Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert olub
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində fevralın 23-də ölkəmizin tanınmış incəsənət ustalarının iştirakı ilə təntənəli qala-konsert keçirilib.
Polise.az xəbər verir ki, Azərbaycanın və Qətərin mədəniyyət nazirləri Adil Kərimli və Şeyx Abdülrəhman bin Həməd Al Tani, Azərbaycanın Qətərdəki səfiri Mahir Əliyev, ölkəmizdən gəlmiş qonaqlar, yerli ziyalılar və digərləri konserti izləyiblər.
Musiqi axşamında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Dirijor Mustafa Aşurovun rəhbərliyi ilə ansambllar gecənin solistləri ilə birlikdə xalq mahnılarını, Azərbaycan və ərəb bəstəkarlarının əsərlərini səsləndiriblər.
Konsert proqramı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Cəngi”nin ifası ilə başlayıb.
Sonra Fikrət Əmirov, Tofiq Quliyev, Arif Məlikov, Rauf Hacıyev, Emin Sabitoğlu, Dadaş Dadaşov, Ələkbər Tağıyev, Həsən Rzayev, həmçinin Əhəb Abd əl-Vahed, Fərid əl-Əfraş və başqalarının əsərləri böyük məharətlə ifa olunub.
Solistlər Xalq artisti Azər Zeynalov, Əməkdar artistlər Nərgiz Kərimova, Babək Niftəliyev, Emil Əfrasiyab (piano) və Çinarə Mütəllibova (qanun), həmçinin Məqsəd Əzizov (balaban), İbrahim Babayev (tar), Əli Quliyev (saz), İlkin Dövlətov, Fatimə Cəfərzadə, İdris Hüseynov (ud), Elnur Mikayılov (kamança) və Aytən Məhərrəmovanın çıxışları tamaşaçıların alqışları ilə qarşılanıb.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə fevralın 21-dən Qətərdə Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Mədəniyyət Günlərinə fevralın 24-də yekun vurulacaq.
Polise.az