General Xaçatryan Paşinyanın Rusiya ilə razılaşdırmadan Azərbaycana raket atmaq əmri verdiyini açıqladı

Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanı “gicbəsər, idiot və yalançı” adlandırıb.

“Paşinyan gicbəsərdir, idiotdur və yalançıdır,…mən daha necə reaksiya verə bilərəm?”,-general Xaçatryan Paşinyanın bəzi generalların Serj Sərkisyan və Robert Köçəryanın seçki bukletləri paylayan əlaltılarına çevrildiyi haqda dediklərinə cavab olaraq “Yerevan.today” portalına açıqlamasında belə deyib.

Xaçatryan habelə Paşinyanın müharibədən sonra Baş qərargaha Azərbaycanla sərhədləri möhkəmləndirmək barədə tapşırıq verdiyi haqda dediklərini də təkzib edib. “Biz dəfələrlə zəruri texnikanın təchizatı barədə müraciət etmişik, heç olmasa qarı təmizləmək, şəxsi heyəti mövqelərə çatdırmaq üçün, amma heç nə edilməyib. Müəyyən vəzifələrin yerinə yetirilməsi üçün vəsaitləri artırmaq lazım idi, amma artırmadılar, əksinə, planlaşdırılanı da ixtisar etdilər, vəsaitlər tapmağı vəd etmişdilər, amma heç nə etmədilər”,-Tiran Xaçatryan bildirib.

Qeyd edək ki, general Xaçatryan “İsgəndər” raketləri ilə bağlı Paşinyanın məşhur çıxışına güldüyü üçün istefaya göndərilmişdi. Paşinyan bildirmişdi ki, müharibə zamanı Azərbaycana atılan “İsgəndər” raketləri ya partlamayıb, ya da “10 faiz partlayıb”.

İndi Xaçatryan Paşinyanın orduya həmişə diqqət göstərdiyi barədə dediklərinin də yalan olduğunu bildirir. “Bir dəfə də, bir saniyə də bizə dəstək göstərilməyib. Ən primitiv təminat vəzifələri də yerinə yetirilməyib. Cəbhə komandanı olaraq mən şəxsən xahiş etmişdim ki, döyüşlərdən qaçanları dayandırmaq üçün manelər qursunlar, dəstələr yerləşdirsinlər. Hətta bunu də eləmədilər. Mən hələ silahlar və sursatlar, diplomatik kanallardan istifadə və müvafiq işlərin aparılmasını demirəm”,-general vurğulayıb.

Tiran Xaçatryan qeyd edib ki, ancaq ali baş komandan istənilən tip raketin buraxılmasına icazə verə bilər. “Raket buraxılması barədə vəzifə qarşıya qoyuldu və bu fəaliyyəti ruslarla razılaşdırmaq problemi meydana çıxdı, o dedi: “Ruslar kimdir belə? Mən burada hər şeyi həll edirəm”. O, özünü bax belə aparırdı”,-Xaçatryan deyib.

Erməni general hansı tip raketlərdən söhbət getdiyini dəqiqləşdirməyib. Lakin ehtimal edilir ki, söhbət məhz “İsgəndər” operativ-taktiki raketlərindən gedə bilər. Çünki Rusiyanın Ermənistana verdiyi “İsgəndər-M” raketlərinin kodlarını özündə saxladığı haqda ehtimallar çoxdandır mövcud idi. Bəlli olduğu kimi, həmin raketlərdən ikisinin qalıqları Şuşa ətrafında aşkar edilmişdi.

Hamısını Göstər

Related Articles

Back to top button