinlərinə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisindəki faydalı qazıntı yataqlarının Ermənistan və erməni separatçıları tərəfindən qeyri-qanuni istismar olunması barədə ətraflı məlumat veriblər.
Erməni ekoterroruna daha bir etiraz aksiyası Moldovanın paytaxtı Kişineuda BMT-nin bu ölkədəki nümayəndəliyi qarşısında baş tutub. Tədbirdə çıxış edən Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov bildirib ki, ətraf mühiti qorumaq etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir insanın borcudur.
“Azərbaycanın təbii sərvətlərinin talanması və ərazilərinin çirkləndirilməsi isə artıq təkcə Azərbaycan xalqını deyil, bütün region əhalisini narahat edən ciddi problemə çevrilib”, – deyə o vurğulayıb.
Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilən aksiyanın sonunda bəyanat oxunub və BMT-nin Kişineudakı nümayəndəliyinə təqdim edilib.
Aksiyalarda Azərbaycanın təbii sərvətlərinin qanunsuz olaraq talandığı, ətraf mühitinin çirkləndirildiyi, ekosid törədildiyi bir vaxtda Rusiya sülhməramlılarının Azərbaycanın dövlət qurumlarının nümayəndələrindən ibarət monitorinq qrupunun bu bölgəyə daxil olmasına və müşahidə aparmasına imkan vermədiyinə, bununla əlaqədar Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin və könüllülərin fasiləsiz etiraz aksiyası keçirdiklərinə, amma heç bir humanitar böhranın yaranmasına yol vermədiklərinə diqqət cəlb edilib. Hər zaman ekoloji problemləri gündəmə gətirən beynəlxalq təşkilatların Qarabağda törədilən erməni ekoterroru qarşısında susqunluq nümayiş etdirməsi yolverilməz davranış adlandırılıb, Azərbaycan ictimaiyyətinin və dünya azərbaycanlılarının beynəlxalq təşkilatlardan Qarabağda yataqların qeyri-qanuni istismarına və ekoloji terrora son qoyulmasını tələb etdiyi vurğulanıb.