Faydalı sandığınız bu qida ürəyi məhv edir

Tibb elmləri doktoru, kardioloq Lars Sonderqaard rasionda qəlyanaltıların vacibliyini vurğulasa da, bəzi populyar seçimlərin ürək üçün ciddi risk yaratdığı barədə xəbərdarlıq edib.
Musavat.com “Parade” nəşrinə istinadən xəbər verir ki, həkimin sözlərinə görə, bir çox insanın protein mənbəyi kimi seçdiyi qaxac edilmiş ət ürək sağlamlığı üçün ən zərərli qidalardan biridir.
Bu məhsulun tərkibində yüksək miqdarda natrium (duz) olduğunu bildirən mütəxəssis, artıq duz qəbulunun qan təzyiqini yüksəltdiyini, bunun isə infarkt və insult riskini artırdığını qeyd edib.
Məlumata görə, cəmi bir tikə qaxac edilmiş mal ətində 356 mq natrium var ki, bu da gündəlik normanın əhəmiyyətli hissəsini təşkil edir.
Bundan əlavə, kardioloq bu növ qəlyanaltıların tərkibindəki əlavə şəkər və doymuş yağlara da diqqət çəkib:
“Mən pasiyentlərimə tərkibində trans yağlar, doymuş yağlar, rafinə olunmuş şəkər və natrium yüksək olan hər şeydən uzaq durmağı məsləhət görürəm. Qaxac edilmiş ətin əsas problemi odur ki, kiçik bir porsiyada bu üç mənfi amilin hamısı birləşir”.
Sonderqaard qeyd edir ki, xüsusilə yüksək qan təzyiqi və xolesterini olan şəxslər bu qidadan qətiyyən uzaq durmalıdırlar.
O, alternativ olaraq ürək üçün faydalı olan üç əsas qəlyanaltını tövsiyə edib: moruq/qaragilə, tünd şokolad və balıq konservləri.
Bu qidalar antioksidantlar və Omeqa-3 yağ turşuları ilə zəngin olduğu üçün qan təzyiqini tənzimləməyə və “pis” xolesterini azaltmağa kömək edir.
Ürək sağlamlığınızı qorumaq üçün qəlyanaltı seçərkən diqqətli olmağınız tövsiyə olunur.
Polise.az



