Ermənistan Türkiyə ilə danışmaq zorunda – Xəritənin sərt diktəsi

“Biz Türkiyə ilə danışmalıyıq. Əgər danışmasaq, bunu bizim əvəzimizə başqası edəcək”.

Bu sözləri dünən Ermənistanın hakim “Mənim addımım” blokunu üzvü, parlamentin Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri Andranik Köçəryan jurnalistlərə verdiyi müsahibədə deyib.

“Birinci Qarabağ müharibəsi zamanı Türkiyə Ermənistan rəhbərliyi ilə təmasda idi. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan hətta Türkiyə prezidenti Turqut Özalın dəfn mərasiminə qatılmışdı. Mən Mehrinin komendantı olduğum vaxtlarda Naxçıvanın daxili işlər naziri ilə danışıq aparırdım. Biz döyüşürdük, amma həm də danışırdıq. Türkiyə ilə danışmalıyıq. Danışmasaq, başqası bizim əvəzimizə danışacaq. Nə vaxtsa söhbətlər aparılmışdı, hətta Serj Sərkisyan futbol oynamışdı (Ankara və İrəvan arasında “futbol diplomatiyası” nəzərdə tutulur – red.). Bu da normaldır. Danışmaq lazımdır, bir-birinə güllə atmaqdansa, danışmaq daha yaxşıdır”, – deyə Köçəryan vurğulayıb.

Paşinyan komandasının yetkilisi “bizim əvəzimizə başqası danışacaq” deyirkən əlbəttə ki, Rusiyanı nəzərdə tutur. O Rusiya ki, tərəflər arasında heç vaxt yaxşı, səmimi vasitəçi olmur. Çünki qarşı duran tərəfləri barışdırmaq deyil, daim öz maraqlarını reallaşdırmaq, konflikt hesabına regionda özünün hərbi mövcudluğunu gücləndirmək naminə konflikti uzanmaq haqda düşünür. Qarabağ istilafının 30 ilə yaxın çözülməməsinin əsas səbəbi də ta Qorbaçov dönəmindən üzü bəri məhz Moskva idi.

Ermənilər bundan ciddi dərs götürməlidirlər. Axı onlar illərlə Kremlin işğala, ilhaqa dəstək verəcəyini xəyal edirdilər. Bundan ötrü hətta Rusiyanın regiondakı vassalı, yeganə marioneti olmağa, özlərinin bütün iqtisadiyyatını şimal qonşunun nəzarətinə verməyə razı olmuşdular. Acı nəticə ortadadır: “İt də getdi, ip də”. Üstəgəl, Ermənistan 44 günlük müharibədəki acınacaqlı kapitulyasiyadan sonra faktiki böhranın dibindədir, heç 1 nömrəli müttəfiq Rusiya da ona kömək edə bilmir…

Məğlub ölkə belə fəlakətli duruma görə sözsüz ki, ilk növbədə özünü qınamalı, bu cür sonluqda uzun illər apardığı işğalçı siyasətini səbəb qismində görməlidir. Və anlamalıdır ki, bu siyasətdən vaz keçmədikcə pisliyi yenə özünə, yaxşılığı isə Rusiyaya edəcək. Hansı Rusiya ki, ona xoşbəxtlik gətirməyəcək.

Zaman-zaman yazdığımız kimi, erməni xalqının səadəti, dinc və əmin-amanlıq içində varlığı həmsərhəd olmayan uzaq Rusiyaya yox, qonşu Azərbaycan və Türkiyəyə bağlıdır, Bakı və Anlara ilə birgə olmaqda, onlarla eyni istiqamətdə addımlamaqdadır. Bütün bu olanlardan sonra gerçəkdən də İrəvan üçün Türkiyə, Azərbaycanla danışmaq, anlaşmaq İrəvandan ötrü indi həyati önəm kəsb edir.

Daha bir səbəb: supergüc Türkiyə regionda artıq Rusiya qədər önəmli, vazkeçilməz dövlətdir. Üstəlik, qardaş ölkə bölgə və onun hər üç ölkəsi ilə bilavasitə həmsərhəddir. Rusiya isə yalnız Gürcüstanla, o da 2008-ci ildə ilhaq elədiyi Cənubi Osetiya və Abxaziya vasitəsilə qapıbir qonşudur.

Gürcüstan-Rusiya sərhədi çətin ki, açılsın, çünki Moskva iki separatçı qurumu “müstəqil dövlət” kimi tanıyıb və orada özünün böyük hərbi kontingentini yerləşdirib. Nəticədə iki ölkə arasında əlaqələr qeyri-müəyyən müddətə pozulub. Tiflis-Moskva münasibətlərinin altını isə yenə ən çox satellit Ermənistan çəkir. Ona görə ki, Rusiyadan Ermənistana Abxaziyadan (Gürcüstandan) keçməklə gələn dəmiryolu konflikt ucbatından on illərdir işləmir. Ümid qalır, Azərbaycan vasitəsilə Rusiyaya çıxışa – hansı ki, 10 noyabr və 11 yanvar üçtərəfli sənədlərində əksini tapıb…

Qısası budur ki, Türkə qarşı patoloji nifrətə yoluxmuş ermənilər bir azca praqmatik olsalar, Bakı və Ankara ilə dil tapmaqdan başqa ayrı yollarının qalmadığını birdəfəlik anlayarlar. Bu, hər şeydən öncə coğrafiyanın, xəritənin diktəsidir və belə də qalacaq.

Siyasət emosiyanı sevmir, soyuq ağlı və məntiqi tərcih edir. Rəsmi İrəvanın bunu dərk eləməsinin zamanı çoxdan çatıb. Zira, “karta” artıq erməni dövlətçiliyi qoyulub. Daha dəqiqi, onun qalıqları. Türkiyə və Azərbaycanla barışıq olmasa, Ermənistan dəfn olunacaq…

Hamısını Göstər

Related Articles

Back to top button