Ermənistan Rusiyadan nə istəyir?
Politoloq Oqtay Qasımovun müsahibəsi:
– Son zamanlar Ermənistan və Rusiya arasındakı münasibətlərdə ziddiyyətlər özünü büruzə verir. Ermənistan hakimiyyətinin yuxarı eşelonundan Rusiyaya qarşı səsləndirilən tənqidlər də şimal qonşumuz tərəfindən cavabsız qoyulmur. Nə baş verir?
– Ümumiyyətlə, tarixən erməni cəmiyyətində belə bir fikir mövcud olub ki, onlar hansısa imperiyaların kölgəsində yaşamalı, tərkibində olmalı və bütün məsələləri himayədarları həll etməlidir. Azərbaycanla münaqişə məsələsində də Ermənistan eyni düşüncəni davam etdirməkdədir. Ermənistanın qurulması, Qarabağda ermənilərin yerləşdirilməsi və münaqişənin yaradılması Rusiyanın əsəridir. Rusiya, əlsində, ermənilərə arzuladıqlarından və gözlədiklərindən daha artıq şeylər verdi. Erməni cəmiyyətinə o şüur hakim kəsilib ki, İkinci Qarabağ müharibəsində Azərbaycanla Rusiya vuruşmalı və Ermənistanı qorumalıydı. Bu gözləntilər özünü doğrultmadığı üçün Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi güclənməyə başlayıb.
– Ermənistan Rusiyadan nə istəyir?
– Ermənilər hesab edir ki, onların destruktiv fəaliyyətini Rusiya və digər dövlətlər dəstəkləməlidir. Son il yarımda, xüsusilə də sərhədlər məsələsində Azərbaycan Ermənistana sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı təkliflər verdi, sülh müqaviləsinin imzalanması üçün baza prinsipləri təklif etdi. Ermənistan bundan da boyun qaçırdı.
Xatırlayırsınızsa, 2021-ci ilin may ayında Azərbaycan ordusu Kəlbəcər-Laçın istiqamətində qarın əriməsiylə bərabər dövlət sərhədlərimizə çıxdı. Bu da Ermənistanda böyük ajiotaja səbəb oldu və İrəvanda hesab etdilər ki, yenə də Rusiya və KTMT Ermənistanın əvəzinə Azərbaycanla münaqişəyə girməli, yaxud danışıqlara getməli və guya Azərbaycanı “öz sərhədlərinə qayıtmağa” tələb etməlidir.
Nəhayət, Laçın yolundakı özbaşınalıq və onun öz təyinatından kənar istifadələrə imkan yaradılması, həmin yoldan Qarabağ ərazisinə mina, silah-sursat, digər hərbi təyinatlı yüklərin daşınması, o cümlədən İrandan və digər ölkələrdən terrorçuların Qarabağa keçməsi Azərbaycanın səbrini daşırdı. Eləcə də təbii sərvətlərimizin talan edilməsiylə bağlı Azərbaycan tərəfinin konkret monitorinq aparılmasıyla əlaqədar tələbləri oldu və bu tələblərin yerinə yetirilməsi üçün ekofəalların aksiyası başladı.
Ermənistan bu dəfə də hesab etdi ki, Rusiya sülhməramlıları ekofəalların aksiyasını dağıtmalıdır.
– Lakin Rusiyanın da “əl-üzünü” yumaq olmaz…
– Əlbəttə, Rusiya bir çox məsələlərdə üzərinə düşən funksiyaları yerinə yetirməliydi. Ən azı, 10 noyabr anlaşmasında qarant tərəfi olaraq Ermənistandan həm Qarabağ ərazisindən öz qoşun hissələrini çıxarılmasını, həm kommunikasiyaların açılmasını tələb etməli, həm də Laçın yolunun yalnız humanitar məqsədlər üçün istifadəsinə şərait yaratmalıydı. Bunları etmədiyinə görə vəziyyət xeyli gərginləşdi və Ermənistanın Rusiyadan gözləntiləri xeyli artdı.
Artıq gərginlik o həddə çatıb ki, bunu diplomatik vasitələrlə gizlətmək mümkün deyil. Ermənistan hakimiyyətinin ən yüksək pillələrində olan şəxslər – xarici işlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Baş nazir Nikol Paşinyan və parlament sədri Alen Simonyanın dilindən biz Rusiya əleyhinə tənqidi fikirləri və ittihamları eşitməkdəyik. Təbii ki, Rusiya tərəfi də bu ittihamları cavabsız qoymur və Mariya Zaxarova, Dmitri Peskov və Sergey Lavrovun diliylə Ermənistana müəyyən mesajlar və cavablar verilir. Son açıqlama da məhz buna yönəlib.
– Bəlkə Rusiya bununla Ermənistanı “günah keçisi”nə çevirmək istəyir?
İnanmıram. Əslində, bu mesajda Ermənistana deyilən fikir ondan ibarətdir ki, bu termin oyunlarını bitirib, nəhayət, qərar verilməli və sülh prosesi aparılmalıdır. Hərçənd Rusiyanın özü də təklif etdiyi variantda təəssüf ki, sülh müqaviləsi məsələsini önə çəkməmişdi və bu da Ermənistana xeyli dərəcədə ürək-dirək verdi. Diqqət etmişdinizsə, Rusiyanın təklif etdiyi variantda, əsasən, texniki məsələlər önə çəkilirdi: humanitar məsələlər, kommunikasiyaların açılması və sərhədlərin delimitasiya olunması. Sülh müqaviləsi nəzərdə tutulmurdu. Amma Avropa və Qərbin təşəbbüsü ilə olan görüşlərdə isə sülh müqaviləsi önə çəkilir və texniki məsələlər onun adınca gəlirdi.