Ermənilərin “təmir” oyunu: Amarasın görünüşü dəyişir
Amaras monastrında separatçıların rus sülhməramlılarının müşayiəti ilə öz əski parçalarını qaldırması haqqında hələ avqust ayında mətbuata məlumat vermişdik. Ona görə bu məsələ bizim üçün yenilik olmadı. Ümumiyyətlə götürəndə isə ermənilər bütün Azərbaycan ərazisindəki xristianlığa qədər və xristianlıq dövründə olan abidələrimizi öz mülkiyyəti hesab edir.
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, professor Faiq İsmayılov deyib.
“Ermənilərin Kəlbəcərdəki Xudavəng monastrından sonra saxta dəlillərlə istinad etdikləri ikinci əsas tarixi abidə Amaras monastrıdır. İşğaldan azad olunmuş ərazilərimizdə heç vaxt ermənilərin tarixi-dini abidələri olmayıb. Amaras monastrı xalqımızın tarixi və milli-mənəvi dəyərləri baxımından xüsusi əhəmiyyətə malik abidələrimizdəndir. Monastrı hətta SSRİ zamanında həm xristian, həm də müsəlman əhali ziyarət edib, ona hörmətlə yanaşıblar. Dünya tarixində belə nümunələrə nadir hallarda rast gəlinib. Bu məsələnin kökündə isə o dayanır ki, Amaras monastrı qədim Albaniya dövləti zamanında burada yaşayan türkdilli xalqlar tərəfindən inşa edilib. Hətta bu dövrdə xristianlıq belə bizim ölkəmizdə tam şəkildə yayılmayıb. Lakin bu abidə və digər tarixi-dini abidələrimiz bizim ortaq dəyərimiz kimi əsrlərlə dəyişən nəsillər tərəfindən qorunub saxlanılıb. Ümumiyyətlə isə tam əminliklə deyə bilərik ki, bizim işğaldan azad edilən ərazilərimizdə tarixin heç bir dövründə erməni xaçı, erməni abidəsi olmayıb. Onların istinad etdikləri Şuşada olan iki kilsə isə rus provoslav kilsələridir. Həmin kilsələr Azərbaycanın şimalının tamamilə Çar Rusiyası tərəfindən işğal edilməsindən sonra tikilib. Belə ki, o zaman Çar Rusiyasının qoşunları Azərbaycanın hər yerinə, o cümlədən Şuşaya yerləşdirildi. Həmin kilsələr də əsgər və zabitlərin ibadəti üçün inşa edilib”, – professor bildirib.
Professor Amaras monastrının təmir edilərkən erməniləşdirildiyini qeyd edib:
“Hələ bu ilin may ayından Qarabağda rus sülhməramlılarının nəzarət etdikləri ərazilərdə saxta xaç daşları istehsal edən sexlər fəaliyyətə başlayıb. Xocalı rayonunun ərazisində yerləşən Əsgəran qalasında, eyni zamanda Xocavənd rayonunun Amaras monastrında separatçılar tərəfindən “təmir” adı altında aparılan və yarımçıq qalan işlər yenidən bərpa edilib. “Təmir” üçün vəsait məsələsini isə İranın tarixi kilsə mərkəzinin direktoru Şerli Avetyan həll edib. Ermənistan mətbuatının 31 iyulda verdiyi məlumata əsasən, qondarma rejimin nümayəndəsi ilə keçirilən görüşdə tərəflər bu haqda razılığa gəliblər. Bu vəsaitlə Amaras monastrının tağlarında, içərisindəki komponentlərdə, xarici görünüşündə dəyişiklik aparılıb”.