FHN Bakıda baş verən ağır qəza barədə məlumat yayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
FHN-dən APA-ya verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” və “Mercedes” markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib.