Cinayətkarlıqla mübarizədə KİV-lərin rolu

“Başlıqlar  hadisələrin ölçüsünü iki dəfə artırır”
Con Qolsiorsi

  XXI əsrdə məlumat və informasiya  azadlığının  əhəmiyyəti hədsizdir, genişdir və  onun rolu  artmaqda davam edir. Məlumat texnologiyalarının köməyi ilə kütləvi  kommunikasiya  sahəsində  minlərlə KİV fəaliyyət istiqamətlərini  sərbəst həyata keçirir. Media vasitələrinin hər birimizin ictimai, siyasi və sosial həyatına “müdaxiləsi”  cəmiyyətin informasiyalara olan ehtiyacı ilə bağlıdır. Ekspert müşahidələrinin  nəticələrinə görə ölkə əhalisinin  təxminən 70%-dən çoxu hər gün televizora baxır, radionu dinləyir, qəzetləri izləyir, elektron xəbər portallarında  vaxtlarını itirirlər.

  Bu baxımdan, XXI əsrdə İnternet-Mediadan  istifadəçilərin  kəmiyyətcə artması və sosial   şəbəkələrdə informasiya alanların sayına təsiri bir növ “tələb və təklif”dən doğur.

  Yayılan məlumatlar əhəmiyyətli dərəcədə insanların davranışlarına təsir edir, bəzən baş verəcək xətaların qarşısı alınır, davranışlar tənzimlənir, bəzən də əksinə, düz yoldan kənara çəkilməyə vadar edir. KİV-də yayılan məlumatlar hamıya- yeniyetmələrə  və  gənclərə, qeyri-məhdud dairənin şəxslərinə, cinayətkarlara, onların    əməllərinin qurbanlarına, hətta     hüquq-mühafizə    orqanlarında çalışanlara  və  hakimlərə də təsirsiz  ötüşmür.

   Bu mənada  dərc olunan  məlumatlar vasitəsilə  cəmiyyətin müxtəlif təbəqəsinə müxtəlifliyi ilə seçilən arzuolunmaz mesajlar verilir.

Bəzən xeyirxahlıq  təbliğ olunur, cəmiyyətə psixoterapevtik  ovqat bağışlayır. Müəyyən insanları  qıcıqlandıraraq  gözləmədiyimiz kriminal davranışlara  zəmin yaradılır.

   KİV-də tirajlanan informasiyalar ictimai rəyin müxtəlif cür formalaşdırılmasında özünə xas rolu var. Yuxarıda qeyd etdiyim kimi mətbuatda dərc olunan məlumatlar bəzən  əhalinin hüquq qaydalarına olan münasibətini əks istiqamətə yönəldə bilir, hüquq-mühafizə orqanlarının habelə, məhkəmələrin fəaliyyətinə kölgə salır, hüquqpozmaların müxtəlif növlərinin törədilməsini və yaxud, kriminoloji situasiyanı müəyyən zaman daxilində ya zərərsizləşdirir, ya da nəzarətdən çıxarır.

İnsan alverinin tərkibini yaradan əlamətlərin müəyyən qismi yalan vədlər və təkliflər sosial şəbəkələr, xəbər portalları vasitəsilə, virtual qaydada yayılır. Risk qrupuna daxil olan sadəlövh şəxslər belə vədlərə inanaraq müasir köləliyin qurbanlarına çevrilirlər. Ona görə də yalnız səhih mənbələrə söykənən məlumatların yayılmasında maraqlı olmalıyıq.

   Burada məlumatların necə və haradan əldə edilməsi üçün mövcud imkanların da rolu az deyil. Təxminən 10 il bundan öncə internet ehtiyatlarından istifadə etmək məhdud olsa da indi imkanlar genişdir. Hazırda xəbər portallarını heç bir hüquqi maneə olmadan təsis etmək və ondan geniş istifadə etmək azadlığı var. Radio dalğalarına, telekanallara daxil olmaq  sərbəst və asandır. Bu imkanlara hər yerdə-küçələrdə, planşet  kompyuterlərin, smartfonların və sair mobil quruluşun köməyi ilə nail olmaq mümkündür.

    KİV-nin ölkədə və ümumilikdə bütün dünyada kriminoloji əhəmiyyət kəsb etməsi son onillikdə  dəfələrlə kriminoloqların müzakirə predmetinə çevrilib. Problemli məsələ tədqiqat miqyasına görə  ekspertlərin və kriminoloq  alimlərin məqalələrində özünə yer alır, aktuallığı ilə diqqət çəkir və gündəmdən silinmir.  

 Məsələnin aktuallığını nəzərə alaraq 2019-cu ildə Azərbaycan  Mətbuat Şurasının,  Ədliyyə Nazirliyi və Ali Məhkəmənin  media nümayəndələri ilə birgə keçirilən görüşlərdə jurnalistikada ixtisaslaşmanın əhəmiyyəti, yazıların məzmunu ilə informasiyanın uzlaşmaması, jurnalist  düşüncəsinə və təfəkkürünə uyğun informasiyanın  əldə edilməsi və yayılması, sui-istifadələrin qarşısının alınması və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb, media redaktorlarının  təklifləri və tövsiyələri nəzərə alınıb.

  Bəzi media portallarında yayılan məlumatlarda cinayətkar aləmin  “adət-ənənələrinə” daha çox yer verilməsi, əyyaşlığın və yüngül həyat tərzinin sanki təbliği narahatlıqla qarşılanır.

  Azərbaycanda kriminoloq alimlərinin bu sahədə tədqiqat məqalələri demək olar ki, azdır, mövzu əhəmiyyət kəsb etmir. KİV vasitələrinin bolluğu dönəmində akademik informasiyalar çox az dərc olunur.

Amma xarici ölkələrin kriminoloqları buna ciddi yanaşır və verilən təkliflər də ciddi qəbul olunur. Söhbət hüquqi dövlətlərin təməlini təşkil edən insanlardan gedir…

 Xarici müəlliflər sırasında Amerikan alimi  L.Kalmanın bu istiqamətdə emprik fikir və mülahizələri var. Fransız tədqiqatçı xanımı  D.Reyzenber  KİV-nin bu sahədəki vəziyyətinin kompleks şəkildə öyrənilməsi zərurətindən danışır. Lakin konkret olaraq nədən başlamağı söyləmir. İngilis alimi R.Reyner “KİV  kriminologiyası”na  ayrıca ehtiyacın olduğunu həyəcanla diqqətə çatdırır. Bunun ayrıca bir elm sahəsi kimi öyrənilməsini tövsiyə edir.

Amma nə etmək ki, sabitliyin qorunub saxlanılmasında KİV-nin  profilaktik imkanlarından istifadə etmək  bacarığı problem olaraq qalır. Media sahəsində bu problemə  adi hal  kimi yanaşılması təəssüf doğurur. Təəssüf doğuran digər hal isə bəzi media nümayəndələrinin bir vətəndaş kimi  konstitutsion vəzifələrinin mahiyyətinin ciddiliyinə məhəl qoymaması və KİV-nin ölkədə kriminoloji situasiyaya,  cinayətlərin növlərinə nə dərəcə təsir edə biləcək gücünü görməli olduğu halda, görməməsidir. Hüquqi dildə ifadə etsəm bu hərəkət və ya, hərəksizlikdir.

 Qeyd olunanların kriminoloji tədqiqatın prioritet təşkil edən məsələsi  kimi diqqət çəkməməsi də narahatlıq doğuran məsələdir. Ona görə də KİV-nin fəaliyyəti ölkədə cinayətkarlıqla mübarizəyə və kriminogen  duruma təsir edə biləcək gücünün  təhlilinə ehtiyac var.

    Təhlilin əsas  məqsədi ölkədə kriminoloji durumu ağırlaşdıra bilən məlumatların KİV-də yayılması  (bəzən uzun müddət silinməməsi) və yaxud vəziyyəti yaxşılaşdıran profilaktik məlumatların verilməsinə, tirajlanmasına biganəliyin aradan qaldırılmasından ibarətdir.

KİV-nin cinayətkar fəaliyyətə və onun “lider”lərinə naşılığından önəm verməsi, cinayətlərin qurbanlarının vəziyyətini, ictimai münasibətlərə zərər vüran məlumatları təhlil etmədən, onun obyektiv və subyektiv cəhətlərinə bələd olmadan, informasiyaların öyrənilmədən dərci, cinayətkarlıqla mübarizənin coğrafiyasını təhlil etmədən tirajlanması  narahatlığın digər tərəfidir. Cəmiyyət, cinayətkarlıqla mübarizə aparan qurumlar islah olunmayan bu kontingentlərdə vətənə “SƏDAQƏT” ruhunda heç nə hiss etməmişlər. 

 İmkanım daxilində 100-dən çox şəxslərlə apardığım fərdi sorğular, (18 yaşdan 24 yaşadək olan gənclərlə) belə deməyə əsas verir ki ,KİV-də, daha çox internet nəşrlərində, domenlə fəaliyyətə başlayan xəbər saytlarında, ədəbi-bədii yaradıcılıq fəhmi ilə çap olunan məqalələrin bəzilərində milli adət və ənənlərimizə -əxlaqa, iffətə və mədəniyyətə söykənməyən, milli dəyərlərə zidd yazılar çoxdur. Bu yazılar cinayətkarlığın “epidemiyası”nın və inkubasiya dövrünün dairəsini böyüdür. Bu mənada  KİV ölkədə insanların şüur və iradələrinə təsir etməklə  kriminoloji situasiyanı da dəyişə və belə təsirlər neqativ  ( kriminogen) və pozitiv (profilaktik)  xarakterli ola bilər. KiV insanların şüur və iradələrinə təsir etməklə ölkədə kriminogen durumu yaxşılığa və yaxud bədxahlığa əsas verən hallara apara bilər. Kriminogen durumu dəyişmək mənasında onu nəzərdə tuturam ki,  KİV–də yayılan məlumatlar cinayətkarlığa “şans” verir, dinamikada cinayətlərin bəzi növləri artımla müşahidə edilir, cinayətkarlığın strukturunda neqativ dəyişikliklərə səbəb olur, latent(qeydiyyata düşməyən) cinayətlər  ictimaiyyət arasında sosial gərginliyi artırır. Cəmiyyətin tolerantlığı zəifləyir, əhali arasında qorxu mühiti, cinayətkarların “qəhrəmanlığı” və romantikləşməsi ovqatı yaranır. Yeniyetmələrin sosiallaşmasına mane olur,  hüquq-mühafizə orqanlarına qarşı düşmənçilik toxumu səpilir. KİV-də cinayətlərin törədilməsi üsulları barədə  məlumatların cəmiyyətə  təqdim edilməsi jurnalist naşılığının əlaməti olsa da məsuliyyəti yüngülləşdirmir və arzuolunmazdır.

  Bu tərzdə dərc olunan informasiyaların  ksero surətləri  çevik  şəkildə başqa saytlara ötürülür. “Məxfi şəbəkə”lərdə cinayətkarlıqla  mübarizə  qurumlarının  nüfuzuna qarşı  bir meydan açılır. Bu ictimaiyyətin  marağına  uyğun deyil. Bu təxribat xarakterlidir, sabotajçılığa dəhliz açmaqdır…

  Bununla yanaşı media vasitələri  profilaktik  təsir bağışlayan məlumatları ilə əhali arasında hüquq düşüncəsinin artmasına, aqressiyanın azalmasına, hüquq normalarına tabe olma və riayət  edilməsi ruhunda  insanların tərbiyə edilməsində,  hüquqi nihilizmin- hüquqi savadsızlığın ləğvi ilə yanaşı cəmiyyətdə mənəvi  tənzimlənmənin etibarlı institutuna çevrilməsində yetərincə gücə malikdir.

  Belə məlumatlarının köməyi ilə  cinayətkarlığın ümumi  mənzərəsi, onun  kəmiyyət və keyfiyyət göstəriciləri   profilaktik xarakterli təsir vasitəsi kimi qəbul edilə, vətəndaşlara davranış modelini seçmək  imkanı verməklə “kriminogen hədələrdən”  də  qoruya  bilər.

    Məlumatların profilaktik xarakter daşıması həm də şəxsi problemlərin cinayətkarlara xas romantik  xülya, üsul və vasitələrlə həll olunmasını bloklayır. Bu düşüncədə  olanlar fikirlərindən vaz keçməli olurlar. KİV-in cinayətkarlığa profilaktik təsiri nəticəsində qeydə alınmayan – Latent cinayətlərin dairəsi də daralır.

Baş verə biləcək cinayətlərə qarşı mübarizədə hüquq-mühafizə orqanları ilə əməkdaşlığa   dəstək olmağa bir çağırışdır- desəm yanılmaram. KİV  cinayətkarlar və onların “nüfuzlu lider”ləri ətrafında  arzuolunmaz  məlumatları yaymaqla   gündəmi qısa vaxtda zəbt etsə də  müəyyən müddətdən sonra populyarlığı itir. Belə informasiyaların yayılmasından nə dərəcədə uzaq olsaq, bir o qədər cinayətkarlığa meyl edən düşüncələri qapada, cinayətin dəhlizlərini bloklaya bilərik.

       Ölkədəki kriminal durum barədə məlumatları vermək olar, bəlkə də vacibdir. Amma informasiyalar dəqiq mənbədən alınmalı, obyektivliyinə zərrə qədər şübhə olmamalıdır. Kriminal məlumatlara təfsilatı ilə bələd olmadan tələm-tələsik şərh vermək hadisəni prosesual  baxımdan məcrasından kənara çəkə bilər.

Məs:Diplomatın saxlanılması və həbsi fərqli prosesual məna kəsb edir. Həbsdə məhkəmənin qərarı tələb olunur. Saxlamaq isə hələ həbs deyil…

      Kriminal hədələrin miqyasının şişirdilməsi və hüquq-mühafizə orqanları əməkdaşlarının adına ləkə gətirən informasiyaların yayılması cəmiyyətdə gərginliyin artmasına, vahimənin yaranmasına, “kölgə ədliyyəsi”nin yayılmasına yol açır. Nəticədə vətəndaşlar cinayətkarlığın ümumi və real vəziyyətindən məlumatı olmadığından özünü müdafiə üçün özəl adekvat tədbirlər  görməyə  yollar axtarır.

      Bir sözlə KİV-də dərc olunan yalan məlumatlara əmin olan insanlarda mətbuata olan inam da itir… Çalışaq aldanmayaq və aldatmayaq!

Şəmsəddin Əliyev,
Azərbaycan Mətbuat Şurasının İcraçı katibi

Hamısını Göstər

Related Articles

Back to top button