“Düşmən azı 8 cəbbəxanamızı dağıdıb” – “Artıq “bir qapıya oyun” başa çatıb”

Rusiyalı terrrorçu ordunu və Putini sərt tənqid etdi

Donetskdəki separatçı “dxr”in sabiq baş komandanı, Ukraynanın şərqində separatçı terror birləşmələrinin yaradılmasında ən əsas fiqurlardan biri olan İqor Strelkov (Qirkin) Rusiyanın hərbi-siyasi rəhbərliyini və Müdafiə Nazirliyini növbəti dəfə sərt tənqid və ittiham edib.

Strelkov sosial şəbəkələrdə yayılan son çıxışında müasir silahlar sayəsində Ukrayna Ordusunun üstünlüyü ələ aldığını və bu gedişlə Rusiya tərəfini məğlubiyyət gözlədiyini bildirib: “Ötən dörd ay ərzində general adlandırılan Konoşenkovun (Rusiya Müdafiə Nazirliyinin sözçüsü-red.) idarəsi düşmənin arxa cəbhəsində nə qədər hədəflər vurulduğunu elan edir. Bu, hardasa həqiqətə uyğundur, hardasa da 2 dəfədən 10 dəfəyədək şişirdilib. Konoşenkova inansaq, Ukrayna Ordusu artıq 3 dəfə məhv edilib… Ancaq reallıqda son iki həftədir ki, düşmən bizim arxa cəbhədəki mövqelərimizə aktiv və təəssüf ki, dəqiq şəkildə cavab zərbələri endirir…

Donetsk və Luqanskda əhalinin gözü qarşısında bu partlayışlar və yanğınlar baş verir. Beləliklə, düşmən bizim arxa cəbhədə ən azı 8 cəbbəxanamızı dağıdıb. Özü də ordu və korpus səviyyəsində”.

Strelkov həmçinin, etiraf edib ki, Ukrayna tərəfi son iki həftədə çoxlu sayda yüksək ranqlı komanda-idarəetmə məntəqələrini və iri neft anbarlarını, eləcə də hava hücumundan müdafiə sistemlərini məhv edə bilib: “Müharibənin əvvəlindəki “bir qapıya oyun” başa çatıb. Son iki həftədə təəssüf ki, düşmən yüksək dəqiqliklə bizim arxa cəbhədəki obyektlərimizi – aerodromları, silah anbarlarını, idarəetmə məntəqələrini, HHM divizionlarımızı məhv edir… Bütün bunlardan sonra mən necə optimist ola bilərəm?”

Terrorçu qeyd edib ki, rus ordusu köhnə “T-62” tanklarından istifadə etmək məcburiyyətində qalıb və ordu adi səhra mətbəxləri və çadır sarıdan belə qıtlıq yaşayır.

Strelkov deyib ki, imkanı olsa, Rusiya ordusu rəhbərliyi üzərində hərbi tribunal təşkil edərdi. Çünki Ukraynanı dəfələrlə üstələməsinə baxmayaraq, rus ordusu həlledici qələbə qazana bilməyib və bu gün acınacaqlı vəziyyətdədir: “Düşmənsə durmadan güclənir. O, ABŞ-ın yeni silahlarından uğurla istifadə edir… Rus ordusunun bütün böyük itkilərə baxmayaraq, müharibənin əvvəlində götürdüyü sürət və böyük əraziləri tutması ikinci etapda sadəcə, taktiki uğurlarla əvəzləndi. Bəs, bundan sonra nə olacaq? Ukrayna səfərbərlik edib, biz yox. Biz cəbhəyə köhnə “T-62”, “BMP-1” göndəririk, düşmənsə ən müasir yeni silahlar alır. Yəni, biz öz texniki və say üstünlüyümüzü reallaşdıra bilmədik. Dörd aydan sonra faktiki olaraq düşmənlə paritet vəziyyətinə çıxmışıq, hətta bəzi istiqamətlərdə üstünlük onun tərəfindədir”.

Qirkin əlavə edib ki, Ukrayna Ordusunu Severodonetsk və Lisiçanskda məhv etmək mümkün olmayıb və o, sadəcə daha uyğun mövqelərə çəkilib: “Müharibəyə qədər dünyanın ikinci ordusu sayılan Rusiya ordusu 4 ay ərzində Ukrayna ilə bacarmadı və müharibəni statik cəbhə formatına keçirdi. Ukrayna üzərində nəhəng potensial üstünlüyünə malik olmağımıza baxmayaraq, ona heç nə edə bilmədik”.

Strelkov Putinin son çıxışında söylədiyi “biz hələ Ukraynada heç nəyə başlamamışıq” ifadəsinə də münasibət bildirib: “Biz kifayət qədər böyük itkilər vermişik. Dəqiq rəqəmləri bilmirəm, ancaq onlar kifayət qədər böyükdür. Bizim ərazilərimizi atəşə tuturlar, bizim sərhədçilərimizi öldürürlər. Biz isə belə çıxır ki, hələ başlamamışıq? Biz kimi sakitləşdiririk – özümüzü?”

Xatırladaq ki, Strelkov Donbasda terrorçuluq və separatizmlə məşğul olmazdan əvvəl uzun müddət Rusiya FTX-sında polkovnik rütbəsində xidmət edib. Onun Rusiya ordusu rəhbərliyini, hərdən isə ölkənin siyasi rəhbərliyini tənqid və ittiham etməsi daha çox Kremldəki hakimiyyətdaxili çəkişmələrin təzahürü kimi qəbul olunur.

Hamısını Göstər

Related Articles

Back to top button