FHN soyuq və şaxtalı hava ilə bağlı əhaliyə xəbərdarlıq edib

Fövqəladə Hallar Nazirliyi (FHN)hazırda müşahidə edilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Polise.az xəbər verir ki, nazirlik hava şəraiti ilə əlaqədar bir sıra təhlükəsizlik qaydalarını bir daha xatırladıb.
Belə ki, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara şaxtalı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməmək, belə bir zərurət yarandıqda isə hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmaq tövsiyə olunur. Hərəkət avtomobillə həyata keçirildikdə nəqliyyat vasitəsinin texniki göstəricilərinin mövsümə uyğunluğu və kifayət qədər yanacaq ehtiyatının olması təmin edilməlidir. Qar uçqunu ehtimalı olan ərazilərdən, o cümlədən dik yamaclardan kənar gəzmək, həmçinin günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə edilir.
Eyni zamanda bildirilib ki, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.
Nazirlik əhaliyə müraciətində bir daha xatırladıb: “Qaydalara biganəlik – həyatımıza təhlükədir!”
Təhlükə zamanı 112 nömrəsinə zəng etmək tövsiyə olunur.



