Dünya virusun cəngində: Bioloji savaş başlayıb?

Çində pandemiya potensialı daşıyan yeni donuz qripu virusu yayılıb.

Daşıyıcı donuzlar olsa da, virus insanlara da yoluxa bilər. Tədqiqatçılar virusun mutasiya edib insandan-insana keçə biləcəyindən və qlobal pandemiya riski yaradacağından narahatdırlar. Hesab edilir ki, asanlıqla yoluxa bilən “G4 EA H1N1” adlı tezliklə nəzarətə götürülməli olduğu bildirilib.

Virus yeni olduğundan, insanların ona qarşı immuniteti zəif ola bilər. Bundan əlavə Monqolustanın qərbində Xovd əyalətinin iki rayonunda taun xəstəliyinin bubon forması yayılıb. Bu səbəblə karantin tətbiq edilib.

Xovd əyalətində iki tauna yoluxma hadisəsi qeydə alınıb və bir pasiyentdə xəstəliyin ağciyər forması müşahidə olunub. Əyalət tam karantinə alınıb, oraya giriş-çıxış dayandırılıb. Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda Çində yeni donuz qripinin və Monqolustanda “bubon taunu”nun yayılması yeni virus və ya bioloji savaşın olacağına işarədir.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu açıqlamasında deyib ki, yeni virusların meydana çıxması dünyada ekoloji tarazlığın pozulması səbəbindən yaranır:

“Ekologiya o qədər kəskin şəkildə pisləşib ki, aşağı mikroorqanizmlər, ibtidailər özlərini saxlamaq üçün transformasiya olunurlar. Məsələn, dinozavrlar kütləviləşəndə məhv oldu. Amma mikroorqanizmlərin belə bir xüsusiyyəti var ki, onlar əlverişsiz şəraitdə özləri özlərini dəyişdirir və ya mutasiya edirlər. Beləliklə də yeni şəraitə uyğunlaşırlar. Dünyada ekologiyaya vurulan ağır zərbələr ona gətirib çıxarıb ki, artıq mikroorqanizmlər yeni keyfiyyətlər əldə ediblər. Yeni keyfiyyətlərdən biri də elə bu, virusların yeni növlərinin əmələ gəlməsidir. Bunun hamısı ekoloji tarazlığın pozulmasından yaranan səbəblərdir. Başqa bir izahı yoxdur”.

Sərdar Cəlaloğlu onu da əlavə edib ki, ekoloji tarazlığın pozulması hələ uzun müddət davam edə bilər:

“Bu proses insanların hər şeyin pul qazanmaqdan ibarət olmadığını dərk edənə qədər davam edəcək. Dünyada milyardlarla pul qazanan insanlar var ki, onların fəaliyyəti həm ozon təbəqəsinin deşilməsinə, həm suyun, həm torpağın, həm də havanın çirklənməsinə xidmət edir. Amma pul qazandıqlarına görə heç kəs onların bu fəaliyyətini dayandırmağı hesaba almır. Dünyada yeni qaydalar müəyyən olunmalıdır. Xüsusən, ekologiyanın qorunması ilə bağlı beynəlxalq normalar müəyyənləşməlidir. Ekologiyaya ziyan verən müəssisə təsisatçıları ən ağır cəzalara, hətta lazım gələrsə ölüm cəzasına məhkum olunmalıdır. Belə bir norma qəbul olunana qədər proses davam edəcək”.

Mənbə
cebhe.info
Hamısını Göstər

Related Articles

Back to top button